Vaqif Bayatlının həndəsəsiz aləmi – Azər Turan yazır…

Vaqif Bayatlı iyirminci əsrin səksəninci illərində ənənəvi baxışlar sistemini bəlli ehkamlara məhəl qoymadan dağıtdı.

Bir gün bir an gələcək
bu göy də o dağlartək
aşağıya çəkiləcək
keçir indi ordan da O,
sənin heç vaxt duymadığın
başqa göyə baxa-baxa,
ordan da başqa dünyanın
Ayı kimi çıxa-çıxa,
günü kimi doğa-doğa…
Tanrı ilə eyni dünyada yaşamaq istəyinə görə ərzdən ərşə (və ərşdən də o tərəfə) adlayan Vaqif Bayatlının fəhmində Peyğəmbər belə merac edir. Salvador Dalinin rəsm etdiyi “Ayın aydınlatdığı fəlsəfə”, yəni metafizika da elə budur.
Vaqif Bayatlı həmin o göylərin ahəngində bir yerüzü qurmaq istəyir. Bu, öz mistik və metafizik məqamında və halında ayrıca, yerlə göy arasındakı mavi boşluqda, yaşıl zolaqda “sevgidən-sevgiyə, ulduzdan-ulduza” uçan, “yorulanda göyün yaxasına qonub eşq yuxusuna gedən” Bayatlının duru və həndəsəsiz aləmidir. Bilmirəm, onu başqa cür necə adlandırmaq olar?
…Ən yaxın qonşu ulduzdan,
Bir kişi çıxır gecəyə.
Baxa-baxa bizim göyə…
…İçindən qışqırır ahı:
Allahı istəyrəm! Allahı!
Bu dünyanın
ən şirin yuxusutək,
ən ətirli dumanı,
ən ətirli qoxusutək
Allahı istəyirəm…
Sonra çatmaq bu dünyanın,
Zamanın son sahilinə,
Çatmaq, çıxartmaq başını
Bu dünyadan bir qırağa –
Allahın bizi buraxıb
Bu dünyadan birdəfəlik
Baş alıb getdiyi çağa,
Bizi neçin atdığını
Elə orda göy üzündə
Diz çöküb sormaq Allaha.

Elə o anda o kişi
Dözmür, susdurur ahını,
O beləcə heç bir gecə
Qıymır böyük Allahına –
Gedib Allaha çatmağa
İmkan vermir ahına,
Qayıdır girir evinə
Ahı doymaya-doymaya,
Salmaq istəmir Allahı
Allahın min illər öncə
Onu saldığı dünyaya…
Bu “otantik varlıq… bizləri heç bir zaman çata bilməyəcəyimiz varlığı düşünməyə yönəldən şərtdir” (Haydigger).
“Yerüzü, bütün kainatın tək ibadət yeri”dir – qənaəti təsəvvüf olsa da, Yerin Göyüzünün ən uca nöqtəsi olduğunu duymaq, bunu xəbər vermək təsəvvüf deyil, bəlkə göyüzündə yuvarlanan “yupyumru bir eşqdir”. Elə buna görə də yağış damlası kimi balaca və sıxılımış varlığın hansı mistik partlayışdan sonra “mütləq bir toza” deyil, başqa dünyalara və kainatlara çevrilməsini anlamaq üçün Vaqif Bayatlı üslubuna keçid zəruridir. Neçə illərdir ki, Orxan Vəlinin biz uyqudaykən göyüzünü rəngləyən Dalğaçı Mahmudundan fərqli olaraq, Vaqif Bayatlı Göyüzünü Yerüzünün qəmli və bir az da sürreal rəngləri ilə boyamaqdadır: “Gün işığındandı fırçası / ay işığındandı fırçasının köynəyi, donu…”
O, ədəbiyyatda və düşüncədə BÖYÜK TUFANI doğurmadı, amma milli obrazların varlığını qlobal tufanlardan – estetikalardan xilas edə bildi. Bayatlının şeirlərində doğma, çox doğma və munis bir Azərbaycan var. Elə bir Azərbaycan ki, ondan daha şairanəsi, daha poetiki Vaqif Bayatlıyaqədərki şeirimizdə ya çox nadir hallarda görünüb, ya da heç görünməyib.  “Bu dünyaya göy payıtək göydən gələn” Azərbaycan “…hər an Tanrının kirpiyilə yırğalanan anabeşik”dir ki, hamımız onun içində körpəyik, köyrəyik, çiçəyik…
Araz axar bircə-bircə,
Ölər diricə-diricə.
A bürcü-bürcü-bürcü!
A bürcü-bürcü-bürcü!
Yurdum bir ah çəkəndə
Dağları bürcü-bürcü!
Göyləri tuncu-tuncu!

… A bürcü-bürcü-bürcü!
Vətən dara düşəndə
Qırılanda dağları,
Qırılanda qılıncı
Göyə qalxıb ulayar
Analar bürcü-bürcü!
Vaqif Bayatlı Odərin qanad taxıb göyə qaldırdığı obrazlar sistemi bizdə heç də hər zaman birmənalı qarşılanmayıb. Deyiblər ki, Azərbaycan türkcəsində anaların ulaması anlayışı yoxdur. Azərbaycan dilində heç bürcü deyilən bir söz də yoxdur. Amma bu heç kəsə haqq vermir ki, Vətən dara düşəndə göyə qalxıb bürcü-bürcü ulayan analara görə durub Vaqifi qınasın. Bir halda ki, bu hadisə, hadisəni ifadə edən söz dilimizin mifik və magik yaddaşı ilə bağlı bir prosesdir. Göydən enib Oğuz xana süd verən Boz Qurd, necə ola bilər ki, Vətən dara düşəndə Göyə qalxıb və Göy üzünün üstünə qonub tuncu-tuncu göylərin altında bürcü-bürcü ulamasın?
Dilin universal mahiyyəti ondan ibarətdir ki, bu yaddaş ərazisində xalqın bütün inanc dövrləri dibə sovrulur… Olur belə! Diri yaddaş üçün bu vaqeələr şairanə və gözlənilməz deyil, real, sabit bir əsasa malik olsalar da, hər halda Arazın bircə-bircə axması da, diricə-diricə ölməsi də, göy atların göydən, ağ atların dan üzündən gəlişi də, qılıncın qayadan, Qıratın dəryadan çıxması da, Vətən dara düşəndə göyə qalxıb ulayan analar da, nəinki poeziyamız üçün, ümumiyyətlə, çağdaş Azərbaycan şeir dili üçün yeni hadisələrdir. Və onları dilimizin semiotik harmoniyasını yarada bilən iki-üç şairimizdən biri Vaqif Bayatlı yazıb. Elə ona görədir ki, Vaqifin dilində (şeirində) Araz bircə-bircə axar, diricə-diricə ölər. Çünki  Bütöv Azərbaycanın son göyüzündən görünən mənzərədə “Arazın qaçan tikanlarına ayaq qoya-qoya özümüz də ayaqyalın qaçırıq”.
Vaqif Bayatlı iyirminci əsrin səksəninci illərində ənənəvi baxışlar sistemini bəlli ehkamlara məhəl qoymadan dağıtdı. XXI yüzilin ilk şeirlərini isə “Qanad açmadan uçanlar, nəfəs açmadan sevənlər, səs açmadan oxuyanlar, yıxılırkən özündən başqa hamıya dua açanlarçün sözsüz şeirlər” olaraq yazdı. Ayrıca poetik bir sistem, yeni bir paradiqma doğurdu. Şeirimizin ana yoluna içərisində çağımızın insanları, bu insanların taleyi ilə dolu “Tanrı tramvayları”, “Göy faytonları” qoşuldu…

Share: