“2020-ci ilin fevral ayının 9-da Azərbaycan Respublikası Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi, Azərbaycanda aparılan və qanunverici orqanı əhatə edən genişmiqyaslı islahatların növbəti mərhələsi idi. İslahatların dərinləşməsi prosesi parlamentdən yan keçə bilməzdi, islahatları dərinləşdirmək üçün vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etmək vacib idi. Növbədənkənar seçkilər keçirilməsi, cənab Prezident İlham Əliyevin islahatlar kursunun davamı olaraq, ölkəmizdə həyata keçirilən genişmiqyaslı və hərtərəfli islahatların daha da dərinləşməsinə, Milli Məclisin işininin təkminləşdirilməsinə və yeni tərkibidə təşkil edilməsinə xidmət edirdi. Altıncı çağırış Milli Məclisə keçirilən seçkilərdə bütün siyasi qüvvələr iştirak etmiş və nəticədə çoxpartiyalı parlament formalaşmışdır”.
Bu fikirləri millət vəkili Tamam Cəfərova saytımıza açıqlamasında deyib.
Millət vəkili bildirib ki, dörd il öncə Azərbaycan Respublikasının Milli Məclisinə növbədənkənar seçkilərin keçirilməsi ölkənin ictimai-siyasi həyatında olduqca mühüm hadisə kimi yadda qalmışdı. Xüsusilə, VI çağırış Milli Məclisin ilk iclasında Prezident İlham Əliyevin çıxışı ölkəmizdə aparılan islahatların uğurla davam etdiyini və qanunverici hakimiyyətin təmsilçisi olan Milli Məclisin, bu islahatların həyata keçirilməsində öz töhfəsini verəcəyinə olan inamın göstəricisi idi. Cənab Prezident İlham Əliyev nitqində “…növbədənkənar seçkilərin keçirilməsinin əsas səbəbi islahatları dərinləşdirmək, vaxt itirmədən yeni tərkibdə Milli Məclisin işini təşkil etməkdir” deyə qeyd etmişdi. Ötən dörd il ərzində yeni tərkibdə formalaşmış VI çağırış Milli Məclisin fəaliyyəti ölkənin ictimai-siyasi həyatında özünəməxsus yeri ilə diqqət çəkmişdir. 2020-ci ilin 9 fevral seçkilərində ölkədə mövcud olan bütün siyasi qüvvələrin iştirak etməsi nəticəsində formalaşmış çoxpartiyalı parlament Azərbaycanda siyasi sistemin təkmilləşdirilməsi işində daha böyük rol oynamalıdır. Son illər ölkəmizdə demokratiyanın inkişafı istiqamətində atılan ən əhəmiyyətli addımlardan biri məhz çoxpartiyalı parlamentin formalaşması olub. Etiraf etmək lazımdır ki, ötən illərdə Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində müxalifət partiyalarının nümayəndələrinin təmsil olunmaları kimi bir hal baş verməmişdir. Bu mütərəqqi addım da məhz Prezident İlham Əliyevin təşəbbüsü ilə atılmışdır və dövlət başçımızın həyata keçirdiyi uğurlu siyasi islahatların bir parçasıdır. Müxalifət partiyalarının nümayəndələri altıncı çağırış Milli Məclisin rəhbərliyində və komitələrin rəhbərliyində təmsil olunurlar və sözügedən fakt Azərbaycanda siyasi sistemi möhkəmləndirmək, siyasi münasibətləri sağlam zəmində gücləndirmək üçün böyük əhəmiyyətə malikdir.
Cənab Prezident İlham Əliyev çıxışında bildirmişdir ki, siyasi islahatlar partiyalararası geniş dialoq aparılmadan həyata keçirilə bilməz. Öz növbəsində Prezident Administrasiyasının nümayəndələri son vaxtlar demək olar ki, bütün siyasi qüvvələrin rəhbərləri ilə görüşlər keçirir. Artıq Azərbaycanın yeni siyasi konfiqurasiyası formalaşır. Həmçinin qanunvericilik sahəsində də siyasi sistemin təkmilləşdirilməsi üçün Milli Məclis tərəfindən lazımi addımlar atılacaq və Azərbaycanda çoxpartiyalı sistem daha da möhkəm əsaslar üzərində inkişaf etdiriləcəkdir.
Yeni tərkibdə formalaşmış Milli Məclis islahatlara öz töhfəsini vermək istiqamətində ciddi işlər həyata keçirir. Təbii ki, bu işlər qanunvericilik sahəsini əhatə edir. Dəyişən reallıqlar yeni mütərəqqi məzmunlu qanunların hazırlanmasını zəruri edir. Cənab Prezident İlham Əliyevin çıxışı zamanı qeyd etdiyi kimi, siyasi sistemin formalaşdırılması və gücləndirilməsi üçün yeni qanunvericilik təşəbbüsləri lazımdır. İqtisadi islahatlarımızın dərinləşməsi işinə töhfə verən qanunlar qəbul edilməlidir. Milli dəyərlərimizlə və onların qorunması ilə bağlı qanunvericilik bazası daha da geniş olmalıdır. Çıxışda həmçinin, Parlamentin iqtisadi sahədə görülən işlərlə bağlı rolunun artması, hökumət üzvləri və Parlamentin xalqla daha sıx təmasda olmaları, daimi ünsiyyətin qurulması əsas vəzifələr kimi müəyyənləşdirilmişdir. Azərbaycanın müasir, dünyəvi dövlət kimi güclənməsi, dünyəvilik prinsiplərinin daha geniş bərqərar olması, radikalizmə qarşı daha geniş mübarizənin aparılması işlərində də Parlamentin rolunun vacibliyi qeyd olunmuşdur.
Ötən dörd ilin ölkə həyatında fövqəladə önəmli hadisələrlə zənginliyi hər kəsə məlumdur. Xüsusilə, pandemiya şəraitində davranış, onlayn rejimli fəaliyyət təcrübəsinin tətbiqi, 44 günlük Vətən Müharibəsi, müharibə sonrası geniş quruculuq, bərpa işlərinin, infrastruktur layihələrinin icrasının başlanması, antiterror əməliiyyatları nəticəsində dövlətimizin ərazi bütövlüyü və suverenliyiniin tam təmin olunması və bütün bunların beynəlxalaq inikası dediklərimizə sübutdur. Parlamentimiz ötən dörd il içində, bütün bu məsələlərə öz səlahiyyətləri və üzərinə düşən tarixi missiya gərəyi reaksiya verib, müzakirələr aparıb, qanunlar qəbul edib. Millət vəkilləri qarşısında böyük vəzifələr dayanır və bu vəzifələr, təbii ki, yalnız qanunvericilik sahəsindəki vəzifələrlə ölçülmür. Millət vəkili həm də seçildiyi dairədəki problemləri, tendensiyaları və ümumölkə hadisələrinin qanunauyğunluqlarını yaxşı bilməlidir. Millət vəkili fəal olmadan, seçicilərlə daim təmasda olmadan, siyasi-iqtisadi islahatlarla ayaqlaşa bilməz.
“Cənab Prezident İlham Əliyevin altıncı çağırış Azərbaycan Respublikası Milli Məclisinin ilk iclasında çıxışı qanunverici orqan üçün bir fəaliyyət planı hesab edilməlidir. Həyata keçirilən bütün islahatlar və qarşıya qoyulan vəzifələr Azərbaycanın davamlı inkişafını təmin etmək məqsədi daşıyır. Ölkə başçısının düşünülmüş və qətiyyətli siyasəti sayəsində həm təhlükəsizlik, həm də sabitlik təmin edilir, xalqımız əmin-amanlıq, sabitlik, təhlükəsizlik şəraitində yaşayır”. Millət vəkili Tamam Cəfərova belə deyib.