Sən ey 70 yaşlı əziz məktəbim, Ey elm məbədi, bilik ocağı.

Sən ey 70 yaşlı əziz məktəbim, Ey elm məbədi, bilik ocağı.

Bünövrəsi 1953-cü ildən qoyulan Xəzər rayonu Emin Əliyev adına 234 nömrəli tam orta məktəbin 70 illik yubileyi təntənəli surətdə qeyd olundu. Tədbirdə Milli Məclisin üzvü Rauf Əliyev, Axund Hacı Soltan Əlizadə, ATİAHİ Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov, Bakı Şəhəri Təhsil İdarəsinin əməkdaşı Günay Qurbanova və rayon təhsil ictimaiyyətinin nümayəndələri iştirak edirdilər.

 

Əsl bayram əhval-ruhiyyəsi ilə bəzədilmiş məktəbdə tadbir ilk olaraq məktəbin şəhid məzunu Emin Əliyevin büstünün önünə gül qoymaqla başladı. Məktəbin foyesində şagirdlərin əl işlərindən ibarət sərgi qonaqlarda xoş əhval-ruhiyyə oyatdı. Məktəbin direktoru Zülfiyyə Məmmədhüseynova qonaqları salamlayaraq tədbirə qoşulduqları üçün təşəkkür etdi. İlk olaraq çıxış üçün sözü MM-in deputatı Rauf Əliyevə verdi. Rauf müəllim məktəblə bağlı xatirələrini danışdı. O qeyd etdi ki, vaxti ilə pis vəziyyətdə olmuş məktəb dövlətin qayğısı nəticəsində əsaslı təmir olunmuş, müasir standartlara uyğun səviyyəyə gətirilmişdir. Artıq məktəb öndəgedən məktəblər sırasındadır. Xəzər rayonunda bütün məktəblər təmir olunmuşdur. Sözsüz ki, bu təhsilin keyfiyyətinə öz müsbət təsirini göstərir.
Bakı Şəhər Təhsil İdarəsinin əməkdaşı G.Qurbanova məktəbin 70 illik yubileyinin ümummmilli lider H.Əliyevin 100 illik yubileyi ilə üst-üstə düşməsinin xoş təsadüf olduğunu xüsusi qeyd edərək, məktəbin şagird və pedaqoji kollektivini təbrik etdi.


Yeni Azərbaycan Partiyasının Xəzər rayon təşkilatının sədri Namiq Əhmədov söz alaraq yubiley münasibətilə məktəbin bir neçə müəlliminə fəxri fərman və hədiyyələr təqdim etdi. Tədbirin aparıcısı – məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi, Əməkdar müəllim Kəmalə Əliyevanın çıxışını olduğu kimi təqdim edirik:
-Hər bir məktəb elm məbədi, bilik ocağıdır. Odur ki, hər bir insana onun təhsil aldığı orta məktəb doğmadır, əzizdir. Mənim üçün təhsil aldığım orta məktəblə yanaşı, bir də müəllim kimi ömrümün 30 ilini qoynunda keçirdiyim doğma, əziz məktəb var: Emin Əliyev adına 234 nömrəli tam orta məktəb… 21 yaşında pedaqoji fəaliyyətə başlamışam və 22 yaşımdan bu məktəbdə çalışıram. Gözümün nurunu, beynimin ziyasını, ürəyimin sevgisini ətrafa çiləyərək valideynlərin, şagirdlərimin və həmkarlarımın sevgi və hörmətini qazanmışam. Burada “Qabaqcıl təhsil işçisi”, “Əməkdar müəllim”, “Örnək müəllim” olmuşam. Bu il 15-16 dekabr tarixlərində Azərbaycan müəllimlərinin ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş XVI qurultayında məktəbimizi təmsil etmişəm.
Qürur duyuram ki, iki övladım da bu məktəbdə təhsil alıb.
Bu il 70 illik yubileyini qeyd etdiyimiz məktəbimizi mən qocaman xan çinara bənzədirəm.
“Belə məğrur dayanmaqda haqlıyam,
Mən kökümlə bu torpağa bağlıyam”, – deyən xan çinara… Həyata vəsiqə verdiyi minlərlə şagirdi bu qocaman çinarın qol-budağı, pöhrəsi, yarpağıdır. “Daim belə qollu-budaqlı ol, xan çinarım…” – deyə pıçıldayan ürəyimdən süzülüb gələn bu şeirim doğma məktəbimə sevgi və ehtiramımı əks etdirir.

Məktəbim
Sən ey 70 yaşlı əziz məktəbim,
Ey elm məbədi, bilik ocağı.
Qoynunda keçmişdir mənim ömrümün
Ən gözəl zamanı, ən gözəl çağı.

Məni boş işlərdən uzaqlaşdırıb
Elmin ziyasıyla dolu otaqlar.
Nur alıb həm cismim, həm də ki ruhum..
Bilik qazanmaqdan böyük zövqmü var?!.

Beynimə nur saçan hər müəllimim
Bənzəyər Günəşə, bənzəyər Aya.
Burda arzulardan qanad taxaraq
Quş kimi uçmuşam sirli dünyaya.

Burda açılıbdır xəyal yelkənim,
Dərin ümmanları üzüb keçmişəm.
Burda yoldaşlığı öyrənmişəm mən,
Tanıyıb, sınayıb dostlar seçmişəm.

Sən ey 70 yaşlı cavan məktəbim,
Nə yaxşı, ömrümdə-günümdə varsan.
Bizim sevgimizə bələnərək sən
Günbəgün daha da cavanlaşarsan.”

Məktəbə uzun illər rəhbərlik etmiş Sima xanım Mehdiyeva məktəbin tarixindən, məzunlarından, kövrək xatirələrindən danışdı.
Məktəbin adını daşıdığı şəhid məzunu Emin Əliyevin anası İbadət Əliyeva çıxış edərək qonaqları salamladı. Oğlunun adını daşıyan təhsil ocağının kollektivini yubiley münasibəti ilə təbrik etdi.
Yekun çıxışında ATİAHİ Xəzər rayon komitəsinin sədri Həzərxan Əbilov məktəbin kollektivini təbrik edərək fəxri fərmanla təltif etdi.
Tədbir şagirdlərin hazırladığı musiqi nömrəsi ilə başa çatdı.
Biz də öz növbəmizdə Xəzər rayonu Emin Əliyev adına tam orta məktəbin kollektivini 70 illik yubileyləri münasibətilə təbrik edir, uğurlar arzulayırıq.

Şərafəddin İlkin,
Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər Birliyinin üzvü,

Prezident təqaüdçüsü.

Share: