Milyonların dünyasında tək-tənhayam. Yalnız bir adayam…- EROL YILMAZ

Milyonların dünyasında  tək-tənhayam.  Yalnız bir adayam…- EROL YILMAZ

Kədərli gəlinciklər

 

Hər yaz

qayıtdığın zaman

bənövşələri

boynubükük görürsən.

Əsla təəccüblənmə!…

Hər qış getdiyin zaman

mənim qəlbim qırıldı öncə.

Onlarınsa

bir-bir

yarpaqları töküldü sadəcə…

 

 

Yalnızlığa ağı

 

Keçdiyim dəhlizin içində

qərib bir ruhun yalnızlığı var.

Milyonların dünyasında

tək-tənhayam.

Yalnız bir adayam…

 

Heç vaxt olmadığı qədər

lal cümlələriylə

yalnızlıq yaramı saran

gözləri ilə qucaqlayan

bir dosta möhtacam.

 

Sərhədsiz bir şəfqətin

tərifi olmayan aclığı içində

şəhərdə və evdə,

Kainatda

gözəl Allahın

qəribə yalnızlığı içində

yaşayıram…

 

Susun, lütfən

 

Mən bu şeirin içindən

sürətlə çıxıb gedərəm.

Son misrasını şeirimin

tez bitirərəm.

Son sözünü

qələmimin qəlbinə gömərəm.

Yaranmamış şeirimi

qucaqlayaram,

göz yaşı tökərəm.

 

Heç kimin

Tərk edə bilməyəcəyi kimi

bu şəhərdən də

işıq sürətiylə qaçaram.

Siz çaşqınlıq içindəykən

sübh vaxtı

sabah duası üçün əllərimi

Göy üzünə açaram.

 

Başqa bir şəhərdə

sabahı salamlayaram.

Ağaclarla, çəmənlərlə danışıb,

quşlarla civildəşərəm.

Sübh çağında

Anamın qoxusunu axtararam

anaların yaşmağında.

 

Tərcüməçi: Rəsmiyyə Sabir

 

 

Share: