Parlamentdə Peru-Azərbaycan dostluq qrupu və Azərbaycanın Perudakı Səfirliyinin birgə təşəbbüsü ilə 27 fevral tarixində Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Peru Konqresində anım tədbiri keçirilib.
Səfirlikdən -ya verilən xəbərə görə, Peru-Azərbaycan dostluq qrupunun, habelə And Parlamentinin Perudan olan üzvlərinin, diplomatik missiya rəhbərləri və nümayəndələrinin iştirakı ilə keçirilmiş tədbirdə ilk öncə faciə qurbanlarının əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Daha sonra ölkəmizin Perudakı səfiri Məmməd Talibov çıxış edərək XX əsrin amansız faciələrindən olan Xocalı Soyqırımı barədə tədbir iştirakçılarını ətraflı məlumatlandırıb. Çıxışında soyqırımını törədənlərin məsuliyyətə cəlb olunmalarının, bu kimi misli görünməmiş insanlıq əleyhinə cinayətlərin yenidən baş verməməsinin əhəmiyyətini vurğulayan səfir ədalətin bərpa olunması üçün Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” beynəlxalq təbliğat-təşviqat kampaniyasından bəhs edib.
Çıxışında bu gün, 32 il sonra Xocalı şəhərində Azərbaycanın dövlət bayrağının dalğalandığını və bununla da Xocalı şəhidlərinin ruhunun şad olduğunu bildirən səfir artıq ölkəmizin uzun illər davam etmiş işğaldan sonra keçmiş məcburi köçkünlərin öz doğma torpaqlarına ləyaqətlə qayıtmasını təmin etmək məqsədilə işğaldan azad edilmiş ərazilərimizdə minatəmizləmə, yenidənqurma və bərpa işləri aparmasından söz açıb.
Həmçinin, çıxışında bir sıra ölkələrin parlamentləri, o cümlədən Peru Konqresinin tərəfindən Xocalı Soyqırımına dair müxtəlif sənədlərin qəbul edildiyini xatırladan səfir Azərbaycan xalqı üçün mühüm əhəmiyyət kəsb edən bu məsələdə nümayiş etdirdiyi ədalətli mövqeyə və həmrəyliyə görə Peru tərəfinə təşəkkürünü bildirib.
Tədbirdə iştirak edən Peru-Azərbaycan dostluq qrupunun üzvləri Maria del Karmen Alva Prieto, Karlos Ernesto Bustamente Donayre və And Parlamentinin Perudan olan üzvü Qustavo Adolfo Paçeko Viyyar da öz növbəsində Xocalıda amansızca qətlə yetirilmiş soydaşlarımızla əlaqədar Azərbaycan xalqına dərin başsağlığı verərək belə faciələrin bir daha təkrarlanmaması üçün günahkarların ədalət qarşısına çıxarılmasının vacibliyin vurğulayıblar.
Tədbirdə iştirakçılara Xocalı Soyqırımı barədə qısametrajlı film nümayiş etdirilib, qanlı faciənin tarixindən bəhs edən broşür və materiallar təqdim olunub.