Böyük Britaniyanın ticarət naziri Türkiyəyə gedir.
xəbər verir ki, bu barədə Britaniyanın hökumət saytında məlumat verilib.
“Türkiyə ilə təkmilləşdirilmiş ticarət müqaviləsi üzrə danışıqların başlaması ərəfəsində ticarət katibi Kemi Badenok ticarət əlaqələrini gücləndirmək və xidmət ticarətinin daha da artırılması ilə bağlı danışıqlar üçün İstanbula səfər edir. Böyük Britaniya və Türkiyə arasında inkişaf edən ticarət əlaqələri var, ticarət cari qiymətlərlə 17%-dən çox artaraq 2023-cü ilin iyun ayına qədər 26,2 milyard funt-sterlinqə çatıb. İstanbulda olarkən dövlət katibi türkiyəli həmkarı ticarət naziri Ömer Bolat ilə görüşəcək”, məlumatda bildirilib.
Qeyd olunub ki, ticarət naziri İstanbulda olarkən 220 təyyarənin alınması üçün “Airbus” ilə yeni müqavilə bağlamış “Turkish Airlines”də də görüşlər keçirəcək. Türkiyənin alacağı bu təyyarələrin qanadları Bristolda layihələndiriləcək və Şimali Uelsdə hazırlanacaq, eyni zamanda, bu təyyarələr üçün Derbidə “Rolls Royce” tərəfindən istehsal olunan mühərriklər tədarük ediləcək. Milyardlarla funt-sterlinq dəyərində olan bu müqavilə Böyük Britaniyanın bu günə qədər ən böyük ixrac müqavilələrindən biridir.
“Böyük iqtisadiyyatı və strateji mövqeyi ilə Türkiyə Böyük Britaniya biznesləri üçün böyük imkanlar təqdim edir. Mən Türkiyə ilə yeni ticarət əlaqələrimizin bu imkanları açmasını təmin etmək üçün müzakirələrə başlamaqdan məmnunam”, britaniyalı nazir səfərdən əvvəl bildirib.