Şərikli məhəbbət yaşayan yazıçılar

Sevgi – iki nəfərin qarşılıqlı yaşadığı hissdir. Yəni normalda belədir. Təbii ki, istisnalar da var. Məsələn, sevgini üçlükdə yaşayanlar, daha doğrusu şərikli sevənlər. Bu kateqoriyaya sıravi insanlar da, dahilər də daxildir, çünki hamının ortaq nöqtəsi var – insan olmaq.

Demək ki, hisslər mövqe tanımır. Maraqlıdır ki, bu kateqoriyaya ən çox ədəbiyyat adamları daxil olur, özü də könüllü, həvəslə. Sanki bütün yasaq hissləri yaşamaq öhdəliyi götürüblər. Rus ədəbi mühitinin ən tanınmış simalarından olan şairlər Aleksandr Blok, Vladimir Mayakovski, yazıçı İvan Buninin sevgi üçlüyü nəinki öz zamanında, elə indi də böyük maraq doğurur.

İvan Bunin öz məhəbbətini iki qadın arasında bölüşürdü. Deyə bilərsiniz ki, hansı kişi bölüşmür? Cavab verirəm: istənilən kişi. Amma iki qadını bir evin içində saxlamırlar axı, həm də ziyalı kişilər, üstəlik təknikahlı ölkələrdə. Lakin Bunin bunu edə bilib. Yazıçının həyat yoldaşı Vera Muremtsova sakit təbiətli, üzüyola, bir ədəbiyyat adamının bütün şıltaqlıqlarına dözə bilən evdar qadın olub. Ədəbiyyatdan uzaq insan olub, onun marağını elm, xüsusilə də dəqiq elmlər çəkib. Buna baxmayaraq, yazıçı arvadı olmağı taleyini qəbul edərək ərinin bütün qaçamaqlığına göz yumub. Ailə 1920-ci ildə Fransaya köçdükdən sonra bir müddət Parisdə yaşayıblar. Sonra isə Qras şəhərində kiçik evə köçüblər. Günün birində Vera xəbər tutur ki, ərinin məşuqəsi var. Anlayır ki, kişinin üstünə getsə evdən uzaqlaşacaq. Üzünə vurmasa, tezliklə bu münasibətdən bezib, evinə yığışacaq. Amma bu cür davranış adi kişilərə aiddir, yazıçılar üçüncü variantı seçir. Yəni məşuqəni evə gətirib, bəyan edir ki, bu gündən bizimlə yaşayacaq. 26 yaşlı Qalina Kuznetsova ərini tərk edib 56 yaşlı Buninin yanına gəlmişdi. Bunin arvadında görmədiyi ilham pərisinin bu qızda tapmışdı. İndi təsəvvür edin Vera nələr çəkirmiş: hər qəpiyi hesabla, ucu-ucuna çatdır, ev işlərini gör, Qalina isə ən bahalı restoranlarda, mağazalarda pul xərcləsin, gəzib-tozsun. Bu üçlük 7 il birlikdə yaşayıb. Ta ki “təzə arvad” özünə başqasını tapana qədər. Amma bu “başqası” kişi deyildi. Qalina eynicinsli məhəbbət eşqinə Bunini tərk edib, Vera isə ömrünün sonuna qədər yazıçı ilə birlikdə yaşayıb.

Vladimir Mayakovski sevdiyi qadını onun əri ilə bölüşməli olub. Elə o da sevdiyi qadının evində, onun əri ilə birlikdə yaşayıb. Mayakovski Lilya Briklə ailənin verdiyi ziyafətdə tanış olub. Dərhal da vurulub. İlk görüşdən sonra ömrünün sonuna qədər bu qadından asılı hala düşüb. Ona görə də Lilya nə desə, hansı şıltaqlıq etsə, razılaşmalı olub. Onların hətta evinin önündəki lövhədə belə yazılmışdı: “Briklər və Mayakovskinin evi”. Lilyanın əri Osip Brik bu münasibətə normal yanaşırdı, şairi də yaxşı anlayırdı. Çünki bilirdi ki, arvadının cazibəsindən qurtulmaq mümkün deyil. Şair bu ailəni öz ailəsi, əzizləri adlandırırdı. Bir müddət sonra şərikli sevgi Mayakovskini yorur və zülmkarının əsarətindən qurtulmaq üçün başqa sevgilərdə ovunur. Amma sevgililəri dost məclislərində danışırdılar ki, Lilyanın bir dəfə onu çağırması bəs edər ki, sadiq köpək kimi sahibəsinin yanına cumsun. Bu əzablı sevgi şairin ölümü ilə bitir. Amma son məktubunda da sevimli Lilyasına öz sevgisini etiraf edərək dünyadan köçür.

Şair Aleksandr Blok və Andrey Belıy da bir qadını şərikli seviblər. Dünya şöhrətli alim Mendeleyevin qızı Lyubov Mendeleyevanı. Blokla alimin qızı bir-birini uşaqlıqdan tanıyırdılar. Onları ataları tanış etmişdi. Böyüyüb evlənmək istəyəndə, valideynləri bu izdivaca çox sevinmişdilər. Amma evlilik bu sevgini öldürmüşdü, çünki Lyubov ilham pərisi olmaqdan çıxıb, adi, evdar qadına çevrilmişdi. Blok isə hələ də səmalarda uçurdu, onun ilahi gözəli adi qadın ola bilməzdi. Bu soyuqluq Lyubanı da bezdirmişdi. Odur ki, qadın istiliyi kənarda axtarmalı olmuşdu. Amma o qədər də kənara çıxmağa ehtiyac qalmamışdı, şairin yaxın dostu Andrey Belıy vaxtında özünü yetirmişdi. Bu münasibət 2 il davam edir, amma sonralar Belıyın təkidindən sonra əlaqə pozulur. Təkid də bundan ibarət idi ki, qadın ərinin tərk edib onunla yaşasın. Ərinin bu xəyanətdən sarsıldığını görən Lilya anlayır ki, onun əsl sevgisi elə budur və məşuqundan birdəfəlik ayrılır. Andrey bundan sonra qısamüddətli nikah yaşasa da Lyubanı unuda bilmədiyindən bu izdivac dağılır. Şair ömrünün sonuna qədər unuda bilmədiyi məhəbbəti ucbatından tək qalır. Blok və Mendeleyeva isə ömürlərinin sonunadək birlikdə yaşayırlar.

Şəfiqə ŞƏFA

Share: