Münxen Təhlükəsizlik Konfransı çərçivəsində Prezident İlham Əliyevin 3 ABŞ rəsmisi ilə görüşü xüsusi diqqət çəkir. Bu, ABŞ tərəfinin də Azərbaycanla münasibətlərin inkişaf etdirilməsində maraqlı olduğunu göstərir.
Bunu -ya açıqlamasında Beynəlxalq Münasibətlər Təhlili Mərkəzinin (BMTM) şöbə müdiri Cavid Vəliyev bildirib.
Cavid Vəliyev deyib ki, Münxen Təhlükəsizlik Konfransı çərçivəsində keçirilən görüşlər müsbət qiymətləndirilməlidir, çünki Ermənistanla münasibətlərin normallaşması təkrar müsbət bir stimul qazandı: “Regionda sülh sazişi istiqamətində addımların atılması gərginləşmənin azalmasına xidmət edəcək, əməkdaşlıq imkanlarını artıracaq. Nəzərə alınmalıdır ki, Qərbdəki müəyyən dairələr Azərbaycanın Avroatlantik məkanla, Avropa və ABŞ-la münasibətlərini pozmaq istəyirlər. ABŞ dövlət katibi Antoni Blinken daxil olmaqla, Münxendə keçirilən görüşlər və verilən mesajlardan aydın olur ki, belə qüvvələri, o cümlədən Fransanı təcrid etdilər. O cümlədən Almaniya Baş naziri Olaf Şoltsun iştirakı ilə Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan Baş naziri Nikol Paşinyan arasında keçirilən üçtərəfli, Olaf Şoltsla Prezident İlham Əliyev arasında ikitərəfli görüşü bu baxımdan qeyd etmək lazımdır. Üçtərəfli görüşdə Fransa iştirak etmədi, rəsmi Paris Avropa ilə Azərbaycanın münasibətlərini korlayaraq prosesi inhisara almaq istəyərkən özü prosesdən kənarlaşmış oldu. Bunu da Azərbaycan xarici siyasətinin uğuru hesab etmək olar. Rəsmi Bakının Avropa Şurası və digər məsələlərlə bağlı mesajları Avropada ciddi qarşılanıb, bu yöndə mühüm nəticələr əldə edilmiş oldu”.
BMTM şöbə müdiri Azərbaycanın mövqeyinin Ermənistanla ikitərəfli formada sülh danışıqlarının aparılmasından ibarət olduğunu nəzərə çatdırıb: “Daha öncə Prezident İlham Əliyev Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelə bildirmişdi ki, Brüssel formatının bərpasına Azərbaycan etiraz etmir. Çünki ən azından tərəfsiz davranılsın, Ermənistanın mövqeyi müdafiə olunmasın. Düşünürəm ki, bundan sonra Qərbdə bu istiqamətdə addımlar atılarsa, Ermənistan tərəfdaşı kimi Azərbaycana qarşı mövqe ortaya qoyulmazsa, obyektiv davranarlarsa, proses müsbət istiqamətdə davam edəcək”.