Türkiyə ilə İngiltərə arasında tarixdə heç olmadığı qədər yaxınlaşma- Ankara və Londonun HƏDƏFLƏRİ ABŞ-a qarşı…

Türkiyə ilə İngiltərə arasında tarixdə heç olmadığı qədər yaxınlaşma var.

Müstəqil.az xəbər verir ki, bu barədə “Milliyet” qəzetinin yazarı Verda Özer Ərdoğanın London səfəri haqda yazıb.

Türkiyəli yazar Ankara-London xəttində yaxınlaşmanın üç səbəbinə diqqət çəkib.

İngiltərənin maraqları

Milli maraqlar: İngiltərədə Brexitdən sonra qarışıqlıq var. Baş nazir Tereza Mey kimi bəzi siyasətçilər “sərt Brexit”i, digər siyasətçilər isə “yumşaq Brexit”i dəstəkləyir. Lakin bu prosesin necə nəticələnəyi qeyri-müəyyən olaraq qalır. Hər şey 2019-cu ilin martında məlum olacaq.

Bu proses İngiltərə iqtisadiyyatına zərər verir və belə bir məqamda bu ölkənin xarici investisiyalara ehtiyacı artır.

Regional maraqlar: Brexit İngiltərənin regional nüfuzuna da zərər verir. Görünən budur ki, bu ölkə Avropa İttifaqındakı mövqeyini Fransa, yaxud Almaniyaya dövr edəcək. Belə bir məqamda Londonun “tarixi müttəfiqi” ABŞ-a daha da yaxınlaşacağı gözlənilir. Lakin bu da baş tutmur. “Öncə Amerika” prinsipi ilə hərəkət edən Tramp getdikcə Avropa və İngiltərədən uzaqlaşır. İranla nüvə sazişinin ləğvi, Qüds məsələsi, beynəlxalq ticarətin baltalanması kimi məsələlər Vaşinqtonla London arasındakı uçurumu artırır.

Qlobal maraqlar: Qərb öz daxilində aşınmaya məruz qalır, güc ABŞ-dan Uzaq Şərqə – Çinə keçir. Məhz belə bir çətin məqamda İngiltərə Avropa ilə “göbək bağı”nı kəsərək, Türkiyəyə yaxınlaşır. Londona yeni ortaqlar lazımdır.

Türkiyənin maraqları

– Ankara “Brexit”i öz daxili məsələsi qədər yaxından izləyir. Çünki İngiltərə hər şeydən öncə Türkiyənin Avropa İttifaqına üzv olmasında ən böyük dəstək verən ölkədir. “Brexit” isə Türkiyənin bu dəstəkdən məhrum olmasına gətirib çıxara bilər.

– Avropada islamofobiya yüksək səviyyədədir. İngiltərə isə köklü imperiya keçmişinə və Yaxın Şərqlə tarixi bağlarına görə bu məsələdə istisnadır. İngilislərin Avropa İttifaqında təmsil olunması ittifaqın xarici siyasətinə müsbət təsir edirdi. İndi isə tamamilə yeni Avropa var və Ankara bundan narahatdır.

– Tramp Amerikası Türkiyə üçün də təhlükəli görünür.

– Türkiyənin özünün də xarici investisiyaya ehtiyacı var.

– İngiltərə ilə Türkiyə arasında müdafiə sahəsindəki əməkdaşlığı da iki ölkənin bir-birinə lazımlığını bir daha nümayiş etdirir.

Share: