Meksika mətbuatında Qərb KİV-lərinin ikili standartlarından bəhs edilib

Meksika mətbuatında Qərb KİV-lərinin ikili standartlarından bəhs edilib

Meksika mətbuatında Qərb KİV-lərinin ikili standartlarından bəhs edilib

Meksikanın tanınmış “Milenio” qəzetində “Maskalar düşdü? Azərbaycan niyə Qərb mediasında “çirkin ördək balası”dır?” sərlövhəli məqalə dərc olunub.

Azərbaycanın Meksikadakı səfirliyindən -ya bildirilib ki, bu ölkənin ən nüfuzlu ali təhsil ocaqlarından biri olan Meksika Milli Muxtar Universitetinin professoru, siyasi şərhçi Talya İşcanın müəllifi olduğu məqalədə hazırkı geosiyasi şəraitdə Qərb mediasının mühüm rol oynadığı, söz azadlığı və demokratiyanın dayağı kimi təqdim edildiyi, lakin bəzi beynəlxalq münaqişələrin işıqlandırılmasında, xüsusilə Azərbaycanın Qarabağ regionu ilə bağlı narahatlıq doğuran ikili standartların müşahidə edildiyi vurğulanır.

Yazıda Azərbaycanın otuz ildən artıq erməni işğalından əziyyət çəkdiyi, bu işğal nəticəsində yüz minlərlə insanın öz ev-eşiyindən didərgin düşdüyü, Azərbaycanın mədəni irsinin məhv edildiyi, həmin ərazilərin minalandığı bildirilir, buna baxmayaraq Qərb mediasında məlumatların qərəzli və təhrif olunmuş formada yayılmasının təəccüb doğurduğu, öz ərazilərini azad etdikdən sonra Azərbaycanın Qərb mediasında “təhlükə” kimi qələmə verildiyi qeyd olunur.

Məqalədə Qərb mediasının bu yanaşmasının Ukraynaya münasibətdə tamamilə fərqli olduğu, münaqişənin ilk günlərindən etibarən Ukraynanın qeyd-şərtsiz dəstəkləndiyinin, ərazi bütövlüyünün müdafiə edildiyinin müşahidə edildiyi bildirilir və Ukrayna, Moldova və Gürcüstanın ərazi bütövlüyünün dəstəkləndiyi halda, nəyə görə Azərbaycanın ərazi bütövlüyünün göz ardı edildiyi sual edilir. Cavabın isə bu medianın xidmət etdiyi siyasi gündəmdə gizləndiyi, Ukrayna məsələsində Rusiyanın təsirinə qarşı çıxmağın Qərbin maraqlarına uyğun olduğu, bunun əksinə olaraq, Azərbaycanın öz suverenliyini və ərazi bütövlüyünü bərpa etməsinin Avropa üçün əlverişsiz göründüyü bildirilir. Müəllif Azərbaycanın həqiqi müstəqilliyinin və hazırda dünyada şahidi olduğumuz geosiyasi döyüşdə heç bir düşərgəyə qoşulmamasının bəzi böyük dövlətləri qıcıqlandırdığını qeyd edərək, belə görünməsinə baxmayaraq, Azərbaycana qarşı bu cür qərəzli yanaşmaların kökündə sırf islamofob yanaşmaların dayanmadığına inanmaq istədiyini vurğulayır.

Məqalədə bu cür informasiyaların yayılmasının arxasında iqtisadi, xüsusən də hərbi sənaye sahəsində maraqların da gizləndiyi, son dövrlərdə Avropa İttifaqının Ermənistana silah tədarükü ilə bağlı səylərinin regionda sülhü dəstəkləmək əvəzinə, silahlanmanı təşviq etməsinin, regionda sülh prosesinin çətinləşdirilməsinin göstəricisi olduğu bildirilir. Həmçinin, bu hərbi səylərin əsas məqsədi sabitliyi təşviq etmək olan, lakin hazırda hərbi eskalasiyanı təşviq edən Avropa Sülh Fondu vasitəsilə maliyyələşdirilməsinin ironik olduğu qeyd olunur, Avropa İttifaqının Azərbaycana qarşı hədələyici ritorikasının diplomatik dialoqa xələl gətirdiyi və hər iki tərəfə xeyir verməyərək mənfi reaksiyalara səbəb ola biləcəyi bildirilir.

Yazının sonunda Qərb mediasına öz yanaşmalarını nəzərdən keçirməyə və iddia etdikləri obyektivlik və qərəzsizlik prinsiplərinə sadiq olmağa çağırış edilir, ikili standartların nəinki reallığı təhrif etdiyi, həmçinin lazımsız münaqişələri davam etdirdiyi vurğulanır.

Share: