Həyatımın “Zəfər Qurultayı” sevinci

Həyatımın “Zəfər Qurultayı” sevinci

Azərbaycan Müəllimlərinin XVI Qurultayı ölkəmizin təhsil strategiyasının banisi, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuşdur.Məhz bu böyük amil qurultayın iştirakçısı kimi qəlbimizi qürur hissi ilə doldurur. Biz bu hadisəni böyük fəxrlə qeyd edirik.

Eyni zamanda, müəllimlərin bu ali məclisi Azərbaycanın ərazi bütövlüyünün tam bərpa olunması dövründə keçirilən ilk Müəllimlər Qurultayı kimi tarixə düşmüşdür. Bu şanlı tarixi dövr qarşıya yeni imkanlar və vəzifələr qoyur. Bu fikir Qurultayın qətnaməsində də qeyd olunmuşdur.Azərbaycanın sosial-iqtisadi qüdrətinin artması, təhsil sahəsində davamlı islahatların intensiv xarakter alması, rəqabətli insan kapitalının formalaşması, işğaldan azad edilmiş ərazilərimizdə təhsilin bərpası və inkişafı istiqamətində əhəmiyyətli addımların atılması ilə xarakterizə olunur.
Dövlət başçısının Qurultaya təbrik məktubu da elm və təhsilə göstərdiyi böyük diqqət və qayğının parlaq təzahürü, təhsil sektorunun inkişafının dövlət siyasətinin əsas prioritetlərindən biri kimi nəzərə alınmasının bariz nümunəsidir.
Qurultayda hesabat məruzəsində.diqqətlə dinlədik. Hesabat məruzəsində elm və təhsil sahəsində nəzərdə tutulan strateji istiqamətlər üzrə həyata keçirilən islahatlar, qazanılan nailiyyətlər obyektiv mövqedən işıqlandırılmış və qarşıda duran əsas çağırışlar dəqiq müəyyənləşdirilmişdir. Ötən müddətdə təhsilin inkişafı sahəsində mühüm addımların atılmış, bütün pillə və səviyyələr üzrə təhsilin keyfiyyət göstəriciləri yüksəlmiş, əhatəlilik artırılmış, səmərəli idarəetmə və maliyyələşmə modelləri tətbiq edilmiş, kadr potensialı səriştə və kompetensiya baxımından gücləndirilmiş, müəllim fəaliyyəti qiymətləndirilmiş və stimullaşdırılmış, təhsil infrastrukturu müasirləşdirilmiş, işğaldan azad edilmiş ərazilərdə təlim-tədris prosesinin bərpası baxımından sistemli tədbirlərin həyata keçirilir. Elm və təhsil sahəsində əhəmiyyətli nailiyyətlərin qazanıldığını, bu sahədə siyasətin vacib göstəriciləri olan əhatəlilik, keyfiyyət, əlçatanlıq, bərabər imkanlar və səmərəlilik sahəsində müsbət dinamikanın əldə olunduğu xüsusi olaraq vurğulandı.
Qurultay biz təhsilverənlərə əhəmiyyətli mesajlar verdi. Ümummilli lider Heydər Əliyev irsinin daha dərindən öyrənilməsi, Azərbaycançılıq ideologiyasının təbliği, Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə, mədəniyyətinə məhəbbət, milli-mənəvi dəyərlərə hörmət hissinin aşılanması, Vətənə sədaqət və vətəndaşlıq mövqeyini formalaşdırması qarşımızda duran ən mühüm vəzifələrdir.
Qurultayın 2-ci günü panel sessiyalarında əhəmiyyətli mövzuların müzakirəsi oldu.İşğaldan azad edilmiş ərazilərə ” Böyük Qayıdış” mövzusunda müzakirələr Qurultayın diqqət mərkəzində idi. Azərbaycan dili və ədəbiyyatı müəllimi kimi “Azərbaycan dili yeni çağırışlar müstəvisində ” və ” Azərbaycan dili və ədəbiyyat fənlərinin tədrisinə yeni yanaşmalar” adlı sessiyada iştirak etdim.
100 illik yubileyini qeyd etdiyimiz Ümummilli lider Heydər Əliyev deyirdi:” Mən yer üzündə müəllimdən yüksək ad tanımıram . Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır.” Bəli, biz çalışmalıyıq ki, müəllim qəlbinin hərarəti heç zaman sönməsin !
İnanırıq ki, Azərbaycan təhsili keyfiyyət göstəricilərinə, əhatəliliyinə və rəqabət qabiliyyətliliyinə görə aparıcı təhsil sistemlərindən birinə çevriləcəkdir.

Məhbubə Şahbazova,
Azərbaycan Müəllimlərinin XVI Qurultayının nümayəndəsi

Share: