Nifrət qorxur, neyləyəcək kin mənə, Sevgi adlı bir silahdan tutmuşam

Nifrət qorxur, neyləyəcək kin mənə, Sevgi adlı bir silahdan tutmuşam

Güləbatın MƏSİMOVA

Güləbatın

Bir İlahi sevgi bəhər gətirdi,
Doğuldu dünyaya gül Güləbatın.
Qaranlıq gecəyə səhər gətirdi,
İşıqlandı oba, el, Güləbatın.

Baxıb varlığına güldü könüllər,
Bir göz qırpımında ötüşdü illər,
Gözü götürmədi, qarğadı güllər,
Vurdu çiçəyini yel, Güləbatın.

Bilmirəm canına nə vərəm düşdü,
Bəxtinə nə Məcnun, nə Kərəm düşdü,
Oba parçalandı, el pərən düşdü,
Oldu ocaqların kül, Güləbatın.

Bəxtini tapmadı, gəzdi çıraqla,
Ahının odundan əridi dağlar,
Dünyaya yazığın gəlsin, az ağla,
Apardı aləmi sel, Güləbatın.

Yadlara doğmadı, doğmalara yad,
Üzündə təbəssüm, içində fəryad,
Cəzanə gətirib bu acı həyat,
Acıya oğrunca gül, Güləbatın.

YOX İMİŞ

Cənnət dünya dedikləri nağılmış,
Bəxti qışın heç baharı yox imiş.
Çiçəyiylə azdırdı bu dağılmış,
Qəm bağının bir nübarı yox imiş.

Dərd çəkənin dirəndiyi sıldırım,
Bel sınıbdı, ömrü necə qaldırım,
Necə əyir qayaları ildırım,
Dağların da dağ vüqarı yox imiş.

Əyildikcə haray salar öz qarı,
Axıb gedər zirvəsindən ilqarı,
Hər çiçəyə gedib qonmaz hər arı,
Hər aşiqin öz nigarı var imiş.

Şişib qalır, yeyəmmirsən dərdini,
Xeyrə-şərə geyəmmirsən dərdini
Bir kimsəyə deyəmmirsən dərdini,
Ürək dostu, könül yarı yox imiş.

Güləbatın, laylalar da uyutmur,
Yanır qəlbi, dərya olsa soyutmur,
Gələn gedir, gedənləri qayıtmır,
Bu dünyanın etibarı yox imiş…

TUTMUŞAM

Ürəyimi duya bilməz hər adam,
Bu ürəyi min bir ahdan tutmuşam.
Mayamızda halallıq var binadan,
Nə haramdan, nə günahdan tutmuşam.

Nə olsun ki, gün doğmayıb gün mənə,
Dar olsa da, dünyam gəlir gen mənə,
Nifrət qorxur, neyləyəcək kin mənə,
Sevgi adlı bir silahdan tutmuşam.

Bar gətirib barlanmışam bağ kimi,
Ərimişəm el yolunda yağ kimi,
Bu günümə söykənmişəm dağ kimi,
Nə axşamdan, nə sabahdan tutmuşam.

Ömrü günü ovlamışam içimdə,
Dərdlərimi tovlamışam içimdə,
Şər-şeytanı qovlamışam içimdən,
Lənət deyib bismillahdan tutmuşam.

AYIRDILAR

Ayrılıq düşdü araya,
Əli əldən ayırdılar.
Baxan olmadı haraya,
Gülü güldən ayırdılar.

Günü sabahdan aldılar,
Amanı ahdan aldılar,
Sevgini ruhdan aldılar,
Sözü dildən ayırdılar.

Əyiltdi əyrilər düzü,
Gecələr uddu gündüzü,
Tüstüdən kor oldu gözü,
Közü küldən ayırdılar.

Eşidən yoxdu səsimi,
Belə ağrımaz Nəsimi
Qopardılar sarı simi,
Sazı teldən ayırdılar.

Yollar qaldı boz atlara,
Ürək dözmür bu çatlara,
Günü satıb saatlara,
Ayı ildən ayırdılar.

Güləbatın yatır xəstə,
Gözü yolda, qulaq səsdə,
Ağı deyir son nəfəsdə,
– Eli eldən ayırdılar.

NƏ FAYDA

Bir ömrün var, yaşayası, güləsi,
Dərd içində keçsə hədər, nə fayda.
Ovçu bəxtin yan keçmirsə gülləsi,
Cənnət yazsın qəza-qədər, nə fayda?

Bağçamızdan çiçək yolub, gül dərib,
El-obanı üstümüzə güldürüb,
Son ümiddə son gümanı öldürüb,
Tərk eləyib getsə kədər, nə fayda?

Batıb günü gözümdə nəm dünyanın,
Üstü bəzək, içi ələm dünyanın,
Əzabı bol, sevinci kəm dünyanın,
– Kölgə kimi gələr, gedər, nə fayda?

Az döy göyün qapısını, laxlayıb,
Açılmırsa, bil ki, Allah bağlayıb,
Zər qədrini bilməyənlər ağlayıb,
Saçın yolar, üzün didər, nə fayda?

Güləbatın sevinc nədi bilmədi,
Dərdlərini bütöv çəkdi, bölmədi,
Gələn getdi, gedənləri gəlmədi,
Gecə-gündüz fəryad edər, nə fayda?..

ÇİNAR

Mənim doqqazımda bir çinar vardı,
Həmdəmim olmuşdu bu uca çinar.
Sirrimi, sözümü ona deyərdim,
Gəlib yaşa doldu bu qoca çinar.

O körpə olanda mən xoşbəxt idim,
Boy atdı, böyüdü, qəlbim yuxaldı.
Quşlar budağında yuva bağladı,
Quşlar uçub getdi, dərdim çoxaldı.

O, axşama qədər layla çalaraq,
Astaca-astaca mani duyardı.
Gecəli-gündüzlü qalaraq oyaq.
Dərdimi obaya, elə yayardı.

Harda olsam onu xatırlayaram,
Ən uca heykəli durur könlümdə.
Bir həzin nəğmətək onu duyaram,
Nəbzi nəbzimlə bir vurur qəlbimdə.

Yayda çadır kimi kölgə salardı,
Köksünü cızardı dəli cavanlar.
Bir nəhəng, pəhləvan gövdəsi vardı,
Onu qorxutmazdı ən sərt tufanlar.

Mamam kölgəsində dua edərdi:
“İlahi, balamın bəxti yar olsun!
Səndən bu dünyada bir diləyim var,
Arzusu, murazı qoy çinar olsun!”

Bilmədi qarğışdı, yoxsa da alqış,
Bilmədi ucalar tez qırılandı.
Çinarı kökündən qopardı bir qış,
Bir ömür beləcə qırıldı, sındı.

Nəhəng ucalıqdan, de, nə qaldı ki,
Dolu yuvaların boş günahları.
Ətrafa tökülən xatirələrin,
Gecələr sızlayan qərib ahları…

Bütün ucaların enməsidi görk,
Sən ömür bildiyin aniymiş, adam!
Allahına bağlan, imanına çök,
Bütün yaranmışlar faniymiş, adam!

NƏ OLAR

Payız fəsli yarpaq-yarpaq tökülür,
Ötən günlər, tökülməyin, nə olar.
Bir ilim də kərpiç-kərpiç sökülür,
Ümidlərim, sökülməyin, nə olar.

Qismət məni saçlarımdan sürüyüb,
Qara bulud həyatımı bürüyüb.
Bostanımda gör neçə bar çürüyüb,
Torpağıma əkilməyin, nə olar.

Tarixin təkəri fırlanır, gedir,
Nə özüm ölürəm, nə hicran bitir.
Amma yıxılmışam, gəl, yerdən götür,
Gendən baxıb çəkilməyin, nə olar.

Güləbatın, yuxun ərşə çəkilib,
Saçların ağarıb, dişin tökülüb,
Yükün ağır olub, belin bükülüb,
Arzularım, bükülməyin, nə olar.

ÇƏKDİM

Deyirlər ki, dərdin dağdan ağırdır,
Dərddən ağır olan yaranı çəkdim.
Ruzimiz bol oldu, taleyimiz kəm,
Yar öldü, başıma qaranı çəkdim.

Qaldı qucağımda körpə balalar,
Bir gözüm səbr idi, biri laylalar,
Analar sübhəcən bala haraylar,
Başıma dağları, aranı çəkdim.

Göyərdi ayrılıq dodaqlarımda,
Ürəyim üşüdü buz dağlarında,
Bahar həyatımın gül çağlarında,
Ayazı, sazağı, boranı çəkdim.

Bilmirəm necədir açılan sabah,
Bir daha dolarmı boşalan tabaq,
Məni sevdiyimlə sınadı Allah,
Qarşıma müqəddəs Quranı çəkdim…

GÖRÜB

1975-ci il yanvarın 13-də
həyat yoldaşım Məmmədəli
məktəbdən evə gülə-gülə gəldi,
anasının qucağına yıxıldı.
Artıq onun ürəyi dayanmışdı.

Gözlərim, eh, nələr görməyib mənim,
Ərşə sığmayanı sıxılan görüb.
Özü dərd içində olan ananı
Bir qərib dərdinə yıxılan görüb.

Balasın uzadıb qara mafəyə,
Səsi bülənd olub səmaya, göyə.
Naləsi bənzəyib yanıqlı neyə,
Özünü yandıqca yaxılan görüb.

Sağaltmaq olmurmuş adi zədəni,
Nə ruhu unudur, nə də bədəni,
Özünü qurbantək fəda edəni,
Şam kimi əriyib yox olan görüb.

HEÇ KƏS İNCİTMƏSİN YARI ÖLƏNİ

Yarı ölən yaman küsəyən olur,
Hər söz ürəyinə tez dəyən olur,
Heç nədən inciyən, göynəyən olur,
Heç kəs incitməsin yarı öləni.

Qaçır yuxuları, açıqdır gözü,
Ağı söyləməkdən tükənib sözü.
Hər gecə yataqda qovrulur özü,
Heç kəs incitməsin yarı öləni.

Ürəyi yaralı, könlü qübardı,
Yer tapmır özünə, gen dünya dardı,
Onsuz da bir olan candan bezardı,
Heç kəs incitməsin yarı öləni.

Zülmət, kor etmişlər gündən gün dilər,
Qatil gecələrə canı bənd elər.
Ay yardan yarıyan xoşbəxt bəndələr,
Barı, incitməyin yarı öləni.

AĞLAMA

Gecə-gündüz ah-fəğanla dolanıb,
Sözlər çələngini düzüb ağlama.
Körpə balaların şirin yuxuda,
Əlini hər yerdən üzüb, ağlama.

Hicran alovusan ta başdan-başa,
Körpələr qoynunda böyüyür qoşa.
Bir daha sən düşmə borana, qışa,
Dərdini balışa süzüb, ağlama.

Bircə baxışımla başa salaram,
Ağrını çəkərəm, qadan alaram.
Payız gülləritək vaxtsız solaram,
Solmuş çiçəkləri əzib, ağlama.

Ocaqsız odlanıb alış, nə fayda,
Özünü üzməyə çalış, nə fayda,
Dərdini dərdsizə danış, nə fayda,
Özün öz dərdini çözüb, ağlama.

Qoyma doğma dərdə ögeylər baxsın,
Sonra qaxınc edib başına qaxsın,
Dərdini dişində sıx, canı çıxsın,
Sonra dodağını büzüb, ağlama…

ZiM.Az

Share: