Jurnalist, televiziya tənqidçisi, filologiya elmləri doktoru professor Qulu Məhərrəmlinin -ya müsahibəsi
– Qulu müəllim, televiziyanın hazırkı durumu kifayət qədər müzakirələrə yol açır. Söhbətimiz də bu konteksdə olacaq. Əvvəlcə oradan başlayaq ki, hal-hazırda, həqiqətən də, öz səviyyəsini qoruyan kifayət qədər sanballı layihələr var. Hansı ki bu qəbildən analitik proqramları, xəbər layihələrini misal çəkə bilərik.
– Doğrudur. Bu mənada, televiziyanın indiki halına baxıb qəti hökm vermək bir az çətindir. Bizim müxtəlif kanallarda müxtəlif layihələr var ki, onların konkret tamaşaçı auditoriyası var. Bu da həmin televiziyanın özünü bu yöndə səfərbər eləməsinin nəticəsidir. Həm dünyada qəbul edilmiş layihələr, həm də yerli düşüncənin məhsulu olan layihələr var ki, həqiqətən də, baxılır: tarixlə bağlı, ictimai məzmunla bağlı, müəyyən müzakirə ehtiva edən layihələr və digər. Söhbət daha peşəkar, müəyyən bilik səviyyəsi olan ekspertlərin dəvət olunmasına, yeni sözün deyilməsinə gəlincə, hə, müəyyən ciddi problemlər var. Xüsusilə bu tip müzakirələrdə plüralizm çatmır, bir nəfərin dediyini dərhal digərləri təsdiq edir. Hesab edirəm ki, bu kimi hallar diskusiyaya mane olur, fikir toqquşmalarının qarşısını alır və tamaşaçı üçün mövqe müxtəlifliyi sezilmir. Bizim əsas problemimiz şou proqramlarla bağlıdır.
– Sosial məzmun ehtiva edən və bu mövzuların bir az şouya çevrilməsi və sırf ailə-məişət mövzularının efir müstəvisinə daşınmasından danışaq. Ümumiyyətlə, insanların şəxsi həyatından doğan problemlərə efirdə yer verilməsinin hər hansısa beynəlxalq standartı var? Bu necə tənzimlənir?
– Sosial məzmunlu layihələr dünyanın bütün televiziyalarında var. Niyə? Çünki televiziya təkcə əyləncə üçün, yaxud siyasi müzakirə üçün deyil. Burada sosial mövzulara da yer verilməsi normaldır. Bu cür layihələr həm də televiziya ilə cəmiyyət arasında körpü rolu oynayır. Tutaq ki, hər hansısa bir problem var, onu televiziya necə işıqlandırır? Problemə necə yanaşır? Sadəcə onu şouya çevirməklə kifayətlənirmi, yoxsa problemin konkret kökünə enir, yaxud buna cəhd edirmi? Bizim suallar budur.
Sosial məzmunlu verilişlər üçün televiziyadan əlavə alternativlər var, buna yutub kanalları aiddir. İndi sosial şəbəkə anlayışı özünün ən pik dövrünü yaşayır. Bu cür mövzular həm də yutub kanalları üçün maraqlıdır. Hansı ki orada bu məsələlər kifayət qədər geniş işıqlandırılır.
Əgər ortaya bir sosial problem qoymuşuqsa, onun həllinə çalışırıqsa, verilişdə ekspert mövqeyi olmalıdır. O ekspert mövzuya hakim olmalıldır. Ekspert dediyimiz insan müzakirəsinə qoşulduğu mövzunu dərindən bilməlidir.
– Elədirmi, Qulu müəllim? Bizim efirlərdə gördüyümüz ekspertlər bu kriteriyalara cavab verir?
– Bilirsiniz, televiziyaların bu dəqiqə ən ciddi problemlərindən biri məlumat mənbəyinə çatmaq problemidirsə, ikincisi sahəsini yaxşı bilən ekspertlərin olmamasıdır. Bir neçə adam var, hər yerdə o adamları görürük, hər yerdə onların fikrini eşidirik. Bu da ortaya qoyulan problem üçün heç bir ciddi müzakirə vəd etmir. Çünki ortada eynilik var. Bayaq da dediyimiz kimi, dünya praktikasında bu cür layihələr geniş yayılıb və oturuşub. Lakin onlarda problem üzərindən şou qurmaq, onu şoulaşdırmaq, əlbəttə ki, yoxdur. Orada problem var, ekspert mövqeyi var və problemdən çıxış yollarını özündə ehtiva edən təkliflər var. Bizdə nə var? Şor, lağlağı, hay-küy, qışqır-bağır.
– Yaxşı, bəs, ümumiyyətlə, insanların şəxsi həyatının televiziyaya daşınması, müzakirə predmetinə çevrilməsi məsələsində hansı kriteriyalar var? Bizim sosial məzmunlu verilişlərdə bu kriteriyalara əməl edilirmi?
– Bizdə ümumiyyətlə media üçün heç bir xüsusi qadağa yoxdur. Hansı problemi, hansı mövzunu istəyirsən, buyur.Amma əsas məsələ sözügedən problemə hansı prizmadan yanaşma mexanizmidir. Biz problem üzərində sensasiya qurmaq, onu şouya çevirmək, insanların şəxsi həyatlarına elə efirdəcə müdaxilə etmək üçün bu layihələri ediriksə, bu yolverilməzdir. Bunun konkret kodeksi, kriteriya sərhədi yoxdur. Amma əsrlərdən keçmiş ənənələr var, etiketlər var, dəyərlər var. Biz onları tapdalamamalıyıq axı. Televiziyada insanın şəxsi həyatını mövzu etmək, ailə münasibətlərini, qonşuluq, qohumluq münasibətlərini qabartmaq, o problemləri mümkün ən iyrənc formada müzakirə etmək, bununla tamaşaçı qazanmaq, reytinq əldə etmək, əlbəttə ki, tamamilə yolverilməzdir.
– Sosial mediada bu tip verilişlərlə bağlı konkret faktlar var ki, həmin verilişlərin əvvəlcədən hazırlanmış ssenariləri olur. Məsələn, iki şəxs efirin müəyyən dəqiqəsində bir-birini təhqir etməlidir, yaxud hansısa xoşagəlməz davranış sərgiləməlidir və sair.
– Bilirsiniz, nə olur, olsun, mövcud vəziyyət əvvəlcədən hazırlanmış bir ssenaridirsə, biz efirə baxanda onu görürük. Dərhal sünilik, uydurmalıq özünü hiss etdirir. Şübhəsiz, bütün bu faktlar da, birmənalı olaraq, qınanmalıdır. Qəbuledilməzdir. Bütün bu məsələlərin yekunu kimi ortaya sual çıxır: bu cür layihələrin məqsədi nədir? Niyə biz cəmiyyətimizi, insan düşüncəsi və əxlaqını bu şəkildə təqdim edirik? Niyə biz mentalitetə zərər vuran şeylərdən reklam qazanmağa çalışırıq? Danışdığımız layihələrə baxan adamlar belə düşünür ki, bütün məmləkət, bütün ailələr, ölkədəki bütün zümrə bu vəziyyətdədir. Axı belə deyil. Biz neqativləri elə şişirdirik ki, bu, bütün cəmiyyətin güzgüsü kimi görünür. Əlbəttə, ailələrdə, cəmiyyətdə müəyyən problemlər, boşluqlar var. Bunu incə, peşəkar formada müzakirəyə çevirmək, həll yolları axtarmaq lazımdır ki, tamaşaçı baxdığı müzakirə ətrafında düşünə bilsin.
– Qulu müəllim, bu yaxınlarda haqqında danışdığımız verilişlərin birində aparıcı və ekspertlər tərəfindən qonağa kifayət qədər təzyiq edildi. Söhbət intihara gəldikdə aparıcının cavabı belə oldu ki, getsin eləsin, ona cavabdeh deyiləm. Baxın bu situasiya həm də sosial layihələrdə aparıcı peşəkarlığı məsələsini də qabardır.
– Tamamilə haqlısınız. Yaxşı aparıcı məsələsi, birmənalı olaraq, televiziya məkanı üçün ən həssas mövzulardan biridir. Müəyyən aparıcılar var ki, onlar tədricən formalaşır, müəyyən imic qazanır, öz kütləsi olur, kanala özü ilə reklam gətirir – bu, konkret faktdır və bunu qəbul edirik. Əsas məsələ nədir? Məsələ intellektual aparıcı, intellektual şoumenlərin olub-olmaması, situasiyaya hakim, kritik anlarda qərar qəbul edə bilən, lazımi fikirləri ifadə etmək üçün leksik bazası olan aparıcıların azlığıdır. Əvvəllər teleməkanda çox yaxşı aparıcılarımız olub. Və həmin aparıcılar, onların müəllifi olduğu aparıcılar göstərir ki, etik çərçivəni qoruayaraq, hay-küy salmadan, bayağılığıa qaçmadan, sanballı formada da efirə tamaşaçı cəlb etmək, kanala reklam gətirmək olur. Amma bu gün, təəssüf, görürük ki, vəziyyət o qədər də ürəkaçan deyil. Biz də başa düşürük, televiziyalar yaşamalıdır, bu aydındır, onlar reklam qazanmalıdır, bazara çıxmalı, verilişi satmalıdır. Amma bütün bu sadalanalar əxlaqi dəyərləri dışlamaq fonunda ola bilməz, olmamalıdır.
– Bəs necə olmalıdır? Nəyə əsaslanmalıdır. Konkret.
– İndiki davranış formasında olmamalıdır. Birmənalı. Problemin kökünə enməli, onun rejissurası tapılmalı, dramaturji cəhətdən layihə elə qurulmalıdır ki, düşünmək üçün ortaya normal suallar çıxsın. Çığır-bağırla, adam toqquşdurmaqla ciddi nəticə əldə etmək çətindir, hətta mümkünsüzdür.
– Özünə müəyyən kütlə toplamış aparıcı ilə işləmək, sözsüz, kanal üçün reytinq və reklam deməkdir. Amma bəzən görürük ki, aparıcılar artıq həmin kütləyə və sosial mediada qazandığı şöhrətə arxalanır. Bir növ, peşəkarlığını şöhrətə qurban vermək naminə olsa da, müəyyən əxlaq kriteriyalarını tapdayır.
– Sizin dediyiniz bu problem də yaxşı aparıcıların az olmasından doğur. Bu gün ölkə televiziyalarında çalışacaq, yaxşı layihələrdə sima olacaq peşəkar aparıcı çox-çox azdır. Bu baxımdan, hansısa uğursuz aparıcı bir kanaldan çıxır, gedib başqasında çalışır. Çünki alternativ azdır. Çox azdır. Bu cür layihələr üçün qaydaları pozmayan, müəyyən kriteriyalara əməl edəcək, siz dediyiniz kimi özünü şöhrətə qurban verməyəcək aparıcıların yetişdirilməsinə mütləq şəkildə ehtiyac var. Dünya praktikasında da bu cür verilişlərdə müəyyən qalmaqallı məqamları görürük, amma o qalmaqallar elə formada işlənir ki, bizdəki formada ürəkbulandırıcı olmur.
– Problemi müzakirə predmetinə çevrilən qonaq bəzən aparıcılar tərəfindən gülüş və lağlağı hədəfinə çevrilir və sosial mediada tirajlanır. Bəs bu kimi hallar nə dərəcədə doğrudur?
– Qəti şəkildə yolverilməzdir. Bu cür verilişlərdə o tip hadisələr sırf sosial şəbəkələrdə yayılmaq üçün hesablanır. Yəni verilişdə baş verən hansısa xırda bir epizod tez bir zamanda sosial şəbəkədə yayılır, bu da həmin verilişin reytinqini qaldırır. Olmamalıdır. İnsan şəxsiyyətini alçaldan, onun heysiyyətinə toxunan, tamaşaçıya hörmətsizlik aşılayan verilişlər, oradakı kadr və davranışlar birmənalı olaraq qınanmalıdır. Bunlara göz yummaq olmaz. Buna televiziya özü, yaxud aidiyyəti orqanlar göz yumursa, bu çox pis haldır. Doğrudur, bəzən bu yöndə kəskin addımların şahidi oluruq və bunu təqdir edirik. Hətta müzakirələr parlament səviyyəsinə qədər gedib çıxır. Amma sonra nə olur? Heç nə. Bu cür məqamlarda mümkün qədər sərt tədbirlər görülməlidir.
– Qulu müəllim, son olaraq, bu kimi pozuntularla necə mübarizə aparaq? Aidiyyəti orqanlar nə kimi cəza tədbirləri görməlidir?
– Mən sizə deyim, bizim televiziyaların heç bir mütəxəssis məsləhətinə ehtiyacı yoxdur. Çünki ola bilər ki, bu cür məsləhətlər onlara gülünc görünsün. Məqsəd reklamdır, məqsəd pul qazanmaqdır, məqsəd fenomen olmaqdır. Televiziyanın etik kodeksi olmalıdır, yoxdursa, bu kimi hallar davamlı şəkildə olacaq. BBC-nin 500 səhifəlik etik davranış toplusu var. İşə qəbul olan adam oradakı maddələrə əməl etmək məcburiyyətindədir. Bizdə belə şey varmı? Bizimkilərin dünya vecinə deyil. Kimsə efirdə hansısa yolverilməz hərəkəti edir, Audiovizual Şura müəyyən cəza verir, verilişi dayandırır, amma görürük ki, üç gün sonra həmin aparıcılar yenə efirdədir. Baxın, adlar eynidir, simalar eynidir. Yəni, əslində, problemin qarşısını almaq o qədər də geniş araşdırma tələb etmir. Hər şey yanaşmadan, məqsəddən asılıdır. Tamaşaçını əyləndirmək üçün sağlam bir şey ortaya qoyulmalıdır. Lağlağı, düşüklük, bambılılıqla tamaşaçını efirə cəlb etmək, reklam gətirmək, pul qazanmaq fasiləsiz sonsuzluğa qədər davam edəcək. Ona görə də problemin həll etmə istəyiriksə, elə indidən səfərbər olmalıyıq. Gecikmədən.