Ötən il Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən xeyli miqdarda odlu silah və döyüş sursatı götürülüb.
Naxçıvan Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən -ya verilən məlumata görə, 2023-cü il ərzində Naxçıvan polisi tərəfindən həyata keçirilən əməliyyat-axtarış və profilaktiki tədbirlər nəticəsində ümumilikdə 122 odlu silah və 3000-ə yaxın döyüş sursatı götürülüb.
Bununla belə, daxil olan məlumatlar göstərir ki, ayrı-ayrı şəxslərin müxtəlif yollarla əldə etdiyi odlu silah, onun komplekt hissələri, döyüş sursatı, partlayıcı maddələrin və qurğuların əldə edilməsi, hazırlanması, daşınması, başqasına verilməsi və satışı kimi cinayət məsuliyyəti yaradan hallar mövcuddur.
Daxili İşlər Nazirliyi qanunsuz saxlanılan odlu silahları təhvil verməklə bağlı çağırışını bir daha vətəndaşların nəzərinə çatdırır, odlu silahların ağır nəticələrə səbəb ola bilən hansısa ictimai təhlükəli əməlin törədilməsində alətə çevrilməməsi üçün onları könüllü təhvil verməyi tövsiyə edir.