Mərkəzi Bank dövlət istiqrazları üzrə qiymətləndirilmiş gəlirlilik əyrisinin dərcinə başlayır

Mərkəzi Bank dövlət istiqrazları üzrə qiymətləndirilmiş gəlirlilik əyrisinin dərcinə başlayır

Mərkəzi Bank dövlət istiqrazları üzrə qiymətləndirilmiş gəlirlilik əyrisinin dərcinə başlayır

Azərbaycan Respublikasının Mərkəzi Bankı ilk dəfə olaraq özünün internet səhifəsində həftəlik əsasda dövlət istiqrazları üzrə qiymətləndirilmiş gəlirlilik əyrisinin (https://www.cbar.az/home/chart?language=az) dərcinə başlayır.

“-Economics” xəbər verir ki, gəlirlilik əyrisi hər iş həftəsinin ilk günündə saat 16.00-dək açıqlanacaq.

Gəlirlilik əyrisi milli valyutada dövlət istiqrazlarının ilkin və təkrar bazarda baş tutan əqdləri üzrə müşahidələr əsasında qiymətləndirilir. Gəlirlilik əyrisi müxtəlif müddətlər üzrə istiqrazın gəlirliliyini əks etdirən mühüm maliyyə bazarı göstəricisidir. Bu göstərici bazar iştirakçılarının faiz dərəcələri, pul siyasəti ilə əlaqədar qərarlar, inflyasiya, habelə iqtisadi artımla bağlı gözləntilərini əks etdirir. Gəlirlilik əyrisi investorlar üçün risklərin, həmçinin gəlir və itkilərin qiymətləndirilməsi baxımından əhəmiyyətlidir. Belə ki, gəlirlilik əyrisində olan faizlər investorlar üçün istinad (risksiz faiz dərəcələri) hesab olunur. Bununla yanaşı iqtisadi göstəricilərin proqnozlaşdırılması, pul siyasətinin transmissiyasının effektivliyinin qiymətləndirilməsi zamanı gəlirlilik əyrisinin forması önəmli məlumat mənbəyidir.

Gəlirlilik əyrisi Mərkəzi Bankın İdarə Heyəti tərəfindən təsdiq edilən “Gəlirlilik əyrisinin qiymətləndirilməsi və dərc olunması Qaydaları” əsasında qiymətləndirilir. Gəlirlilik əyrisinin qrafik təsviri ilə yanaşı əyrinin qiymətləndirilməsində istifadə olunan modelin (“Nelson-Siegel”) parametrləri də Mərkəzi Bankın internet səhifəsində yayımlanacaqdır.

Beynəlxalq təcrübədə mərkəzi banklar tərəfindən gəlirlilik əyrisinin qiymətləndirilməsi və dərc olunması həyata keçirilir. Qeyd edək ki, gəlirlilik əyrisinin qiymətləndirilməsi zamanı tətbiq olunan model və istifadə olunan müşahidələrə dair beynəlxaq qurumların ekspertlərinin rəyi də nəzərə alınmışdır.

Share: