Dünən baş tacımız  POLAD HƏŞİMOVUN doğum günü idi…

Dünən baş tacımız  POLAD HƏŞİMOVUN doğum günü idi…

Dünən  mübarək gün idi,  qəhrəmanımız, baş tacımız, Zəfər qaranquşumuz General Polad Həşimovun doğum günü idi.

Polad Həşimov Azərbaycanın, bütün Türk dünyasının qüruru, and yeridir. O böyük insan biz tovuzluların doğma qardaşı, doğma oğludur. Tovuz hadisələri başlayan gündən ordusuna, sərhəddəki əsgərlərinə dayaq olan Tovuz əhalisi ləngər vuran dərya kimiydi. Həşimovun şəhadət xəbəri o ləngəri selə-tufana çevirdi. Generalını döyünən ürəyi, görən gözü, danışan dili sanan xalq axın-axın Tovuzun Ağdam kəndinə yol aldı. Bu axının qarşısını heç nə ala bilməzdi – nə qadağalar nə də ki yağı düşmən tərəfindən tuşlanan top-tüfəng…

Doğumu mübarək olan Həşimovun şəhadəti də mübarək oldu. O mübarək ölüm özündən sonra Zəfər gətirdi. Azərbaycanın polad biləkli oğulları Polada dönərək döyüşə atıldılar, itirilmiş torpaqlarımızı, əldən verdiyimiz qürurumuzu geri qaytardılar. Qarabağ azad olduqca bu torpaqlar uğrunda canını fəda etmiş oğulların, Vətən deyə-deyə dünyasını dəyişmiş qaçqın və köçkünlərin, oğul yanğısıyla həyata vida edən ata-anaların ruhu da azadlığa qovuşdu. Bütün bunları bizə poladlarımız, mübarizlərimiz bəxş etdi.

Budur əbədilik!

Budur ölməzlik!

Budur ölümü ilə əbədiyyəti qazanmaq!

44 günlük zəfər tariximizdən sonra qazandığımız bütün qələbələrin önündə Polad Həşimovun adı çəkildi. Biz də  “Tovuz Xeyriyyə Cəmiyyəti” olaraq Polad Həşimovun adının işığında sərhəddə dayanan oğullarımızın yanına, qazi və Şəhid ailələrinə, hərbçi qardaşların ocaqlarına üz tutduq. Həşimovun şərəfli ömür və döyüş yollarını işıqlandırmaq, əbədiləşdirmək üçün kitablar, jurnallar, qəzetlər dərc edərək ictimaiyyətə çatdırmağı özümüzə borc bildik, Həşimov adına tapınaraq “Polad ürəklər” layihəsini ərsəyə gətirdik və qəhrəman oğullarımızın həyatı barədə reportajlar hazırlayaraq xalqa göstərdik.

Bu gün Azərbaycanda, Həşimovun müqəddəs qanı tökülən Tovuz küçələrində Şəhid və qazi evlərinin baş güşəsində, Şəhid adlarına ucaldılmış bulaq komplekslərində, xatirə güşələrində Polad Həşimovun mübarək fotosu ucalır. O müqəddəs fotolar bizim and yerimiz, inam yerimizdir!

Bu mübarək gün münasibətilə “Tovuz Xeyriyyə Cəmiyyəti” adından, tovuzlular adından xalqımızı, generalımızın ailə üzvlərini, Azərbaycan ordusunu təbrik edir, Şəhid generalımıza tanrıdan rəhmət diləyirik!

Nə qədər ki, Azərbaycan var, nə qədər ki, Polad Həşimovun yoluyla addımlayan, ona bənzəmək istəyən oğullar var Polad Həşimovumuz da var olacaqdır!

Ruhun şad, məkanın Cənnət olsun, baş tacımız!

“Tovuz Xeyriyyə Cəmiyyəti”

Share: