Müstəqil.Az Kulis.Az-ın tənqidçi Əsəd Cahangirlə müsahibəni təqdim edir.
– Əsəd müəllim, hazırda hansısa kitab üzərində işləyirsiniz?
– Bir neçə kitablıq materialım var. Həmişə istəmişəm ki, bunları çap elətdirim. Vaxt tapa bilmirəm.
– Bəs dərc olunan kitablarınıza necə vaxt tapmısız?
– Kitablarım zorən, ya da təsadüfən çıxıb. Kaşğarlının “Divan”ı ilə bağlı kitab dissertasiya idi, məcbur idim çıxaram. Anar və Elçin haqda kitablarım onların təklifi ilə çap olunub. “Kim yatmış, kim oyaq” kitabının çıxmasına Kamal Abdulla səbəb olub. Tatarıstanın Xalq şairi Robert Minullinin şeirlərinin tərcüməsindən ibarət “Nəğməli sətirlər” kitabı rəhmətlik Məmməd Kazımın, “Erməni genosidi: mif, yoxsa gerçəklik” tərcümə kitabı isə Milli Məclisin deputatı Adil Əliyevin təşəbbüsü ilə işıq üzü görüb. Özümə qalsa, kitab çıxaran deyiləm.
– Nəyə görə?
– Kitab dünya vətəndaşına hesablanmalıdır. Odur ki, özüm qarışıq kitab çıxaranlara, xüsusən də son illərin kitab bumuna ironik yanaşıram. Mənim nəzərimdə kitab Qurani-Kərim, “Dədə Qorqud”, “Xəmsə”, “Cavidannamə”, “Leyli və Məcnun”, “Təmsilat”, “Hophopnamə”, “İdeal”dı… Hazırda kitab çıxarmaq yox, postinsan mövzusu üzərində düşünürəm.
– Niyə məhz postinsan?
– Bizə yazıq, miskin, zavallı adamcıqlar – novruzəlilər, feyzulla kəbirlinskilər yox, güclü qəhrəmanlar lazımdır. Elə qəhrəman ki, ideala çevrilsin, xarizmatik olsun, insanı ardınca aparsın. İndi “Don Kixot” dövrü bitir, cəngavər romanlarına qayıdış başlayır. Fikir versəniz, əksər Hollivud filmləri bu mövzudadır. Bir neçə yüz il öncə o cəngavər Koroğlu idi. Bu gün isə postinsan olmalıdır.
– Koroğlu altı qazan aş yeyirdisə, postinsan yeddisini yeməlidir?
– Əksinə, o, yemək kimi heyvani bioloji tələbatdan azad olmalıdır, Terminator kimi, Avatar kimi. Utanc doğuran bir neçə şey var ki, onun biri də yeməkdir. Başqa bir canlının başını kəsib, ətini yemək isə ümumən absurddur. Bu insana yaraşır, postinsan belə etməyəcək.
– Bəs necə edəcək?
– İlkin dönəmdə qidanı təbiətdən almayıb, özü hazırlayacaq. İkinci dönəmdə qidadan ümumən imtina edəcək.
– Yaxınlarda postinsanla bağlı “Aprel tezisləri” esseniz dərc olundu.
– Bu esse mövzuya sadəcə hazırlıq idi.
– Yazının adı Leninin məşhur “Aprel tezislərini” yada salır. Ədəbiyyatda inqilab gözlənilir?
– İnsandan postinsana keçid doğrudan da inqilabdır. İnsanın öz sifəti, bədəni, şüurunda elədiyi inqilab. Lenin inqilabı silah gücünə eləyirdi, bugünkü inqilab elmin gücüylə baş verir, zamanın tələbindən doğur. Mən bu prosesi bir azərbaycanlı ağlının imkan verdiyi qədər təsvir etməyə çalışıram.
– Postinsan mövzusuna hərə bir cür şərh verir. Bəziləri ironiya da edir.
– Yeni fikir həmişə birmənalı qarşılanmır. On beş il öncə postmodernizm haqqında yazanda da çoxları ironiya edirdi. Üstündən bir neçə il keçədi, gördüm, hamı postmodernist olub, bircə gerizəkalı var, o da mənəm.
– Postinsan ideyası özünü nə qədər doğruldub?
– 25-30 il əvvəl adi plastik əməliyyat qəbahət sayılırdı. Düşmüşdülər Məleykə Əsədovanın üstünə ki, niyə sifətində əməliyyat etdirmisən? Heç kəsin ağlına gəlmirdi ki, insanlıq öz sifətini dəyişir, buna aktrisa neyləsin? Onda kim deyə bilərdi ki, bir neçə il keçəcək, mobil telefonlar çıxacaq, Bakıda oturub planetin o başındakı dostunla söhbət edəcəksən. Yaxud da kiminsə bir hüceyrəsindən onun dublikatını çıxaracaqlar. Bu gün insan bədəninə yerləşdirilən çiplər, nanoqurğuların sayı elə artır ki, yaxın 10 ildə müayinəyə yox, yəqin ki “texsmotra” gedəcəyik. Transformativ antropologiya insanın ölümsüzlüyünü nəzəri yöndən artıq sübut edib. Hər açılan sabah bizi gözlənilməz kəşflə müjdələyir. İnsan öz anadangəlmə, təbii-bioloji hədlərini aşır, başqa bir varlığa – postinsana çevrilir. Postinsan termini ilk dəfə 1999-cu ildə işlənib. Bu gün isə o, ideya yox, ciddi perspektiv vəd edən gerçəklikdir.
– Sizcə, bu yaxşı haldır?
– Günümüzü səciyyələndirən bir anlayış var – sinqulyarlıq. Yəni yaxşı, ya pis olmasından asılı olmayaraq günlərin bir günü prosesin ağlın nəzarətindən çıxması və insanı idarə etməsi. Kommunistlər bu qanunauyğunluğu başa düşmədi. Gülüş Atakişiyə necə deyirdi? “Üstünə gələn maşının qabağında durmaq ağılsızlıqdır; ən yaxşısı onun sükanı arxasına keçməkdir.” Kommunistlər tarixi prosesin kortəbiiliyinə gülür, zamanın sükanını özləri fırlatmaq istəyirdilər. Ən böyük səhvə də elə onda yol verdilər. Bu gün məlum olur ki, sükan arxasına keçə bilərsən, amma zamanın maşınını sən sürmürsən, o, özü səni aparır. Sənin qazancın isə bu olur ki, təkərin altına düşmürsən.
– Postinsan ideyası bizim üçün nə qədər səciyyəvidir?
– Yad dünya və doğma qəbilə, özümüz-özgələri düşüncəsi mif dövrünə xasdır. Yunanlar İskəndəri qınayırdı ki, sən bəyəm öz ölkəndə qız tapmırsan, gedib saqqalını bit basmış bir əfqanın qızı ilə evlənirsən? Amma İskəndər o qızı aldı. O planetin yəqin ki, ilk kürəsəl insanı idi. Hazırda bizim, sizin cəmiyyət anlayışından daha çox, kürəsəlləşən dünya var. Dünya və insan var. Dünya vətəndaşı var. Biz amerikalının dilində danışır, yediyini yeyir, geydiyini geyir, sürdüyünü sürür, baxdığına baxır, oxuduğunu oxuyuruq. Kommunikasiya imkanları o qədər geniş, o qədər sürətlidir ki, hər hansı yenilik azacıq fərqlə dünyanın hər yerində baş tutur.
– Deyirsiz, kosmopolit dünyada yaşayırıq?
– Kosmopolitizm özündə milli müəyyənliyi itirmək təhlükəsi daşıyır. Mənim dediyim isə milli müəyyənliyi saxlamaq, həm də dünya vətəndaşı olmaqdır. Bunlar iç-içə çevrələrdir və biri digərini inkar etmir. İmperator Mark Avrelinin dili ilə desək, “mən öz qanımla romalı, ruhumla dünya vətəndaşıyam.” Bizim dövlət bayrağımızda həm millilik, həm də dünyəvilik var.
– Bəs, postinsan mövzusu bu gün ədəbiyyatımıza yansıyırmı?
– Bir çox nağıl-dastan qəhrəmanlarımız, məsələn, Məlikməmməd və ya Aşıq Qəribdə, Nəsiminin “ənəlhəq” deyən qəhrəmanında fövqəlinsan keyfiyyəti var. İsa Muğannanın “İdeal” romanının qəhrəmanı bu qədim ənənənin daşıyıcısıdır. Həmid Herisçinin “Solaxay” romanının ambidekster qəhrəmanı isə sözün çağdaş mənasında postinsanın qaranquşudur. Təsadüfi deyil ki, hər iki yazıçını düzgün anlamır, onlara öz dar ağılları çərçivəsindən baxır, şəbədə qoşmağa çalışırlar.
– Sizcə, bu yazıçılarda fenomenal təzahürlərə maraq bir vergidir, yoxsa elmdir?
– Məncə, onların hər ikisində həm ilahi vergi, həm də insani bilgi var.
– Məhəmməd peyğəmbər və Həzrət Əlidə də fenomenal qabiliyyətlər olub. Belə çıxır ki, onlar da postinsan imiş.
– Mahiyyətcə haqlısan, amma zəruri fərqlər var. Onlara fövqəlinsani qabiliyyəti Allah vermişdi, postinsan isə onu özü qazanır. Onlar azsaylı seçilmişlər idi. Postinsan dövründə isə hər kəs buna nail ola bilər, yəni sirri-nihan aləmə faş olacaq. Onlara Allah bu vergini niyə verirdi? Bu, ilahi sirdir, yəni irrasional xarakter daşıyır. Postinsanda isə hər şey aydın elmi məntiqə söykənir, yəni rasionaldır. Onlara vergini verən Allah, alan insandır. Postinsanda isə verən də, alan da insandır. Yeri gəlmişkən, Fəxri Uğurlunun “Peyğəmbər” hekayəsində peyğəmbərliyi verənin də, alanın da eyni şəxs olması məsələsi qoyulub. Sadəcə, Fəxri məsələni çağdaş oxucuya doğma olan elmi təfəkkür işığında qoymadığından hekayə layiq olduğu rezonansı doğurmadı.
– Yazılarınızda tez-tez dekadans mövzusuna toxunursunuz. İntihara meyl, depressiv ab-hava… Yazarlarımızın çoxunun qınamışdınız buna görə.
– Vaxtilə Nitsşe deyirdi ki, Allah ölüb, bəyəm xəbəriniz yoxdur? İndi isə belə demək olar – insan ölüb, bəyəm bilmirsiniz? Yəni insan bir mərhələ kimi artıq başa çatmaq üzrədir. Yazarlarımız can verən bu insandan əl çəkmir, onun ölümqabağı ah-ufunu estetik həzz mənbəyinə çevirir, ona bədii fatihə oxuyur, Əzrayıla mirzəlik edir, ölümü tərənnüm edirlər. Çünki gələcəyi görmür, postinsanı, onun ölməzliyini qavramırlar. Nəticədə dekadans ədəbiyyatı yaranır. “Aprel tezisləri”ndə bu haqda yazmışdım.
– Kimlər ölümü tərənnüm edir?
– Adlar çəksəm, siyahı o qədər uzana bilər ki, Ginnesin rekordlar kitabına düşə bilərik. O yerdəki insanın özünə inamı, sabaha ümidi yoxdur, o yerdəki ölüm ən ali həqiqətdi, o yerdə ki, Allah və sevgiyə inam qeybə çəkilib, orda dekadans üzə çıxır. Göz yaşları selinə qərq olan nə qədər bədii örnəklərimiz var. Həmid Herisçinin dediyi kimi, bir aftafa göz yaşı.
– Ona qalsa, Füzuli də ağlayırdı.
– Füzuli sevindiyindən ağlayırdı.
– Son dövr çıxan kitablardan hansıları oxumusunuz? Məsələn, Mübariz Örən, yaxud Mübariz Cəfərlinin romanları…
– Mübariz Cəfərli savadlı da ola bilər, fəlsəfi fikirlər də söyləyər, amma ağac torpağa bağlandığı kimi, əsər də gərək zamanın problemlərinə bağlansın. Mübarizin yazdıqları arasında bunu “Rəqqas” povestində görmüşəm. Mübariz Örəndən hekayələr oxumuşam. Məncə, o, hələ də özünü axtarır. Bir az Avropa yazarları, bir az xarici filmlərin imitasiyası… Amma onun artıq 50 yaşı var. Bir müddət Rusiyada yaşayıb, bəlkə də bununla bağlıdır, ya nədənsə, o, mənə söz süfrəsi arxasında ögey anadan ehtiyatlanaraq oturan, əlini çörəyə tərəddüdlə uzadan yeniyetməni xatırladır.
– Sonra Seymur Baycanın kitabı çıxdı, Rasim Qaracanın “Zülmətdə bir Alatoran” adında avtobioqrafik romanı.
– Seymurun nəsr cəhdləri mənə zorən təbibliyi xatırladır. İndi 20-30-cu illər deyil ki, “Yoxuşlar” kimi zəif əsərlə Azərbaycan sovet romanının bünövrəsini qoyasan, Xalq yazıçısı adı alasan və Əbülhəsən olasan. Minlərlə yazıçının içində seçilmək üçün parlaq istedada sahib olmalısan. Rasim Qaracanın adını çəkdiyiniz romanını oxumamışam, amma öncəki hekayələrini oxumuşam. Bir-iki hekayə oxuyur, istədiyini tapmır, müəllifdən əlini üzürsən. Amma bu, Rasimə yenilikçi kimi hörmət bəsləməyə mane olmur. Xüsusən son illər silahdaşları söz barrikadasından yavaş-yavaş çəkildikcə, Rasimin obrazı daha aydın görünür.
– Əlinizi üzdüyünüz yazıçılar dediniz. Kimlərdi onlar?
– 10-15 il bundan öncə çoxlarından çox şeylər gözləyir, işıq ucu görünənləri tərifləyirdik ki, pozitiv enerji alsın, həvəslənsinlər. Bir kitab, iki kitab, üç kitab, görürsən ki, yox, o deyil, əlini üzürsən.
– Azad Yazarlar Ocağını nəzərdə tutursunuz?
– AYO-çular da var, qeyri-AYO-çular da. Görürsən ki, bir atımlıq barıtları varmış. Yazanda da sadəcə kəmiyyət artır, keyfiyyət yoxdur. Bu gün məni Elçin öz “Baş” romanı, Həmid öz “Solaxay”ı ilə daha çox ilgiləndirir, nəinki cavanlar. Yeniliyi gənclik etməlidir. Bəzilərinin buna istedadı, bəzilərinin intellekti, bəzilərinin həyat təcrübəsi, bəzilərinin enerjisi, bəzilərinin iradəsi çatmır.
– Gəlin, adlarla danışaq. Məsələn, 10-15 il əvvəl haqqında yazdıqlarınız arasında Aqşin Yenisey var, Murad Köhnəqala var…
– Murad yaradıcılığa 40 il qabaq başlayıb və postmodern şeir deyəndə ilk yada düşən iki nəfərdən biridir. Yəni gənc deyil, ədəbiyyatda yeri var. Aqşin Yeniseyin gəlişi ilə şeirimiz nə qazanıb və gedişi ilə nə itirə bilər? Bunu bilmirəm. O, mənə həmişə qaldıra bilməyəcəyi çəkini sifariş verən ştanqisti xatırladır. Din barədə ilahiyyatçı ilə, muğam haqda xanəndə ilə mübahisə edir, bildiyindən də danışır, bilmədiyindən də. Daha ciddi problemi neqativ enerji ilə yüklənməsidir. Hər yeni kitabının növbəti uğursuzluq kimi təzahürü, məncə, bundan doğur. İlk kitabındakı işıq hər dəfə bir az da zəifləyir.
– Ateist düşüncəsini nəzərdə tutursunuz?
– Allaha olmasın, insana inam olsun. Vaqif Bayatlının sözü olmasın, kəpənəyi, gülü sevsin. Özü də Aqşin tək deyil. Bunlar heç nəyi sevmir, heç nəyə inanmırlar. Bu qədər nihilizmlə şeir yazmaq olmaz. Olsa da, o şeirin anlamı olmaz.
– Sizi bəzən qeyri-obyektivlikdə günahlandırırlar.
– İlk yazımın dərcindən 25 ildən çox keçir. Bu yaşımda bu sözü açıq-aşkar bəyan etməyə artıq haqqım çatır. Bu 25 ildə məni tənqid etməyə gücü çatan bir nəfər də görməmişəm. Uzaqbaşı təhqir edə bilərlər.
– Tənqid etmək deyəndə… Sizin yazılarınızda azad yazarlara qarşı daha kəskin çıxış etdiyinizi deyirlər. Ancaq vəzifəli və titullu yazıçı-şairləri tərifləməkdə qınayırlar.
– Azad Yazarlar Ocağı üzvlərinin məsələlərə münasibəti ədəbi demoqogiya təsiri bağışlayır. Vəzifəli yazıçı söhbətinə gəlincə, mənsəb sahibi də istedadlı yazıçı ola bilər.
– Belə bir düşüncə var ki, vəzifəli adamdan yazmaq, onu tərifləmək həmin şəxsdən təmənna güdməkdir, ona yarınmaqdır.
– Tənqidçini vəzifəli yazıçını tərifləmək yox, əsassız tərifləməkdə qınamaq olar. Bunlar yerlə göy qədər fərqli şeylərdir. Mənim vəzifəli, ya vəzifəsiz hər kəs haqda təriflərim də, tənqidlərim də kifayət qədər əsaslı olur.
– Heç olubmu ki, hansısa vəzifəli yazıçı, yaxud da imzası tanınmayan birini nəyəsə görə özündən daha yüksək tutmuş, şişirtmisiniz?
– Yazı yazanda mənim məqsədim kimisə aşağı, yaxud yuxarı tutmaq olmur. Mətni bədii dildən elm dilinə çevirmək, onun sirrini açmaq istəyirəm. Gənc şair Rəvan Cavidin bu yaxınlarda bir şeirini oxudum və bir dəfə oxumaqla şeir yadımda qaldı.
Mən qadın olsaydım, Allah doğardım,
Olsa da Allaha günah, doğardım.
Allahı bir azca uşaq doğardım,
Bir azca anlasın ac uşaqları.
Rəvan Allahla bəhsə girir. Həm də bunu uşaqcasına sadəlövh bir iddiasızlıqla edir. Bu məsumluq onun küfrünə bəraət qazandırır. Şeir yaxınlaşmaqda olan yeni təfəkkür tipinin oxucuya bədii mesajıdır. Bu şeirdən ayrıca məqalə yazmaq istəyirəm, amma ehtiyat edirəm. Çünki mətn təhlükəli dərinliklərə göz-qaş eləyir. İndi mən bu sözlərlə Rəvanı şişirtdim? Kim belə fikirləşirsə, artıq onun öz işidir.
– Küfr dediniz. Sizin yazılarınızda həmişə inanc məsələsi ortaya qoyulur. Sanki Allaha inanmayan yazıçının əsərini yarımçıq hesab edirsiniz.
– Deyəsən, bizim din anlayışlarımız fərqlidir. Dinin iki qatı var: tənzil və təvil. Birincisi onun zahiri şəriət qatıdır. Bu qatla rəsmi din nümayəndələri məşğul olur. İkincisi, onun batini mərifət qatıdır. Bu qatla ariflər məşğul olur. Mənim dinə münasibətim ikinci qatdadır. Görürsüz ki, aşıq-aşkar küfrünə baxmayaraq, Rəvanın şeirini təqdir edirəm. Siz deyən kimi oslaydı, gərək təkfir edəydim.
– Əsəd müəllim, sizi təəccübləndirən yazıçımız olub?
– İlk dəfə İsa Muğanna öz “İdeal”ı ilə təəccübləndirib. Romanı oxuyub aylarla sərxoş kimi gəzdim. Elə bil ki, dünyaya başqa planetdən baxırdım. Yer ayağımın altından qaçır, amma xoşbəxtlik içində üzürdüm. O hiss məni hələ də tam tərk etməyib və bəlkə, ölənəcən tərk etməyəcək. Muğanna sadəcə yazıçı yox, öncəgörəndir.
Sonuncu dəfə məni Elçin “Baş” romanı ilə təəccübləndirib. O, bu romanla metafizik əraziyə nəfəslik açdı. İlk dəfə insan yox, ruh əsərin qəhrəmanına çevrildi. Romanda elə məkan, zamandan söz açılır ki, onlara ad vermək olmur. Söz özünün aciz qaldığı məqama çatır, nitq telepatiyaya yaxınlaşır. Bu indiyəcən nəsrimizn ayağı dəyməyən yerdir. Ora ümumən ayaqla getmək yox, qanadla uçmaq olar. Bu məqama yalnız bir dəfə şeirdə Vaqif Bayatlı Odər çata bilib:
Orda vermək olmaz nəfəs-nəfəsə,
Orda yaşamazlar, orda ölməzlər,
Orda gecə-gündüz sevərlər ancaq.
Harda orda? Adı yoxdur. Yeri gəlmişkən, Vaqif Bayatlı məni təəccübləndirən şairdir. O, şeirlərini öz dilində yazan ilk və son Azərbaycan şairidir. Çünki sadəcə türkcədə yox, Vaqif türkcəsində yazır. Dili və mistik aurası ilə Mövlud Süleymanlı məni təəccübləndirib. Ramiz Rövşən ürəyimdən keçənləri yazması ilə təəccübləndirib. Afaq Məsudun “İzdiham”ında oxucunun üstünə dolu kimi yağan sürrealist metaforalara təəccüblənmişəm. Kamal Abdullanın “Yarımçıq əlyazma”da fikri yeddi köynək dərində gizləmək və həm də deyə bilməsinə təəccüblənmişəm. Həmidin zərrə ilə küllü qovuşduran, Elxan Zalın tarixi ruhu oyadan, Salamın dilin nüvəsini parçalayan şeirləri məni təəccübləndirib. Pərviz Cəbrayıl obyektivliyi, İlqar Fəhmi biliklərinin genişliyi ilə təəccübləndirir.
– Bəs, Səfər Alışarlı, Saday Budaqlı, daha sonrakı nəsildən Şərif Ağayar, Mirmehdi…
– Söhbətimiz deyəsən Şindlerin siyahısına çevrilməyə başlayır. Hələ çoxdur?
– Bir az var…
– Məncə, Səfər müəllim 80-ci illərin ab-havasında qalıb. Onun bədii təfəkküründə SSRİ hələ dağılmayıb. Saday Budaqlının tərcüməsini oxumuşam: “Master və Marqarita”. Tərcümə göstərir ki, Bulqakov kimi mistik yazıçını çevirmək üçün dil bilmək kifayət etmir, onun ruhunu duymalısan. İsa Muğanna 40 il qabaq dünyaya əbədiyyətdən baxırdı, Şərif hələ də məlum-məşhur paralel zamanlar modeli ilə uğraşır. Mirmehdi Ağaoğlunun “Bu gün səbr elə” romanında azərbaycanlı ailənin kapitalistləşən cəmiyyətdə mənəvi dayaqlarını itirməsi kimi ciddi problem qaldırılıb. Amma müəllif insan psixologiyasının dərinliyinə enmir, hadisələri danışıb keçir. Onun Quran motivli hekayələri də xüsusi uğuru ilə seçilmir. Ümumən, “Küləyi dişləyən” onun hələ ki ən uğurlu işi olaraq qalır.
– Bəs Cavid Zeynallı, Kəramət, Şəhriyar?
– Kəramət bulvar jurnalistikası, dedi-qodu janrının təmsilçisidir. Bayağı qəhrəmanlıq sevdasına düşüb. Amma bunu eləməyə nə savadı var, nə də istedadı. Cavidin “Coğrafiya müəlliminin pencəyi” hekayəsi son illərin uğurlu işlərindəndir. “Tanrı quşu gəlmədi” pyesi göstərir ki, o hətta dramda da müvəffəq ola bilir. Ən üstün cəhəti odur ki, mətnlərinin mühərriki yaxşı işləyir. Problemi budur ki, maşını sovet maşınıdır. Şəhriyarda orijinallıq problemi var, yad səslər verir. Məncə, onun prozaik şeirləri cümlələrin qırılaraq misralara çevrilməsi yoluyla yaranır.
– Qisməti necə qiymətləndirirsiniz?
– Qismət savadlıdır, amma bu savadın anlamı nədir? Təsir altına düşüb elə şeyləri tərifləyir ki, savadına şübhə edirsən. Onda genişlik var, dərinlik yoxdur, ona görə bilikləri idraka çevrilmir, mətnə dəqiq qiymət verə bilmir. Hətta özünüdərkində də problem var. Ədəbiyyatda yerini dəqiqləşdirməyib. Elə bil ki, ədəbiyyat onun üçün hər şeydən ayaqüstü daddığı İsveç masasıdır. Yaşıdlarından bir ciddi üstünlüyü hələ ki roman yazmamasıdır.
– AYB-nin mətbu orqanlarını oxuyursunuz?
– AYB-nin mətbu orqanları haqda düşünəndə Nyutonun birinci qanunu yadıma düşür. Elə bil ki, hansısa gözəgörünməz qüvvə onları inersiya üzrə istehsal edir. Xüsusən də “Qobustan” nə üçün dərc olunur, onu kim alır, kim oxuyur, aydın deyil. Halbuki 60-80-ci illərdə bu jurnal Azərbaycan mədəni həyatının güzgüsü olub.
– İndi zaman dəyişib, indi hətta Anar özü də dərc etsə, jurnal əvvəlki uğuru qazana bilməz.
– Qazana bilər, əgər özündən öncəkiləri təkrar yox, davam etdirən olsa. Vaqif Əlixanlıya elə gəlir ki, Kamyüdən yazı verməklə oxucunu maraqlandıra bilər. Fərqində deyil ki, Kamyünü vaxtilə Anar verib, bu günün isə öz kamyüləri, sartrları var. Bir neçə il öncə İntiqam Qasımzadəyə təklif etdim ki, “Azərbaycan”ın heç olmasa dizaynını dəyişin, bunu öz vəzifə səlahiyyətlərinə müdaxilə kimi qiymətləndirdi. “Ədəbiyyat qəzeti” və “Ulduz”dakı yeniləşmə çabaları isə daha çox kosmetik xarakter daşıyır. Azər Turan “Ədəbiyyat qəzeti”ni öz şəxsi orqanı kimi çıxarır, halbuki o 2 min nəfər üzvü olan nəhəng bir təşkilatın nəşridir. Bu neçə ildə qəzet onlarla yeni ad təqdim edib, amma bir nəfər də imza kəşf etməyib, bir dəfə də rezonans doğurmayıb. O, həftəlik ədəbiyyat qəzetindən daha çox, tərcümə dərgisini xatırladır. Nisbətən uğurlusu, çevik düşünəni Qulu Ağsəsdir, amma “Ulduz”da da ədəbi prosesin həqiqəti, açıq söz, azad fikir yoxdur.
– Nə təkilf edirsiniz?
– Təkliflərimi bir neçə il öncə “Azərbaycan” jurnalı ilə bağlı yazdığım məqalədə açıqlamışam. Hüseyn Cavid demişkən, bir çarə var, ancaq yeniləşmək.
– Əsəd müəllim, müsahibədəki tənqidlərinizi “düşmənləriniz” yəqin ki, cavabsız qoymayacaq…
– Mənim ədəbiyyatda dostlarım və düşmənlərim yox, prinsiplərim var.