Bu barədə Müstəqil.Az-a AYB katibi Səlim Babullaoğlu məlumat verib
Bizə açıqlamasanda şair, tərcüməçi, Azərbaycan Yazıçılar Birliyinin beynəlxalq əlaqələr üzrə katibi Səlim Babullaoğlu deyib ki, Ana Blandianın ölkəmizə səfəri və onun ana dilimizdə nəşr olunan ilk kitabının təqdimatı olduqca vacib ədəbiyyat hadisəsidir: “Ana Blandiana XX əsrin II yarısı rumın ədəbiyyatının görkəmli nümayəndəsi, Avropa şeirinin necə deyərlər canlı klassikidir, adı Çeslav Miloş, Zbiqnev Herbert, Çarlz Simik, Adonis və başqa dünyaca məşhur şairlərlə birgə çəkilən ədibdir. Xanım Blandiananı Rumıniyanın ölkəmizdəki səfiri cənab Vasile Soraenin vasitəsilə Bakıya dəvət etdim və o da sağ olsun, dəvətimi məmnuniyyətlə qəbul etdi.
Xanım Blandiananın səfəri ilə bağlı çox yaxşı proqram hazırlamışıq. Əvvəla ordan başlayım ki, Ana Blandiananın müxtəlif kitablarından seçilmiş 70 şeirinin daxil olduğu “İndi mən sənə ibadət edirəm” adlı şeir kitabını nəşr etdik. Şeirləri rus və ingilis dillərindən mən, rumın dilindən həmkarım Jalə İsmayıl çevirib. Gözəl tərtibat və nəfis poliqrafiya ilə işıq üzü görən kitabı “Qanun” nəşriyyatı çap edib. Rumıniyanın ölkəmizdəki səfiri cənab Vasile Soare kitaba qısa giriş, mən isə geniş ön söz yazmışam.
İki gün sonra Bakı Kitab Mərkəzində şairə ilə görüş, çox yaxşı musiqili poeziya axşamı keçiriləcək, Azərbaycan və Avropa bəstəkarlarının əsərlərinin ifa olunacaq.
Eyni zamanda çox maraqlı rəsmi və qeyri-rəsmi görüşlər keçiriləcək.
Xanım Blandianın Azərbaycan Yazıçılar Bilriyinin çətiri altında təşkil olanan “Bakı görüşləri”nə Rumıniyanın Bakıdakı səfirliyi, Rumıniya Mədəniyyət İnstitutu, Bakı Kitab Mərkəzi dəstək veriblər.
“Reaksiya Media Group”, Səməd Vurğunun Ev Muzeyi, Vaqif Səmədoğlu Mərkəzi, Şirvan Xeyriyyə Cəmiyyəti, “Agazza” Modalar Evi, “Ədəbiyyat qəzeti”və qəzetin saytı, “525-ci qəzet” , www. mustaqil.az və www. azyb.az saytları informasiya və təşkilati dəstək göstəriblər. Dostlarım və həmkarlar çox yaxşı dəstək veriblər. Hələlik hamıya ümumi şəkildə təşəkkür edirəm. Görüşlər bitəndən sonra mətbuata daha geniş açıqlama verəcəm, sağlıq olsun…”
Ana Blandiana kimdir:
Ana Blandiana (rum. Otilia-Valeria Coman; sonradan: Rusan) – dünya şöhrətli rumın şairəsi, yazıçı, ictimai xadim, insan haqları müdafiəçisidir.
1942-ci il martın 25-də Rumıniyanın Timişoara şəhərində anadan olub. Atası keşiş George Koman (Gheorghe Coman) 1940-cı illərdə kommunist rejimi tərəfindən repressiyaya məruz qalıb, dəfələrlə həbsxanaya salınıb, “xalq düşməni” kimi damğalanıb. 1964-cü ildə sonuncu həbsdən azad olunandan bir neçə gün sonra bədbəxt hadisə nəticəsində həlak olub.
Ana Blandiananın əsərləri kommunist diktator Nikolae Çauşesku (Nicolae Ceauşescu) rejimi tərəfindən dəfələrlə qadağan edilib, özü və yaxınları təqib olunub. “Birinci şəxsin cəmində” (1964), “Üçüncü sirr” (1969), “50 şeir” (1970), “Oktyabr, noyabr, dekabr” (1972), “İşıldaquş gözləri” (1981), “Qum saatı” (1984), “Şikar ulduzu” (1986), “Ölümdən sonrakı səhər” (1996), “Günəşdən sonra” (2000), “Mənim vətənim” (2010), “Məlum mövzuda variasiyalar” (2018) və başqa şeir kitablarının, “Güzgülü dəhlizlər” (1983), “Olmaq və görünmək” (2005), “Ədəbiyyat qorxusu” (2006), “İlin fəsilləri” (1977, 2001), “Keçmiş layihələr” (1982), “Qorxunun təqlidi” (1995), “Fantastik hadisələr” (2016) kimi esse və hekayə kitablarının müəllifidir.
Rumın dilində 28 kitabı nəşr edilib. Əsərləri 30-dan artıq dilə çevrilib, fərqli dillərdə 60 kitabı çap olunub. Ana Blandiana dünyanın ən məşhur ədəbiyyat və poeziya festivallarında iştirak edib. Əsərləri ABŞ, Birləşmiş Krallıq, Türkiyə, Almaniya, İtaliya, İspaniya, Belçika, Avstriya, Çin, Yaponiya, İsrail, Albaniya, Fransa, Hollandiya, Polşa, Macarıstan, Bolqarıstan, Çexiya, Slovakiya, Braziliya, Kuba, Suriya, Yunanıstan və digər ölkələrdə nəşr olunan nüfuzlu ədəbi dərgilərdə, antologiyalarda yer alıb.
Yaradıcılığı boyu Rumıniya Yazıçılar İttifaqının “Poeziya” (1969), Rumıniya Akademiyasının “Poeziya” (1970), Buxarest Yazıçılar Assosiasiyasının “Proza” (1982), Avstriyanın beynəlxalq “Qotfrid fon Herder” (1982), Rumıniyanın “Milli Şeir Mükafatı” (1997), “Opera Omnia” (2001), Sloveniyanın beynəlxalq “Vilenitsa” (2002), Polşanın beynəlxalq “Avropa Azadlıq Şairi” (2016), Kanadanın “Qriffin (2018), Makedoniya Struqa Poeziya Festivalının “Qızıl Çələng” (2019) mükafatlarına layiq görülüb.
“Yüksək ədəbi nailiyyətlərinə və milli mədəniyyətin inkişafındakı töhfələrinə görə” Rumıniyanın “Böyük xaç” ordeni ilə təltif olunub (2000), Fransanın “Fəxri Legion Ordeni”nin (2009) sahibidir.
Babeş-Bolyay Universitetinin (Rumıniya), Salamanka Universitetinin (İspaniya) və İ.L.Karacale Milli Teatr və Kinematoqrafiya Universitetinin (Rumıniya) fəxri doktoru, Rumıniya Akademiyasının müxbir üzvüdür.
1990-cı ildə Rumıniya PEN Mərkəzini yaradıb, hazırda təşkilatın fəxri sədridir. Avropa Poeziya Akademiyasının, “Stefan Mallarme” Poeziya Akademiyasının və UNESCO Dünya Şeir Akademiyasının üzvüdür.
Həyat yoldaşı, yazıçı Romulus Rusanla (1935–2016) birlikdə 1993-cü ildə Sigetu Marmatsia şəhərində yerləşən, əvvəllər siyasi həbsxana kimi tanınan yerdə Kommunizm Qurbanları və Müqavimət Memorialını yaradıb, Rumıniyada vətəndaş cəmiyyətinin formalaşmasında xüsusi rol oynamış “Vətəndaş Alyansı”nı da təsis ediblər.
Müstəqil.Az
.