Qadınlar, qadınlar.. -Təranə MƏMMƏDin yeni hekayəsi

Qadınlar, qadınlar.. -Təranə MƏMMƏDin yeni hekayəsi

Hər qadının öz fərdi dünyası var. Hər qadın bir aləm, bir xəzinədir. Maraqlı, sirlərlə dolu qadın dünyasına səyahət edib onu dərk etmək istəyənlərin sayı çox, həmin dünyanı sonadək dərk edənlərin sayı azdır. Qadın dünyası son səhifəsinə qədər oxunmayan bir kitab kimidir. Hər qadının öz həyat hekayəsi, öz həyat dastanı var.

Qadının xöşbəxtliyi də, bədbəxtliyi də çox vaxt əks cinsin ona münasibətindən asılı olur desəm yəqin ki, yanılmaram. Dünyaya sevib-sevilmək üçün gələn qadının sevgisi də bəzən özü kimi layiqincə dəyərləndirilmir.
25 yaşım təzə tamam olmuşdu. Ailəli idim, bir oğlum da var idi. Deyilənə görə xarici görünüşüm pis deyildi. Etiraf edim ki, buna o qədər də əhəmiyyət vermirdim, çünki içimdə həmişə özümə inam və arxayınçılıq hissi var idi.
Təzə qəbul olunduğum iş yeri ilə tanışlığım yaxşı yadımdadır.
İş otağıma daxil olub iki qadınla tanış oldum. Onlar məni qarşılayıb bir yerdə,y əni bir otaqda işləyəcəyimizi xəbər verdilər. Qadınlardan biri nisbətən yaşlı, digəri elə mənimlə yaşıd olardı. Düzünü deyim ki, onların baxışlarında və davranışlarında o qədər də səmimiyyət hiss etmədim. Lakin o gün buna o qədər də əhəmmiyyət vermədim. Mənə ayrılan yerə yaxınlaşıb təzəcə çantamı oturacağın üstünə qoymuşdum ki, otağın qapısı açıldı və içəri təxminən 40- 45 yaşlı hündür boylu, ilk baxışdan çox cazibədar bir qadın daxil oldu. Qadının iri qara gözləri, qara uzun saçları və ağappaq dərisi ona xüsusi gözəllik verirdi. Otaqdakı qadınlar ayağa qalxmaq istədikdə, içəri girən qadın əliylə işarə edib:
– Əyləşin, işinizdə olun,- dedi və mənə tərəf addımladı.
– Hə… Təzə işçi sənsən?
– Bəli,- dedim.
Qadın iri sürməli gözləriylə məni başdan ayağa süzdükdən sonra bayaqdan mənə çox gözəl görünən gözlərini elə qıydı ki, sanki üzünə kimsə turşu çilədi.
– Tanışam tərcümeyi-halınla. Mən sənin,- qadın otağa göz gəzdirib- sizin bölmənin rəisiyəm. Adım Süsəndir, – dedi.
O, bu sözləri elə dedi ki, sanki Nefertiti Misir taxtının kraliçası olduğunu xalqa bəyan edirdi.
– Çox yaxşı,- dedim.
Bu mənim Süsən xanımla ilk görüşüm idi.
Cəsarətlə deyə bilərəm ki, işimdə çox məsuliyyətliyəm. Mənə verilən bütün tapşırıqları həmişə vaxtından əvvəl icra edib təhvil verirdim. Lakin Süsən xanım nə işimi, nə də məni bəyənmirdi ki, bəyənmirdi.
İş o yerə çatırdı ki, hərdən əsəblərimi cilovlaya bilməyib ağlayırdım, lakin başıma gələnləri heç kimlə bölüşmürdüm. Hətta evdə yoldaşıma da heç nə demirdim. Sadəcə baş verənlərin səbəbini anlamağa çalışırdım. Mənimlə bir otaqda oturan qadınlar da sanki Süsən xanımın mənə münasibətindən xüsusi həzz alırdılar. Rəisimin mənə ara-sıra dediyi atmacaların mənasını dərhal anlamır, saatlarla nə demək istədiyini düşünməli olurdum. Tədricən başqa həmkarlarımla da tanış oldum. Çox savadlı və maraqlı insanlarla çalışdığımı hiss etdikcə işimi daha çox sevirdim. Hərdən mənə elə gəlirdi ki, kişi həmkarlarımın mənə münasibəti daha səmimidir. Sonralar bunun həqiqətən də belə olduğunu dəqiq bildim. Mən də onlara dərin hörmətlə yanaşır, bilmədiklərimi onlardan öyrənməyə çalışırdım.
Günlərin birində Süsən xanım məni otağına çağırıb əvvəl işimi yoxlayıb adəti üzrə tənqid etdi sonra:
– Ərin qısqancdı? – deyə qəribə sual verdi.
– Məncə o qədər yox, – deyə mən sualın məqsədini anlamadan cavab verdim.
– Deməli, sevmir səni, – deyə, Süsən gülümsədi.
Mən cavab verməməyi üstün tutub susdum.
– Kişilər laqeyd oldusa, demək ya başqa yerdə adamı var, ya da…
– Ya da? – deyə mən dözməyib soruşdum.
– Ya da sən qadın kimi onu daha maraqlandırmırsan.
Süsənin bu anlaşılmaz və heç mənə və ailəmə dəxli olmayan söhbəti məni o qədər əsəbiləşdirdi ki, mən bu dəfə ağlamaq əvəzinə güldüm və:
– Sizi nə maraqlandırır, Süsən xanım? – deyə qadının gözləmədiyi sualı verdim.
O, bir qədər özünü itirsə də, adəti üzrə gözlərini qıyıb mənə baxdı və:
– Rəis səndən soruşsa ki, ərin qısqancdır, deyərsən ki, qısqancdır, – dedi.
Şəxsi həyatımın rəisə nə dəxli olduğunu soruşmaq istəyirdim ki, xanım əlindəki qələmi masaya vura-vura:
– Sənin üçün deyirəm. Rəisimiz bir az… necə deyim, qadınlarla çox maraqlanır. Ona görə bilsə ki, ərin qısqancdır səninlə işi olmaz, – dedi.
Rəisimiz yaşlı adam idi. İşlədiyim müddətdə onun qadınlara qarşı qeyri-adi münasibətini hiss etməmişdim. Hər halda, Süsən xanımın dedikləri məni bir qədər düşündürdü.
Otağıma qayıdanda qadınlar halımın dəyişdiyini hiss edib güldülər və onlardan biri:
– Nə olub? Baş rəisin otağından çıxmısan? – deyə soruşdu və onlar yenə güldülər.
Bundan sonra rəisin həqiqətən qadın düşgünü olduğuna şübhəm qalmadı. “Yoxsa niyə belə desinlər ki?” – deyə düşündüm.
Çalışdığım sahə çox maraqlı olsa da Süsən xanımın münasibəti məni çox narahat edirdi və mən başqa bir yerə keçmək üçün fürsət axtarırdım.
İşə yoldaşımla gedib gəlirdim. O, maşınla məni hər səhər gətirir, axşam da evə aparırdı.
Səhər tezdən həmişəki kimi maşınımız idarənin qarşısında dayandı. Mən maşından düşüb qapını bağlamaq istəyirdim ki, Süsən xanım əliylə qapını tutub üzümə gülümsəyərək salamlaşdı və:
– Bizi tanış etmək istəmirsən? – deyə başını maşının içinə soxdu.
– Bəli, buyurun, tanış olun. Yoldaşımdır,- dedim.
Qadın gözlərini qıyıb mənə sonra yoldaşıma baxdı və:
– Mən sizin yerinizə olsaydım belə gözəl qadını işə buraxmazdım. İndi iş yerlərində nələr baş verdiyini özünüz də bilirsiiniz yəqin, – deyə qadının zarafat etdiyini güman etdim.
Yoldaşım sadəcə gülümsəyib:
– Arxayın olmasam, buraxmaram. Kişilərdən çox qadınlardan qorunmaq lazımdır indi, – dedi.
Yoldaşımın bu cavabı çox ürəyimdən oldu, çünki indi məhz bu cavabı almalıydı Süsən xanım.
Rəisimin gülər üzü dərhal dəyişdi. O, üzündə süni təbəssüm yaratsa da, gözlərindəki nifrət hissini gizlədə bilmədi.
Yoldaşım sağollaşıb getdi.
Mən rəisimlə bir qədər məsafəni bir yerdə addımlamalı oldum.
– Yaraşıqlı ərin var, – deyə Süsən üzünü mənə çevirdi.
– Çox sağ olun.
– Səni sevir deyəsən
– Nə bilim. Yəqin ki.
– Amma sən heç arxayın olma. Kişilər burda birini sevir, işdə digərini. Sən hələ cavansan bunları bilməzsən. Amma ərin yaşda səndən böyükdür. O bilər.
– Məncə…
– Məncəsi, səncəsi yoxdur. Kişilər hamısı eynidir, – deyib qadın qəfildən qəh-qəhə çəkib gülməyə başladı. Elə gülməyə başladığı kimi də qəfil gülüşünü dayandırıb ciddi şəkildə:
– Yaşın dəxli yoxdur. Bəzən cavan qadınları qoyub yaşlı qadınların yanına da gedə bilirlər kişilər. Hə, elə də olur, – deyib gülümsədi və mənim düz gözlərmin içinə baxıb susdu.
Biz pilləkənləri qalxıb otaqlarımıza ayrıldıq. Çantamı asılqandan asıb oturdum və:
“Bu qadın xəstədir. Nə istəyir bu məndən? İndi də bu mənasız söhbət. Kimə lazımdır kimin əri necədir axı?” – deyə düşündüm.
Gün ərzində bir neçə dəfə Süsən xanım məni yanına çağırıb gördüyüm işdən narazı olduğunu bildirdi. Bu gün o mənə tamam başqa baxışlarla baxır və hər dəfə mən otaqdan çıxanda gözlərini qıyıb gülümsəyirdi. Onun bu hərəkətini heç cür izah edə bilmirdim.
O gün işdən evə qayıdanda söhbəti maşında yoldaşım başladı:
– O sənin rəisin idi?
– Hə. Bəyəndin?
– Yox. Heç bəyənmədim
– Niyə?
– Çünki paxıldır.
– Sən nə danışırsan? O rəis işləyir.
– Nə dəxli var ki? O nə söz idi danışırdı? O sənə paxıllıq edir. Anlamırsan bunu sən?
– O mənə dedi ki, rəisimiz qadın düşğünüdür.
– Özüdür onun düşgün. Gözlərindən görünür. Ovçudür.
– Nədir?
– Sən bilməzsən.
– Sən bil ki, sən ondan ağıllı, ondan gözəlsən. Özünü aciz göstərmə. Sənın ondan heç bir asılılığın yoxdur. O, sadəcə sənin rəisindir. Şəxsi işlərinə isə qarışmağa ixtiyarı yoxdur, – deyə əlavə etdi.
Yoldaşımın sözləri məni sanki yuxudan oyatdı. Süsən xanımın mənə qeyri-adi münasibətinin məhz paxıllıq olduğunu anladım. Ertəsi gün işə tamamilə başqa əhval-ruhiyyədə getdim.
Səhər tezdən oyanıb saçlarımı başqa tərzdə daradım. Təzə don geyindim. Kosmetikadan həmişəkindən bir qədər çox istifadə etdim. Bir sözlə, tam fərqli bir görkəmdə getdim işə. Maşında yoldaşım mənə baxıb :
– Mən də qadın olsaydım sənə paxıllıq edərdim. Gözəlsən axı. Çox gözəlsən! – dedi.
Onun sözləri məni daha da ruhlandırdı.
Yolda belə qərara gəldim ki, bu gün özüm Süsən xanımın otağına gedib ona salam verəcəm. “Qoy görsün ki, bu gün mən tam başqayam!” – deyə fikirləşirdim.
İşə həmişəkindən tez gəlmişdim. Otağıma keçib güzgüyə baxdım, saçlarımı düzəltdim. Mən otaqdan cıxıb rəisimə salam verməyə gedirdim ki, onun otağından gələn qeyri-adi səsləri eşidib ayaq saxladım.
İlk saniyələrdə heç nə anlamasam da, bir qədər sonra Süsən xanımın gənc işçimiz Orxanla çox intim söhbət etdiyini tam yəqin etdim. Mən bir addım da irəliləyib onları açıq qapıdan aydın gördüm. Gördüyüm səhnə düşündüklərimi tam təsdiq etdi. ”Bu ki, onun oğlu yerindədir!” – deyə heyrətə gəldim və qeyri-ixtiyari iki addım da atdım. Ayaq səslərini eşidən Süsən, Orxanı itələyib saçlarını və açıq yaxasını bağladı, lakin gec idi. Onlar ikisi də bildilər ki, mən onları bir yerdə gördüm.
Mən ilk dəfə istəmədiyim bir hərəkət etdim. Ancaq əminəm ki, bunu etməsəydim Süsəndən canımı qurtara bilməyəcəydim.
İcəri girib salam verdim və Süsənin düz gözlərinə baxaraq:
– Düz deyirsiniz, Süsən xanım, bəzən cavan oğlanlar yaşlı qadınlarla eşq macərası yaşaya bilirlər, – deyib, otaqdan çıxdım.
Otağıma qayıdıb yerimdə otursam da, işləyə bilmirdim. Bilirdim ki, bu gün gördüklərimin əvəzində Süsən xanımdan nəsə bir zərbə almalıyam. Cəzamın nə və necə olduğunu heç ağlıma gətirə bilmirdim, çünki o qadının nələrə qadir olduğnu təsəvvür etmək çətin idi. Yeganə onu bilirdim ki, indi daha diqqətli, daha mübariz olmalıyam.
Bir neçə gün Süsən xanım mənimlə heç bir əlaqə yaratmır, işimlə də maraqlanmırdı. Aydın məsələ idi ki, indi burda ikimizdən birimiz qalmalıydıq, çünki bizim bir yerdə işləməyimiz artıq mümkün deyildi.
3-4 gündən sonra Süsən xanımın ərizə yazıb işdən getmək arzusunu hamı təəccüblə qarşıladı. İşçilər bu məsələnin səbəbini aydınlaşdırmaq üçün min bir fikir irəli sürürdülər. Heç kimin ağlına gələ bilməzdi ki, Süsən xanımın işdən aralanma səbəbini yeganə bilən adam məhz mən idim. Təbii ki, mən bildiklərimi heç kimə danışmır və heç vaxt da danışmaq fikrində deyildim.
Süsən məni otağına çağıranda anladım ki, bu gün aramızda olan söhbət artıq həmişəki kimi rəisimin üstünlüyü ilə keçməyəcək. Güzgüyə baxıb özüm-özümə göz vurdum və ” İrəli!” deyib otaqdan çıxdım.
Süsənin qapısını döyüb içəri girdim. Bir neçə gün görmədiyim qadın xeyli dəyişmişdi. Üzündə kosmetikası, gözlərində sürməsi yox idi. Saçlarını arxada yığıb bağlamışdı. Düzü, mənə nədənsə bu görkəmdə qadın daha xoş gəldi. O, sanki daxilən də dəyişmişdi.
– Salam, Süsən xanım, – dedim
– Salam, gəl, otur. Necəsən? – deyə, rəisim cavab verdi.
– Yaxşıyam sağ olun. Siz necəsiniz? – deyə cürət edib soruşdum.
Qadın ayağa durub qapını açarla bağladı. Sonra mənimlə üzbəüz oturub bir an gözlərimin içinə baxdı. Onun iri cazibəli gözləri dolmuşdu. Mən nə edəcəyimi bilməsəm də söhbətimizin çətin olacağını artıq hiss edirdim.
– Mən tərbiyəsiz biri deyiləm. İstəyirəm bunu biləsən. Ərə gedənə qədər heç kimlə görüşməmişdim. O, mənim ilk məhəbbətim idi. Ərimi çox sevirdim. Onunla olanda özümü dünyanın ən xoşbəxt qadını hiss edirdim. Hətta onun övlad istəmədiyini qəbul edib onunla on il yaşadım. Amma biləndə ki, mənim ən yaxın rəfiqəmlə sevişir, ağlım başımdam çıxdı. Bir gün rəfiqəm mənə zəng edib xaricə həmişəlik yaşamağa getdiyini bildirdi. Çox təsirləndim. Axı, o, mənə bacı kimi idi. O, mənə “Məni bağışla, Süsən. Mən xaricə sənin ərinlə gedirəm. Biz bir-birimizi sevirik” – dedi. Bax belə, dünyalar qədər sevdiyim insan mənə böyük bir mənəvi zərbə vurdu. Özümə qəsd etmək istədiyim zaman xəstəxanada həkimlər məni zorla həyata qaytardılar. Sonra yavaş-yavaş özümə gəldim və söz verdim ki, ərimdən qisas alacam. Gəldim bura. Rəisimiz onun yaxın dostudur. Ərimə acıq vermək üçün onun dostuyla yaxın əlaqə yaratmaq istədim. Bunu niyə etdiyimi bilmirdim, istəyirdim ki, o, da belə bir xəyanətin nə olduğunu hiss etsin. Amma rəisimiz çox alicənab insan olaraq hər şeyi anladı və məni sakitləşdirib başıma ağıl qoydu. “İşinə davam et!” -dedi. Mən onun yerinə olsaydınım qovardım belə qadını işdən. Amma o, mənim başıma gələnləri anladı və məni işdə saxladı,çünki o vaxt işləməsəydim dəli olardım.
Orxana gəlincə, o da mənim kimi yaralıdır. Burda bir qızı sevirdi. Ona ürəyini vermişdi, amma qız onun yaxın dostunu seçdi. Orxanla sən güman etdiyin dərin əlaqəm yoxdur. Biz sadəcə dərdimizi bölüşürük. Amma sən gördüyün səhnə var idi. Özümdən qat-qat cavan biri məni sevdiyini dedikdə sanki ərimdən qisas alıram. Ona acıq olsun deyə edirəm bunu. Anlayırsan? Yox. Anlamırsan, çünki bunu anlamaq çətindir. Bəlkə mən də anlamazdım.
İlk gündən sənə paxıllıq etdim. Sənin gözəlliyindən qorxdum. Qorxdum ki.. Heç bilmirəm niyə belə qorxdum. Axı, indi mənim əlimdən alınacaq heç kimim yoxdur – dedi, Süsən xanım.
Mən sakitcə oturub qadını dinləyirdim. Bütün bunları adi bir hekayə kimi qəbul edərdim, əgər Süsən ağlamasaydı. O, elə içdən ağladı ki, mən də özümü saxlaya bilmədim. Yerimdən durub Süsənə yaxınlaşdım. Onun boynunu qucaqlayıb üzünə dağılmış saçlarını düzəltdim, sonra onu bağrıma basıb:
– Sakit olun, Süsən xanım. Lütfən sakit olun! – dedim. Sonra masanın üstündəki su qabından ona su verdim O, suyu içib çantasınsdan bir dərman çıxarıb ağzına qoydu.
– Kaş ki, mən yaşayanları sən yaşamayasan, – dedi.
Bir qədər sakitləşdikdən sonra otağın açarını mənə uzadıb:
– Get otağına, – dedi.
Mən otağıma qayıdıb xeyli düşündüm. Başımda hər şey qarma-qarışıq idi. Yeganə onu bilirdim ki, bu gün Süsən xanım özü idi. Onda heç bir saxta, süni hərəkət yox idi. Demək ki, dedikləri həqiqət, yaşadıqları anlaşılandır.
İşin bitməsinə yarım saat qalırdı. Mən çantamı yığışdırıb evə getməyə hazırlaşırdım. Birdən qapı açıldı və katibə:
– Sizi rəis çağırır, – dedi
Rəisin otağında cəmi bir dəfə işə qəbul olanda olmuşdum. Bu gün ikinci dəfə otağa daxil olanda yenə də ilk dəfə olduğu kimi həyacanlı idim.
– Buyurun, əyləşin, – deyə rəis mənə oturmağı təklif etdi.
Bir qədər ümumi söhbət etdikdən sonra:
– Deməli belə. Sizi bura çağırmağımın səbəbi var. Bildiyiniz kimi, Süsən xanım öz ərizəsiylə idarəmizi tərk edir. Əlbəttə mən istəməzdim getsin, çünki işi yaxşı bilir, təçrübəsi böyükdür, ancaq o, heç niyə belə qərara gəldiyinin səbəbini də izah etmədən ərizə yazıb. Mən hələ ərizəyə qol çəkməmişəm, amma qərar Süsən xanımındır. Biz onu məcbur edə bilmərik.
Mən susur və rəisi dinləyirdim. Bir dəqiqə pauzadan sonra o,
– Mən belə qərara gəlmişəm ki, Süsən xanımın yerinə sizi təyin edim. Bu həm sizə, həm də bizə xeyirli olar. Siz bölmə rəisi vəzifəsini alırsınız, biz isə yeni, cavan, savadlı bir kadr əldə edirik. Nə deyirsiniz? – deyə rəis sual verdi.
– Gözlənilməz təklif oldu. Etimadınıza görə təşəkkür edirəm, ancaq mən bilən Süsən xanım fikrini dəyişib. O, qalıb işləyəcək. Məncə kadr yerdəyişməsinə ehtiyac olmayacaq.
– Mən belə deməzdim. Süsən bu gün çox pis dəydi gözümə. Hətta icazə alıb evə getdi.
– Bəli. Çox ehtimal ki, yorğundur bir az. Mən sizə əminliklə deyirəm ki, sabah hər şey öz yerini alacaq.
– Bu əminlik hardandır?
– Qadın intuisiyasıdır.
– Yaxşı, əgər intuisiyanız sizi aldatsa, Süsən xanımın yerini sizdən soruşmadan sizə verəcəyəm, – deyib, güldü rəis.
İşdən həmişəkindən bir qədər gec çıxdım.Yoldaşım məni artıq maşında gözləyirdi. Mən gülə-gülə maşına oturdum. Yoldaşım mənim əhvalımın dəyişik olduğunu hiss edib:
– Bu gün başqasan, əzizim. Nə olub? – dedi
– Bu gün Süsən xanımla söhbətimiz olub, – deyə cavab verdim.
Yoldaşım əsəbiləşib Süsənin ünvanına nəsə demək istədi. Ancaq mən onu qabaqlayıb bu gün olanları yodaşıma danışdım. O da bir qədər düşünüb:
– Yazığım gəldi ona. Əclaf kişi gör qadını nə günə qoyub. Bəlkə zəng edəsən çıxardaq onu şəhərə? – deyə yoldaşım təklif etdi.
Mən telefonumu açıb Süsənin nömrəsini yığdım.
– Süsən xanım, hazırlaşın sizi şam yeməyinə dəvət edirəm, – dedim. Bir saatdan sonra biz sahildə restoranların birində şam yeməyi yeyirdik. Süsən xanım bu axşam o qədər gözəl idi ki, ətrafda hər kəs ona diqqət yetirdi. Biz xeyli oturduq. Yoldaşım da mən də əlimizdən gələni etdik ki, Süsən xanımın keyfi açılsın. O, gülüb danışdıqca daha da gözəl görünürdü. Mən ürəyimdə “Bu gözəl qadının bəxti niyə belə olsun axı?” – deyə öz-özümə sual verirdim. Və düşünürdüm ki, bir zaman oxuduğum “Qadında hər şey var bircə xoşbəxtlikdən başqa” cümləsi məhz Süsən xanıma aiddir.
Süsən xanımı evə aparanda yolda ondan bir xahiş etdim və o mənə söz verdi ki, sözümü yerə salmayacaq.
Ertəsi gün Süsən xanım işə yeni imicdə gəlib birinci rəisin otağına girdi və:
– Ver bura ərizəmi, fikrimi dəyişdim, – dedi
Rəis eynəyini çıxarıb Süsənə baxdı.
– Bu nə gözəllikdir? Nə baş verir?
– Həyat davam edir, əzizim! – deyib öz otağına getdi.
O gündən idarəmizdə çox şey dəyişdi. Süsən xanım cavan qadınlara paxıllıq etmir, onlara əlindən gələn köməyi edirdi.
Bir neçə aydan sonra Süsən xanım hamımızı restorana dəvət etdi. Yığıncağın səbəbini mən və yoldaşımdam başqa heç kim bilmirdi. Süsən xanım bu axşam çox gözəl görünürdü. Sadə ağ kostyum ona çox yaraşır, hündür dabanlı ayaqqabı onun onsuz da hündür qamətini daha da gözəl göstərirdi. Saç düzümü üzünün cizgilərini daha aydın biruzə verirdi. Bu gün Süsən xanıma heç kim onun yaşını vermirdi. Qadın sanki 10 il cavanlaşmışdı. O, özünə çox yaraşan ağ saç, ağ saqqallı, eynəkli bir adamın mehribancasına qoluna girib məçlisi özü açaraq,
– Bu gün bura yeni bir həyata başlamaq qərarıyla gəldim, – dedi. Sonra qoluna girdiyi kişiyə üzünü tutaraq:
– Bu insan məni yenidən həyata qaytardı. O, sübut etdi ki, qadın sevgiyə layiqdir və əgər onu sevib anlayan olarsa, qadın sevdiyinə canını da verər. Biz ailə olmaq istədik və bu gün aramızda rəsmi nigah bağladıq. Sizi buraya sevincimi bölmək üçün dəvət etdim. Gəldiyiniz üçün çox sağ olun.
Hamı əl çalıb onlara xoşbəxtlik arzulayır, şərəflərinə badələr qaldırırdı. Rəisimiz Süsəni bu qədər dəyişdirə bilən səbəbkarı tanımırdı. Onlar bu gün burda tanış olmuşdular.
Tək mən və yoldaşım bilirdik ki, Süsən xanıma evlilik təklif edib ondan müsbət cavab alan, onunla rəsmi nigaha qol çəkən adam iri bir şirkətin rəhbəri, gözəl insan və eyni zamanda mənim yoldaşımın rəisi idi. Bütün bunlar aramızda olan başqa söhbətlər kimi Süsən xanımla mənim sirrimiz olaraq qaldı…
“Ehh, qadınlar, qadınlar… Bir gün bir kişi qadını bədbəxt edib həyatını çəhənnəmə çevirə biləcək qədər incidə bilər. Bir gün də başqa birisi onu xoşbəxt edə bilər! Bir şey dəqiqdir ki, heç vaxt heç bir qadın, hətta dünyanın ən gözəl, ən ağıllı qadını olsa belə, bir gün xəyanətlə qarşılaşmayacağına zəmanət verə bilməz…” Bütün bunları maşında evə qayıdarkən sükan arxasında oturan həyat yoldaşıma baxa-baxa düşünürdüm…
Share: