Yasamal rayon Heydər Əliyev Mərkəzində Bakı Şəhər Mədəniyyət Baş İdarəsi Yasamal rayon MKS-nin M.Ş.Vazeh adına Mərkəzi Kitabxanasının Fəxri oxucusu, yazıçı-publisist, şair Sevinc Ağa Xəlilqızının “Zəfər mənimdir” poemasının təqdimatı keçirildi.
Tədbir Azərbaycan Respublikasının Dövlət himninin səslənməsi ilə başlandı. Şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Tədbiri giriş sözü ilə Yasamal rayon MKS-nin direktoru, Fəxri mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru, AJB-nin üzvü Lətifə Məmmədova açaraq qonaqları salamladı. O, poemanın müəllifi S.Xəlilqızı haqqında qısa məlumat verərək qeyd etdi ki, poema Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizədə şəhid olanların əziz və unudulmaz xatirəsinə ithaf olunub və yazı ədəbi janrına görə poema-epopeyadır. 16 səhifəlik “Zəfər mənimdir” poeması Azərbaycanın 30 illik tarixini cəmləşdirib.
O qeyd etdi ki, müəllifin yaradıcılığının əsas mövzusunu vətənpərvərlik, Vətən eşqi, Qarabağ hadisələri, şəhidlər təşkil edir. Sevinc Ağa Xəlilqızı 2018-ci ildən M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusudur. Onu ən məhsuldar yazıçı adlandırmaq olar, o, kitabxananın fəxri fərmanları ilə təltif olunub.
Təqdimatda Vətən müharibəsi şəhidi, “Kobra” ləqəbli polkovnik Xeyrulla İbrahimovun anası Xalidə Zeynalova çıxış edərək bildirdi ki, bu gün biz torpaqlarımızı düşməndən azad edən şəhidlərin, veteranların, qazilərimizin işığına yığışmışıq. X.İbrahimov Birinci Qarabağ müharibəsində iştirak edib, Vətənə, xalqa xidmət edib, çoxlu sayda medal və ordenlərlə təltif edilib. 2020-ci ilin sentyabrın 27-də o, Vətən müharibəsində iştirak etdi və qanlı döyüşlərdə şəhid oldu. O, ölümündən sonra “Azərbaycan Bayrağı” ordeni ilə təltif olundu.
Poemanın müəllifi Sevinc Ağaxəlil qızı çıxışında qeyd etdi ki, “Zəfər mənimdir” kitabı onun onuncu kitabıdır. Mən Milli Qəhrəman Mübariz İbrahimova şeir yazdım və bu hadisədən sonra şəhidlərə, onların müqəddəs ruhlarına çox bağlandım. Tariximizin hər günü Vətənimiz üçün yazılmış səhifədir. Qarabağ mövzusuda yazmağa 2021-ci ildə başladım, 20 noyabr 1991-ci il tarixində baş vermiş Qarakənd faciəsinə həsr olunmuş “Əlvida söyləmədən…” kitabımda 22 şəhidin faciəsini yazdım. Vətənpərvərlik mənim qanımda, ruhumdadır. Mən 2021-ci ildə 44 günlük Vətən müharibəsinə həsr etdiyim “Könül səhifəm” kitabını yazdım. 2022-ci ildə “Türk Dünyası İnfo” İctimai Birliyinin “Ədəbiyyatda türk dünyasına verdiyi töhvələrə görə” Diplomu ilə təltif olundum. Vətən qeyrətli ərənlərə həsr etdiyim şeirlərimdə 44 günlük Vətən müharibəsi, 23 saat 43 dəqiqə davam edən qısamüddətli antiterror əməliyyatında torpağını qorumaq üçün əqidələri, qətiyyətləri ilə, tökdükləri qanları ilə sevgilərini bildirdikləri təsvir olunub. 44 günlük Vətən müharibəsi bu oğulları yumruq kimi birləşdirdi. Bu Qələbə Azərbaycanındır, Zəfər Azərbaycanındır!
Xüsusi Təyinatlı Qüvvələrin polkovniki Murad Beydiyev çıxışında bildirdi ki, mən bütün müharibə iştirakçılarının, qazilərimizin, şəhidlərimizin, onların valideynlərinin qarşısında baş əyirəm. Yalnız bunu deyə bilərəm ki, Ali Baş Komandan böyük şücaət və hünər göstərərək, hərbi əməliyyatlara rəhbərlik etdi. Qələbənin qazanmasına təkan verdi. 30 illik damğa üstümüzdən götürüldü. Hamınızın qarşısında baş əyirəm.
Qazi, zabit İlqar Cəfərov çıxışını: “Hamınızın qarşısında baş əyirik”, – sözləri ilə başladı. Tarixdən danışaraq o qeyd etdi ki, bizim komandir dahi insan Məhəmməd Əsədovun rəhbərliyi altında xüsusi təyinatlı dəstə yaradıldı. Onlar Əfqanıstanda vuruşmuş insanlar idi, çox güclü, mərd, qorxmaz və cəsarətli idilər. Qarabağ müharibəsində onlar igidlik nümunəsi nümayiş etdirdilər. O, çıxışını:” Vətən bizim şərəfimiz, mənliyimizdir!” – sözləri ilə bitirdi.
Qazi, zabit İlqar Hüseynov tədbir iştirakçılarına bir döyüşü xatırlayaraq qeyd etdi ki, Məhəmməd Əsədov və İsmət Qayıbov gəldi, iki nəfər əsirimiz var idi. Məhəmməd Əsədov rabitə ilə bildirdi ki, onları xilas etməliyik. Biz soruşduq ki, necə edək? Səhər tezdən gördük ki, 20-25 erməni çıxdı, biz isə cəmi 3 nəfər idik. Biz onlarla vuruşaraq qalib gəldik. Azərbaycan tarixdə olub, olacaq da. Şəhidlərimizə Allah rəhmət eləsin.
İki şəhid qardaşlar Bəhram və İman Məmmədzadələrin atası Elman Məmmədov çıxışında qeyd etdi ki, Sevinc xanım poemada 1990-cı ildən 2023-cü ilə qədər dövrü əhatə edib, Vətən sadiqləri və onların igidlikləri bədii formada təsvir olunub. Nə qədər Vətən varsa, şəhidlərimiz, qazilərimiz yaşayacaq. E.Məmmədov qeyd etdi ki, 2020-ci ilin 27 sentyabrı bütün dünyaya damğasını vurdu. Haqq yolu döyüş meydanı idi. Ulu Öndər Heydər Əliyev deyirdi ki, ya biz bir millət olaraq tamamilə yox olub getməliyik, ya da torpaqlarımızı geri qaytarıb, erməniləri məğlub etməliyik. Bəhram və İman 2019-cu ilə qədər Rusiyada təhsil alıblar. Müharibə başlayanda onlar Vətənin müdafiəsinə qalxdılar. 13 oktyabr Füzulinin Pirmahmudlu kəndindəki döyüşlərdə biz onların yanında olmuşduq. Oğullarım 44 günün 30 gününü çiyin-çiyinə vuruşdular. Onlar Vətən üçün yaşadılar, Vətən üçün canlarını qurban verdilər. Şəhidlər bizə Azərbaycanın Müzəffər, Qalib ordusunu verdi. Qanlı döyüşlərdə hər iki oğlum şəhid oldu. Təhsilləri də bir, xidmətləri də bir, döyüş yolları da bir, şəhidlikləri də bir oldu, şərəfli ömür yaşadılar. Evimin çırağı onlarla getdi. Onlar ölümləri ilə bildirdilər ki, qardaşı qardaşdan, torpağı torpaqdan, Vətəni Vətəndən ayırmaq olmaz.
Şəhid Əmirulla Əliyevin atası Vahid Əliyev çıxışının əvvəlində qeyd etdi ki, mən şəhidlərimizin, veteranlarımızın, qazilərimizin qarşısında baş əyirəm. Onlar “bu Vətən bizimdir”, – deyib canlarını Vətənə qurban verdilər, şəhid oldular, qazi oldular. Mənim yeganə övladım şəhid oldu. O, cəsur və qorxmaz idi, şəhidlər ölməzdir. Qəlbimdə olan müqəddəs hiss budur ki, oğlumun Vətənə, torpağa olan məhəbbəti onu ana torpağa qovuşdurdu.
Şair Qadir Hüseynov “Zəfər mənimdir” kitabına görə müəllifə təşəkkürünü bildirərək qeyd etdi ki, bu gün şəhidlər bizim həm kədərimiz, ürək ağrımız, həm də qürur yerimiz, fəxrimizdir. Allah bu xalqı qorusun. O, şəhid analarına həsr etdiyi “Hər gün yol gözləyir şəhid anası” yeni şeirini söylədi.
Qazi, zabit Qəzənfər Ağayev döyüş yolundan danışaraq Suqovuşanda gedən döyüşlərdə vuruşduğunu qeyd etdi. Biz millət olaraq, bir yumruq olaraq tarixi və əzəli torpaqlarımızı azad etdik. Mən burda oturan şəhid valideynlərinə demək istəyirəm ki, bizim şəhid dostlarımızın hamısı bizimlə vuruşub. O döyüş meydanında heç birimiz ölümü düşünmürdük, yalnız irəli getməyi, düşməni məhv etməyi, torpaqlarımızı geri qaytarmağı düşünürdük. Şəhidlər haqq yolunda canlarını fəda etdilər, sözsüz ki, yerləri cənnətdir. Ali Baş Komandanın rəhbərliyi ilə biz bu Qələbəni qazandıq, Zəfər bizim oldu.
Cəbrayılda üçrəngli bayrağımızı sancan, Xüsusi Təyinatlı Qüvvələrdə döyüşmüş zabit, qazi Polad Rzayev Sevinc Ağa Xəlilqızına yaradıcılıq uğurları arzulayaraq qeyd etdi ki, Vətən sevgisi ilə böyüyüb Vətən torpağına qovuşan şəhidlərimiz haqqında səlnamələr yazılmalı, Azərbaycanın qəhrəmanlıq tarixi daha da zənginləşdirilməlidir. P.Rzayev vurğuladı ki, hər bir ölkəni iki sahə tanıdır: tarix və mədəniyyət. Onların ikisi bir yerdə vəhdət təşkil edir. Çox şükürlər olsun ki, bizim ölkə hər iki sahədə yüksəkdə durur. Bizim “Dəmir Yumruq” dünyada tanındı. Düşmənə qarşı biz həm fiziki vuruşurduq, həm də ruhumuz döyüşürdü.
Şair Mələk Ağayeva dedi ki, Sevinc xanımla bizim tanışlığımız “Əlvida söyləmədən…” kitabının təqdimatından başladı. Mən yaradıcılığımın böyük hissəsini vətənpərvərlik mövzusuna, şəhid və qazilərin qəhrəmanlığına həsr edirəm. O, tədbir iştirakçılarına “Şəhid anası” və “Şəhid atası” şeirlərini söylədi.
Müharibə veteranı, qazi Mikayıl Əzizov bildirdi ki, müharibə və döyüşlər haqqında danışmağı sevmir. O, Bəhram və İman Məmmədzadə qardaşlarının qəhrəmanlığından danışdı. Qeyd etdi ki, onlar adlarını Azərbaycanın döyüş tarixinə şərəflə yazdılar.
Qazi Tural Tellanlı: “Vətənə xidmət təkcə əlinə silah alıb düşmənlə vuruşmaq deyildir. Hər bir sahədə: iqtisadiyyatda, təhsildə, səhiyyədə, mədəniyyətdə öz işini vicdanla yerinə yetirən hər bir vətəndaş insanlarımıza, Vətənə xidmət etməlidir”, – sözlərini tədbir iştirakçılarına çatdırdı. Hər bir insanın dəyəri onun Vətənə, millətə xidməti ilə bilinir. O, yazıçıya yaradıcılıq uğurları arzuladı.
Tədbirin bədii hissəsində “Mehriban” mahnı və rəqs kollektivinin yaradıcısı və rəqs üzrə bədii rəhbəri Səbinə Nəcəfova, vokal üzrə bədii rəhbər Esmiralda Hüseynovanın təşkilatçılığı ilə Nərmin Talıbova, Nihad Həsənov, Nərmin Yaqub-zadə, Məryəm Bəbirli və Nilgün Şərifovanın ifasında “Heydər baba”, “Mən Azərbaycanlıyam”, “Zəfər himni” mahnıları ifa olundu.
Beynəlxalq müsabiqələr laureatı, Azərbaycan Milli Konservatoriyasının məzunu, M.Ş.Vazeh adına Mərkəzi Kitabxananın Fəxri oxucusu İslam Qasımov və R. Behbudov adına Dövlət Mahnı Teatrının solisti Günay Məmmədova M. Maqomayevin “Azərbaycan” və Əhməd Cavadın sözlərinə yazılmış “Sükriyyə” mahnılarını duet şəklində ifa etdilər.
Mərkəzi Kitabxananın əməkdaşı İradə Hüseynova Sevinc Ağa Xəlilqızının Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimova və Ali Baş Komandana həsr etdiyi şeirləri səsləndirdi.
Kitabxana filialının müdiri Arzu Xudayarova şəhid Əmirulla Əliyevin yazdığı kitabdan “Xəyallar” şeirini səsləndirdi.
Sonda şair Sevinc Ağa Xəlilqızı müəllifi olduğu “Azərbaycan” şeirini söylədi.
Təqdimatda Mərkəzi Kitabxana tərəfindən hazırlanmış və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsinə həsr olunmuş videoçarx, “Cənab leytenant” mahnısının klipi nümayiş olundu.
Tədbirdə şəhid ailələri, qazilər, veteranlar, şair və yazıçılar, ziyalılar, ictimaiyyət və KİV nümayəndələri iştirak etdilər.
Videoçarx və “Zəfər mənimdir” kitabı aşağıdakı keçidlərdə yerləşdirilib:
https://www.youtube.com/watch?v=TD0fgjbMlig
https://drive.google.com/file/d/1UQ908xIN2Erpg3UgYDGl36iv53YEYEAl/view?usp=drivesdk
Kitab ”Kitabxanaya kitab hədiyyə edirik” layihəsi çərçivəsində Yasamal rayon MKS-nin kitabxanalarına hədiyyə edilmişdir.