Bölgələrdə sosial təminat hüququna dair maarifləndirmə və hüquqi yardım xidməti həyata keçirilir

Bölgələrdə sosial təminat hüququna dair maarifləndirmə və hüquqi yardım xidməti həyata keçirilir

“Regionlarda sosial təminat hüquqlarına çatımlılığın yaxşılaşdırılması“ təşəbbüsü çərçivəsində aztəminatlı və həssas qruplardan olan qadınlar üçün məlumatlandırma və ödənişsiz hüquqi yardım xidməti davam etdirilir. Fevral-mart ayları ərzində Ağdam və Tərtər bölgələrində gəlir azlığı, əlillik, xəstəlik, qocalıq, işsizlik və digər səbəblərdən həssas vəziyyətdə olan 225 qadının iştirakı ilə 10 hüquqi maarifləndirmə seminarı keçirilib.
Seminarlar həssas qruplardan olan qadınların sosial təminat hüququ və dövlət tərəfindən həyata keçirilən sosial müdafiə proqramlarından daha səmərəli istifadəsinə yardım məqsədi daşıyıb. İştirakçılar Azərbaycanda sosial təminat sisteminin əsas istiqamətləri, xüsusilə qadınları hədəfləyən pensiya təminatı sistemi, sosial müavinətlər, təqaüdlər və digər təminatlar haqqında məlumatlandırılıb, həmçinin ünvanlı dövlət sosial yardımı və özünüməşğulluq proqramlarında iştirak imkanları, əlilliyin müəyyən edilməsi şərtləri ilə tanış ediliblər.
Görüşlərin gedişatında 100-dən artıq iştirakçının fərdi sosial məsələlərinə dair sualları cavablandırılıb, onlara sosial vəziyyətlərinə uyğun qanunvericiliklə nəzərdə tutlmuş müxtəlif sosial təminat növlərindən faydalanması imkanları ilə bağlı hüquqi məsləhətlər verilib. Müraciətlər arasında xüsusilə əlilliyin müəyyən edilməsi, müxtəlif növ pensiya, müavinət və təqaüdlərin təyin edilməsi, ünvanlı sosial yardım və özünüməşğulluq proqramlarına qoşulma, eləcə də sadalanan sahələr üzrə əvvəlki müraciətlərinə imtina halları ilə bağlı suallar üstünlük təşkil edib.
Qeyd edək ki, İctimai Maraqlar Naminə Vətəndaş Təşəbbüsü İctimai Birliyinə məxsus bu təşəbbüs Avropa İttifaqı və BMT-nin İnkişaf Proqramının həyata keçirdiyi “Azərbaycanda innovasiya əsaslı və dayanıqlı vətəndaş cəmiyyətinin inkişafı” layihəsinin dəstəyilə “PI Consulting“ MMC tərəfindən icra edilir. Təşəbbüsün hədəf qrupu əlillik, xəstəlik, yoxsulluq, işsizlik, ailə başçısını itirmə və ya digər səbəblərdən həssas vəziyyətdə olan və sosial dəstəyə ehtiyacı olan qadınlardır.
Hazırda Ağdam və Tərtər bölgələrində qeyd edilən ehtiyac qrupundan olan qadınlara ödənişsiz hüquqi yardımın göstərilməsi davam etdirilir. Hüquqi yardım xidməti sosial müdafiə sahəsinə aid olan məsələlər üzrə inzibati qaydada ərizə, şikayət və müraciətlərin, məhkəmələrə iddia ərizələrinin hazırlanması, hökumət elektron sistemlərində qeydiyyata yardım, eləcə də digər yazılı və şifahi hüquqi informasiya və məsləhətlərin verilməsini nəzərdə tutur. Təşəbbüs icraçıları həmçinin bölgələrdə, xüsusilə kənd yerlərində yaşayan qadınların informasiyaya çıxışının məhdudluğunu nəzərə alaraq, “Sosial təminat hüquqları“ adlı bələdçi hazırlayaraq hədəf qruplar arasında yayılmasını təşkil edib.
Növbəti mərhələdə seçilmiş aztəminatlı 30 qadının özünüməşğulluq proqramlarında iştirakı üçün təlim və mentorluq xidməti ilə təmin edilməsi, həmçinin 2 sosial biznes təşəbbüsünün dəstəklənməsi nəzərdə tutulur.


Share: