Qubanın Xınalıq kəndindən Tufandağ istiqamətində yürüş zamanı itkin düşən alpinistlərin meyitlərinin tapılması istiqamətində aparılan əməliyyatların detalları məlum olub.
Məlumata görə, itkin düşən şəxslərin hər üçünün meyiti çadırda aşkarlanıb. Fövqəladə Hallar Nazirliyinin Xüsusi Riskli Xilasetmə Xidmətinin komandiri, axtarışlara cəlb olunan qrupun rəhbəri Toğrul Mehdiyev bildirib ki, bir neçə gün öncə müəyyən ipucuları tapılmışdı. Məhz bundan sonra bütün güclər həmin istiqamətə yönəldildi. Onun sözlərinə görə, axtarışlara kinoloji xidmətinin xüsusi təlim görmüş itləri cəlb olunub.
“Təxminən 100:120 m olan ərazi idi. Əvvəllər 13-14 metr olan qar hazırda 4-6 metr olardı. Axtarışlar o istiqamətdə yönəldildi və gücləndirildi. 2 gün ərzində aparılan axtarışlar nəticəsində tapıldılar. Təxminən 2800-2900 metr hündürlükdə, 4 metr qar uçqunu olan ərazidə aparılan qazıntılar nəticəsində cəsədlər çadırda tapılıb. Birinci Babur, ikinci Fəridə, sonra isə Namin tapılıb. Hamısı istirahətdə olduqları zamanı güclü uçquna düşüblər və hərəkət imkanları olmayıb”, deyə Toğrul Mehdiyev bildirib.
Qeyd edək ki, “Gilavar” Hava və Ekstrim İdman Klubunun üzvləri Cəbrayılzadə Fəridə Zəbiyulla qızı, Hüseynov Babur Vaqif oğlu və Bünyatzadə Namin Nizami oğlu 2017-ci il dekabrın 23-də Quba rayonunun Xınalıq kəndindən Tufandağı istiqamətində yürüşə çıxaraq geri qayıtmayıblar.
Dekabrın 27-dən FHN-in peşəkar xilasedicilərindən ibarət dəstələrin və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) əməkdaşlarının iştirakı ilə aparılan axtarışlar nəticəsində mayın 16-da axşam saatlarında axtarışların aparıldığı ərazidə alpinistlərə aid çadırın yeri müəyyən edilib, 3 meyit (2 kişi və 1 qadın) və alpinistlərə aid digər əşyalar aşkarlanıb. (apa)