Danimarkanın elm adamları cinsi əlaqə zamanı ereksiyanın disfunksiyasını yaradan amillərlə bağlı önəmli kəşfə imza atıb.
Publika.az xəbər verir ki, mütəxəssislər kəşf etdikləri bir iynə ilə yaranan problemi ortadan qaldırmağı bacarıb.
20 milyon kök hüceyrədən istifadə edərək düzəldilən bir inyeksiya yaxın gələcəkdə kişilərdə ereksiya olmaması probleminə çarə ola və “Viaqra” kimi dərmanların kökünü kəsə bilər.
“The Sunday’s Times” dərgisində yer alan xəbərə görə, bu müalicə üsulu “Viaqra”dan fərqli olaraq, qan damarlarını və sinirləri canlandırır.
Lakin yeni müalicə metodunun uzunmüddətli təsirlərini anlamaq üçün daha çox araşdırmaya ehtiyac var.
Araşdırmaya başçılıq edən Danimarka Regenerativ Tibb Mərkəzinin direktoru, professor Soren Şeyx əldə etdikləri bilgiləri Avropa İnsan Törəmə və Embriologiya Dərnəyinin iyul ayında İspaniyada təşkil ediləcək toplantısında təqdim edəcəklərini deyib.
Araşdırmaların əsas hədəfi xərçəng xəstəliyinə tutulduğu üçün prostat vəziləri götürülən kişilərə yardım etməkdir. Komanda bildirib ki, kök hüceyrə müalicəsi ürək xəstəliyi olan və ya qocalmanın təsiri ilə ereksiya disfunksiyası yaşayan kişilər üçün tətbiq ediləcək.
ABŞ Milli Diabet, Həzm və Böyrək xəstəlikləri Universitetinin hesabatına görə, təkcə bu ölkədə 30 milyon kişi ereksiya problemi yaşayır.