2023-cü ilin 11 ayında Blumberq platformasında banklar arasında milli valyutada 27.4 mlrd. manat məbləğində 2313 təminatsız əqd bağlanıb. Bu dövrdə banklararası REPO bazarında 4.5 mlrd. manat həcmində 1215 əqd bağlanıb.
“-Economics” xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankın 2024-cü il üçün pul siyasətinin əsas istiqamətləri barədə Bəyanatında bildirilir.
Hesabatda qeyd olunub ki, həm təminatsız, həm də təminatlı pul bazarında faizlər il ərzində faiz dəhlizinin dəyişiminə reaksiya vermişdir. İlk dəfə pul bazarında orta faizlər Mərkəzi Bankın faiz dəhlizi daxilində formalaşmağa başlamışdır. Belə ki, 2023-cü ilin dekabr ayının ötən dövründə banklararası təminatsız pul bazarında 1-3 günlük əməliyyatlar üzrə orta faiz dərəcəsi (1D AZIR) 7.5%, banklararası REPO bazarında 6-8 günlük əməliyyatlar üzrə orta faizlər (1W AINAIB) isə 7.8% təşkil etmişdir. Aparılmış təhlillər göstərir ki, müəyyən bank qrupları üzrə banklararası faizlərlə hüquqi şəxslərin manatla depozitləri üzrə faizlər eyni istiqamətdə dəyişir. Bunlar pul siyasəti qərarlarının faiz kanalı ilə ötürücülüyünün yaxşılaşdığını deməyə əsas verir.