Rusiya Federasiyası, Avropa üçlüyü (Böyük Britaniya, Fransa və Almaniya), İran və Çin İranın nüvə proqramı üzrə razılaşmanı dəstəkləyir.
Müstəqil.az “RİA-Novosti” agentliyinə istinadən xəbər verir ki, bu haqda Rusiyanın Xarici İşlər Nazirliyinin başçısı Sergey Lavrov iranlı həmkarı Məhəmməd Cavad Zəriflə Moskvada görüşü öncəsi deyib.
Onun sözlərinə görə, İranın xarici işlər naziri ilə görüşdə ABŞ-ın nüvə razılaşmasından çıxışından sonra birgə hərəkətləri müzakirə edəcək.
İranın Xarici İşlər Nazirliyinin başçısı isə bildirib ki, beynəlxalq qaydalarla məhəl qoymamaq ABŞ-ın vərdişinə çevrilib.
Xatırladaq ki, ABŞ prezidenti Donald Tramp aprelin 8-də İranla imzalanan nüvə sazişindən çəkildiklərini bəyan edib. O, iddia edib ki, nüvə sazişi İranın nüvə silahı əldə etməsinin qarşısını tamamilə almır.
“İran terror təşkilatlarını dəstəkləyir. İran dövləti terrorun sponsorudur. İran “Hizbullah”, Həmas, Taliban və “Əl-Qaidə”ni dəstəkləyir. İranla nüvə razılaşması İrana uranı zənginləşdirməyə imkan verdi. Bu, müqavilə utancvericidir. Bu, birtərəfli müqavilədir. Nüvə razılaşmasına icazə versəm, Yaxın Şərqdə silahlanma olacaq. Bu razılaşma İranın bölgə ilə bağlı planlarına maneə törətməyib. İranın nüvə bombasını əldə etməsinin qarşısını bu müqavilə ilə ala bilmərik. İranla razılaşmadan çəkilirəm”, – ABŞ-ın prezidenti Donald Tramp bildirib.
Böyük Britaniya, Almaniya və Fransanın liderləri – Tereza Mey, Angela Merkel və Emmanuel Makron sazişin bütün iştirakçılarını onu tamamilə yerinə yetirməyə çağırıblar. Rusiyanın Xarici İşlər Nazirliyi isə bəyanat verib ki, Moskva Vaşinqtonun addımından məyus olub. Həmçinin, Çin də razılaşmaya sadiq qalacağını bəyan edib.
Tehran isə bəyan edib ki, sazişin icrasını digər 5 dövlətlə davam etdirəcəklər.
Xatırladaq ki, İran və “altılıq” adlanan beynəlxalq vasitəçilərdən ibarət qrup (Rusiya, ABŞ, Britaniya, Çin, Fransa və Almaniya) 14 iyul 2015-ci ildə İranın atom probleminin nizama salınması haqqında tarixi razılaşmaya nail olub və Birgə hərtərəfli iş Planı qəbul edilib. Plan BMT-nin Təhlükəsizlik Şurası, ABŞ və Avropa İttifaqı tərəfindən qəbul edilmiş iqtisadi və maliyyə sanksiyalarının ləğvini nəzərdə tutur.
Donald Tramp sazişi dəfələrlə “ölkə tarixinin ən pis razılaşması” adlandırıb. O iddia edirdi ki, saziş İran tərəfindən nüvə silahının yaradılması imkanını tamamilə aradan qaldırmır.
Ömər Dağlı