19 yanvar 2024-cü il tarixində Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qoşulmama Hərəkatının (QH) Dövlət və Hökumət Başçılarının Zirvə Görüşü çərçivəsində Nüvə Sınaqlarının Hərtərəfli Qadağan edilməsi Müqaviləsi Təşkilatının icraçı katibi Robert Floyd ilə görüşüb.
XİN-dən -ya bildirilib ki, Görüş zamanı, Azərbaycan ilə sözügedən Təşkilat arasında əməkdaşlığın perspektivləri və beynəlxalq təşkilatlar çərçivəsində mümkün əməkdaşlıq məsələləri müzakirə edilib.
Görüş zamanı, ölkəmizin Qoşulmama Hərəkatına uğurlu sədrliyi təqdir edilib, təbriklər çatdırılıb və BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) prezidentliyi və ev sahibliyi barədə qərar alqışlanıb.
Nazir Ceyhun Bayramov, ölkəmizin bəşəriyyətə böyük təhdid yaradan nüvə silahlarının yayılmamasına nəzarət sahəsi üzrə Təşkilat ilə əməkdaşlığa əhəmiyyət verdiyini, habelə Təşkilatın nüvəsiz dünya baxışını dəstəklədiyimizi qeyd edib.
QH-ya üzv dövlətlərin öz növbəsində nüvə sınaqlarının məhdudlaşdırılması sahəsi üzrə regional və beynəlxalq səylərə verdiyi töhfənin vacibliyi diqqətə çatdırılıb.
Nazir Ceyhun Bayramov Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi dövründə Hərəkat daxilində bir çox üzv dövlətlərin uzun müddət bir sıra dövlətlərin, xüsusilə də Fransanın kolonial siyasəti çərçivəsində nüvə sınaqlarının qurbanı olduqları, Fransanın nüvə sınaqlarının fəsadlarının aradan qaldırılmasından boyun qaçırdığını vurğuladıqlarını diqqətə çatdırıb.
Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər müzakirə olunub.