Fevralın 28-də Rusiyanın Stavropol diyarının Mineralnıe Vodı şəhərində 12-ci Azərbaycan-Rusiya Regionlararası Forumu keçirilib.
Nazirlər Kabinetinin Mətbuat xidmətindən -ya verilən xəbərə görə, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyinin və Rusiyanın İqtisadi İnkişaf Nazirliyinin təşkilatçılığı ilə keçirilən Forumda Azərbaycan və Rusiya tərəfdən dövlət qurumlarının, parlamentlərin, icra hakimiyyəti orqanlarının nümayəndələri, iqtisadiyyatın müxtəlif sahələrində fəaliyyət göstərən sahibkarlar və mətbuat işçiləri iştirak ediblər.
Forum işini KOB sahəsində əməkdaşlığa həsr olunmuş B2B və B2G formatlarında görüşlər və müxtəlif istiqamətlər (“Sənaye sektorunda gələcəyin texnologiyaları”; “Rusiya-Azərbaycan ekoloji dialoqu: standartlar, prioritetlər, perspektivlər”; “Sənaye kooperasiyası: aqrar-sənaye kompleksi sahəsində əməkdaşlıq”; “Rusiya Federasiyasının Şimali Qafqaz Federal Dairəsinin və Azərbaycan Respublikasının ixracatçılarının xarici ticarət əməliyyatlarının müasir xüsusiyyətləri”) üzrə dəyirmi masalarda təşkil olunmuş müzakirələr ilə başlayıb.
Forumun yekununda keçirilən plenar iclasda Azərbaycan və Rusiya prezidentləri İlham Əliyev və Vladimir Putinin forum iştirakçılarına müraciətləri oxunub.
Azərbaycan Respublikasının Prezidentinin müraciətində qeyd olunub ki, qarşılıqlı hörmət və etimada əsaslanan tərəfdaşlığımız praktik olaraq bütün sferaları əhatə edir. Belə formatlarda Regionlararası forumlar özünün effektivliyini sübut edib. Bu gün ölkələrimiz arasında ticarət-iqtisadi əməkdaşlıq inkişaf edir, əmtəə dövriyyəsi artır, yeni istiqamətlər üzrə iş aparılır. Forum çərçivəsində nəqliyyat-logistika, sənaye, kənd təsərrüfatı və ekoloji sahələrdə əməkdaşlığın nəzərdə tutulması iki ölkənin regionlararası səviyyədə daha dərin əlaqələrə can atdığını göstərir.
İclasda çıxış edən Azərbaycan Respublikası Baş nazirinin müavini, Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında iqtisadi əməkdaşlıq məsələləri üzrə Hökumətlərarası Dövlət Komissiyasının həmsədri Şahin Mustafayev qeyd edib ki, Azərbaycan-Rusiya əlaqələri qarşılıqlı hörmət, mehriban qonşuluq prinsiplərinə əsaslanır və strateji tərəfdaşlıq səviyyəsindədir. Dövlətlərimizin başçıları ölkələrimiz arasında siyasi və iqtisadi əlaqələrin inkişafına böyük önəm verdiyini və onların həlledici təşəbbüsləri forumun mötəbər platformaya çevirərək ölkələrimiz arasında əlaqələrin genişləndirilməsində mühüm rol oynadığını bildirib.
Cari ilin 22 yanvar tarixində imzalanmış “2024-2026-cı illər üçün əməkdaşlığın əsas istiqamətlərinin inkişafı üzrə Yol Xəritəsi”nin vacibliyini vurğulayaraq, ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlığa töhfə verəcəyini xüsusilə qeyd edib.
Diqqətə çatdırılıb ki, Rusiya Azərbaycanın mühüm ticarət tərəfdaşlarından biridir və qeyri-neft məhsullarımızın ixracında birinci yerdədir. 2023-cü ildə Rusiya ilə ticarət dövriyyəsi 17,5% artaraq 4,4 milyard dollara çatmışdır. Həmçinin investisiya sahəsində əməkdaşlığı xüsusilə qeyd edərək Azərbaycanda Rusiyanın iştirakı ilə böyük investisiya layihələrinin həyata keçirildiyi bildirilib.
Ötən il ölkələrimiz arasında ikitərəfli yükdaşımaların ümumi həcmi 11 faizdən çox artdığını bildirərək ikitərəfli əməkdaşlığımızın uğurla inkişaf edən və perspektivli sahəsi olan nəqliyyat və tranzit daşımalar sahəsindən danışıb.
Bildirilib ki, “Şimal-Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ölkələrimizin əraziləri vasitəsilə Cənubi Asiyadan Avropaya yüklərin daşınması üçün optimal imkanların yaradılmasına yönəlib və 2023-cü ildə dəhlizlə yükdaşımaların həcmi təxminən 17% artıb.
Qısa müddət ərzində Dağıstan Respublikası, Tatarıstan Respublikası, Başqırdıstan Respublikası, Udmurt Respublikası, Həştərxan vilayəti, Perm diyarı, Ryazan vilayəti və Rusiya Federasiyasının digər subyektləri ilə qarşılıqlı səfərlər həyata keçirilmişdir.
Azərbaycan Rusiyanın 80-ə yaxın subyekti ilə iqtisadi və humanitar sahələrdə mühüm əlaqələr qurub, 20 subyektlə iqtisadi-ticarət, elmi-texniki və mədəni sahələrdə qarşılıqlı fəaliyyətə dair sənədlər imzalanıb.
Plenar iclasda həmçinin Rusiya Federal Məclisi Federasiya Şurası sədrinin birinci müavini Andrey Yatskin, Azərbaycan Respublikası Milli Məclisinin Sədrinin birinci müavini Əli Hüseynli, Rusiya Federasiyasının Stavropol diyarı hökuməti sədrinin birinci müavini Andrey Xlopyanov, Rusiya Prezidentinin Şimali Qafqaz Federal Dairəsi üzrə səlahiyyətli nümayəndəsinin müavini Vladimir Nadıkto, Azərbaycan Respublikası Naftalan Rayon İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov, Azərbaycan Respublikası Qəbələ Rayon İcra Hakimiyyətinin başçısı Səbuhi Abdullayev, “Kavkaz.RF” ASC-nin baş direktorunun birinci müavini Andrey Tsemaxoviç, Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev, Rusiya Federasiyasının Şimali Qafqaz Federal Universitetinin rektoru Dmitri Bespalov və Azərbaycan Respublikası İnşaat və Memarlıq Universitetinin prorektoru Nərgiz Abdullayeva çıxış edərək ölkələrimiz arasında tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsinə dair fikir və təkliflərini bölüşüblər.
Forum çərçivəsində Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayev ilə Rusiya Federasiyası Hökuməti sədrinin müavini Aleksey Overçuk arasında keçirilmiş görüşdə ölkələrimiz arasında birgə layihələrin həyata keçirilməsi, regionlararası əməkdaşlığın dərinləşdirilməsi potensialı və başqa aktual məsələlər barədə fikir mübadiləsi aparılmışdır.