Elə qəşəng olur ki,ayrılığın səhəri…-şair Habil Rzanur Mustafayevdən şeirlər…

Müstəqil.Az istedadlı şair HABİL RZANUR MUSTAFAYEVİN bir neçə şeirini təqdim edir:

MƏKTUB…

Eşidirsən…?
Allahı necə inandıraq ki,
Uşaq olmaq, uşaq ölməkdən yaxşıdı.
Vallah yorulmuşam ipini mərmi qıran çərpələngləri toplamaqdan.
Deyirəm, bəlkə dualarımızın sonuna sual işarəsi qoyaq?
Bu qədər susmaq olmaz axı…

Hələ Afrikadakı qartalları leyləyə döndərməyini istəyək
Leyləklər uşaq gətirə bilir, uşaq əti yemir.
A kişi, beş-on top mərmisinə bulud dağıdan adamlarıq.
Məyər beş-on buludu cənuba qova bilməz ki?

Eşidirsən…?
Deyəsən bizi eşitməzliyə vurub.
Sən də eşitməzliyə vur.
Bilirəm, borc içində batırsan.
Mən də bahalı papiros çəkirəm.
Sənin borcunla mənim ölümüm qardaş imiş.

Eh… indi bizə baxıb,
“Kaş cəhənnəmi biraz böyük yaradardım” deyə düşünür o da.
Ovcumuzdan da cənnət ətri gəlir,
Cənnət də anaların ayaqı altındadır.
Necə olacaq görəsən?

Dayam… dayan!!!
Deyəsən azan səsidi, kimsə Allahı çağırır.
Yenə susacaq.
Gedim hay verim, gəlirəm…

…………………………….

SALAM,ÇOX DARIXMIŞAM…

Nə sənə zəng çatmadı,
Nə də Allaha duam.
Nə sən Allah deyilsən,
Nə də Allah sən deyil.

Bir aman vermədin ki,
Günahlarımı yuyam.
Mən səndən nigaranam,
O, məndən küsən deyil.

İndi kimi sevim ki,
Günahım tez yuyulsun.
Sən bir sirr açıram,
Bax aramızda qalsın.
Səndən sonra öyrəşdim,
Elə onu sevməyə.
Oda məndən beşbetər,

Tənhalıqla əlləşir.

Biraz bacarıqsızam.
O işində ustadır,
Anlayır bu işləri,
Ustalıqla əlləşir.

Şair kimi yazmıram
Bu məktubu inan ki,
Darıxan şair olmaz.
Mənim şairliyim də
Səninlə getdi sanki.
Gül kimi məhhəbbəti,
Şeirin ümidinə buraxan, şair olmaz.
Beş on cümlə yazmışam,
Hamısı da yalandı.
Bircə müqəddəsliyin,
Yalan deyil bilirsən.
Əsl şairlər kimi siqar-siqar bitirəm.
Ciyərimi yandıran,
O müqəddəs tərsliyin,
Yalan deyil bilirsən.
Yazmadım ha, oxuyub
Cavab yazasan deyə…
Yazmadım ha, ölürəm,
Can verirəm, xəstəyəm.
Yazdım xəbərin olsun ölməyi bacarmadım,
Hələ ayaq üstəyəm.
Günümə bax bir mənim,
Guya məktub yazmışam,
Salamı yaddan çıxıb.
Neyləyək, karıxmışam
Salamsız məktub olar…!?
Salam;
Çox darıxmışam…

——————-
ŞƏHİD QOXUYAR
 Analar vərdişin dəyişər əlbət,
Daha corab deyil, kəfən toxuyar.
Boyunlar bükülü qalacaq bu yaz,

Bu yaz, bənövşələr, şəhid qoxuyar.

Quşlar da utanar cəh-cəh vurmağa,
Bülbülün nəğməsi ağıya dönər.
Arının çiçəkdən çəkdiyi şirə,
Zəhərə çevrilər, ağuya dönər!

Ya qəbir daşıyam, ya səbr daşı! .
Səbrim kəsilməsin, səbrim daralıb.
İlahi, nə qədər şəhid əkmişik,
Bəhrəsi səngərdən o tayda qalıb.

Analar vərdişin dəyişər əlbət.
Daha corab deyil, kəfən toxuyar.
Boyunlar bükülü qalacaq bu yaz,
Bu yaz, bənövşələr, şəhid qoxuyar.!!!

…………………………….

ELƏ QƏŞƏNG OLUR Kİ…

Elə qəşəng olurki ayrılığın səhəri,
Çarpayın da tərtəmiz,
BiRcə qırışı olmur.
Dünya dediyin şeyin, səninlə işi olmur.
Otaqın səndən küsür,
Yatağın səndən küsür.
Xəyalındakı ailən, uşağın səndən küsür.
Sən isə öz özündən,
Hər kəlmən, hər sözündən,
Lap həyatın özündən, elə rahat küsürsən.
Bir metr ip gəzirsən!!

Təsəlli baş daşları, papiros kötükləri,
Aşıb daşan külqabı.
Gülündən qopardılan, yanı çatlaq gülqabı….

Ağzın da zəhər dadır,
Mədənin qıcqırtısı.
Lap təzəcə doğulmuş,
O körpə ayrılığın, göz yaşı, hıçqırtısı..

Elə qəşəng olurki ayrılığın səhəri,
Ölümlə arandakı məsafə bircə qarış.
Daxilində anandan,
Daxilində atandan,
Daxilində bacından, nə olar ölmə deyə,
Hönkürtülü yalvarış.

Elə qəşəng olurki ayrılığın səhəri,
Səni səndən gizləmir.
Nə günəş şəfəqləri,
Nə səhərin saflığı, bu qəmi təmizləmir!

Yarıaçıq pəncərə…..

Otaq səndən üşüyür,
Gecə yuxusuz olan,
Gecə sevgisiz qalan,
Yataq səndən üşüyür.

Üşüyər dodaqların.
Ölüm səndən utanar.
Elə zülüm çəkərsən,
Zülüm səndən utanar.

Elə qəşəng olurki ayrılığın səhəri,
Sonsuz hesab etdiyin bir sevginin sonusan.
Daha başa düşürsən,
İxtisasın ayrılıq,
Sən öz ixtisasının qırmızı diplomlusu,
Ayrılıq məzunusan!

Elə qəşəng olur ki……

Share: