ABŞ-nin paytaxtı Vaşinqton şəhərində 20 Yanvar faciəsi qurbanlarının əziz xatirəsi anılıb.
xəbər verir ki, Azərbaycanın ABŞ-dəki Səfirliyinin təşkilatçılığı ilə baş tutan tədbirdə Azərbaycan icmasının üzvləri, o cümlədən bu ölkədə təhsil alan azərbaycanlı tələbələr iştirak ediblər.
Anım tədbirinin açılışında 20 Yanvar şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbirdə çıxış edən Azərbaycanın ABŞ-dəki səfiri Xəzər İbrahim bildirib ki, 20 Yanvar hadisələrinin xalqımızın tarixinə həkk olunmuş qanlı faciələrdən biridir.
Diplomat qeyd edib ki, keçmiş sovet imperiyası ordusunun qarşısına silahsız, əliyalın çıxaraq vətən üçün canlarından keçən 20 Yanvar şəhidlərinin qəhrəmanlığı dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının qürur mənbəyidir. Şəhidlərimizin əziz xatirəsini heç bir zaman unutmayacağımızı qeyd edən səfir, hər bir azərbaycanlının əl-ələ verərək şanlı Azərbaycanımızın qələbələrini daha da artıracağına əminlik bildirərək, dövlətimizin daha da güclü olması üçün əlimizdən gələni əsirgəmiyəcəyimizi qeyd edib.
Azərbaycanın ABŞ-dəki hərbi attaşesi Rüstəm Gözəlov çıxışında 20 Yanvarın müstəqillik tariximizdə xalqımızın cəsarətli addımlarını əks etdirən səhifələrdən biri olduğunu, 20 Yanvar faciəsinin tarixindən bəhs edərək, xalqımızın o zaman sülh nümayişi etdiyini xüsusilə qeyd edib.
Tədbir çərçivəsində səfirliyin inzibati binasının önündə “Qanlı Yanvar”a həsr olunmuş guşə yaradılıb. Guşədə 20 Yanvar faciəsi haqqında məlumatlar və
hadisənin dəhşəti anlarını əks etdirən fotolar nümayiş olunub.