Yaxın 1 ildə Dağlıq Qarabağla bağlı siyasi danışıqlar prosesində hər hansı bir irəliləyiş baş verməyəcək.
Müstəqil.Az bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib. Ekspert bunu Ermənistanda daxili vəziyyətin hər an qarışa biləcəyi ehtimalı ilə əlaqələndirib:
“Ermənistanda və Dağlıq Qarabağda hakimiyyətdə olan müxtəlif siyasi qrupların nümayəndələri arasında ziddiyyətlər qaçılmazdır. Çünki son Qarabağ klanının nümayəndəsi Bako Saakyan olaylar fonunda Dağlıq Qarabağda hakimiyyətini möhkəmləndirməyə çalışacaq. Paşinyanın isə Qarabağda Ermənistandakına bənzər hərəkatı stimullaşdırmağa çalışacağı istisna olunmur. Hətta Dağlıq Qarabağ ermənilərinin indiki hakimiyyətdən bezdiyini nəzərə alsaq, bu, real görünür. Yəni Ermənistandakı iğtişaşlar kimi olmasa da, Qarabağda da Saakyana qarşı hansısa proseslər başlaya bilər. Saakyan bu təhlükənin qarşısını almaq naminə Paşinyanla üzdə də olsa, maksimum konstruktiv münasibət görüntüsü yaratmağa çalışacaq. Onun əsas məqsədi isə Ermənistanda hakimiyyətini möhkəmləndirməkdir. Belə olan halda Qarabağ münaqişəsinin tənzimlənməsi ikinci plana keçəcək. Aydın məsələdir ki, hər iki qrup yaxın müddətdə siyasi ritorikalarında Qarabağ məsələsindən bir vasitə kimi istifadə etməyə davam edəcəklər”.
Politoloq bildirib ki, Qarabağ məsələsi Ermənistan elitası tərəfindən daxili məqsədlər üçün istifadə olunduğu müddətdə danışıqlar prosesindən konstruktivlik gözləmək olmaz:
“Ermənistan siyasətində bu populizm, daxili siyasi çəkişmələr nə qədər ki dominantlıq təşkil edəcək, Qarabağ məsələsinin tənzimlənməsi bir o qədər gecikəcək. Yaxın 1 ildə Qarabağ prosesində hər hansı bir irəliləyiş baş verməyəcək. Ermənistanda daxili çəkişmələr davam edəcək və bu vəziyyət də son nəticədə cəbhə xəttində gərginlin artmasına gətirib çıxaracaq. Ermənilərin böyük təxribatlara yol verəcəklərini istisna etmək olmaz. Paşinyan isə cəbhədəki bu vəziyyətdən maksimum yararlanmağa çalışacaq”.
Aygun Y.