Dövlət Neft Fondunun (ARDNF) 2024-cü il büdcəsində neftin və qazın Azərbaycan Respublikasının ərazisi ilə ötürülməsindən əldə edilən gəlirlərin 14,2 mln. ABŞ dolları və ya 24,2 mln. manat həcmində olması proqnozlaşdırılır ki, bu da manat ifadəsi ilə 2022-ci ilin müvafiq icra göstəricisindən 17 mln. manat və ya 235,8%, 2023-cü ilin təsdiq edilmiş büdcəsindən 8,9 mln. manat və ya 58,1% çoxdur.
“-Economics” xəbər verir ki, bu barədə “Azərbaycan Respublikası Dövlət Neft Fondunun 2024-cü il büdcəsinin layihəsinə Hesablama Palatasının rəyi”ndə əks olunub.
Rəydə qeyd edilir ki, 2023-cü ildə tranzit gəlirlərinin məbləği ilkin olaraq 13,9 mln. ABŞ dolları və ya 23,6 mln. manat nəzərdə tutulub, Fondun büdcəsinə dəyişiklik zamanı bu gəlir maddəsində müvafiq dəyişiklik edilərək 9 mln. ABŞ dolları və ya 15,3 mln. manata kimi azaldılıb. 2023-cü ilin 9 ayında bu gəlir maddəsi üzrə icra 5,5% və ya 0,5 mln. ABŞ dolları təşkil edib ki, səbəb kimi Rusiya-Ukrayna münaqişəsi ilə əlaqədar Qara dənizdə daşınmalarda yaranmış məhdudiyyətlər səbəbindən Qərb ixrac boru kəməri ilə daşımaların aşağı olması göstərilib.