Tədricən müəyyən münasibətlərin bünövrəsi qoyulduqdan sonra ölkələr arasındakı qarşılıqlı əlaqələr daha da genişlənəcək.
Müstəqil.Az bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiya Müdafiə naziri Sergey Şoyqunun Özbəkistana səfərini şərh edərkən deyib. O bildirib ki, Özbəkistan Prezidenti Şövkət Mirziyayevin, bundan öncə də Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin ABŞ səfəri çox səmərəli olub:
“Üstəlik Özbəkistan öz ərazisindən Əfqanıstana yük daşınması üçün ABŞ-a baza statuslu yer verib. Yəni Əfqanıstana gedən təyyarələrin Özbəkistan ərazisində dayanması və yanacaq doldurması məsələsində də Mirziyayev ABŞ-la razılaşıb. Qazaxıstan Prezidenti də bu məsələdə ABŞ-a eyni razılığı verib. Bakı-Aktau-Özbəkistan–Əfqanıstan xətti Əfqanıstanda yerləşən ABŞ qoşunları üçün yemək, silah, ərzaq və s. daşınması üçün istifadə edilir”.
Politoloq qeyd edib ki, görünür, birdən-birə Rusiya ilə ciddi əlaqələri olan iki türk dövlətinin ABŞ-a bu cür iltifatlı münasibəti Rusiyanı çox qıcıqlandırır:
“Qazaxıstana hələ ki, birbaşa söz deyə bilməyən Rusiya öz mətbuatında, müxtəlif kütləvi informasiya vasitələrində Xəzər dənizinin Qazaxıstana aid hissəsindən daha aktiv istifadə edilməsinin vacibliyi barədə müxtəlif təkliflər səsləndirmişdi. Bu zaman Rusiya burada Qazaxıstanın dənizin çox dərin qatlarından neft çıxarmasını, Kaşaqan neft yataqlarının istifadə edilməsinə mane olmağın lazım olduğunu vurğulamışdı. Amma Nazarbayevə birbaşa Putin, yaxud hər hansı siyasi xadim tərəfindən söz söylənməsini hələ ki, Rusiya arzuolunmaz hesab edir. Çünki Nazarbayev hazırda kifayət qədər nüfuzlu, dünya siyasətinə təsir etmək imkanları olan bir siyasi xadimdir. Mirziyayevin isə Özbəkistanda hakimiyyətə gəldiyi bir neçə aydır. O, ilk səfərini də Moskvaya etmişdi. Bu zaman yəqin ki, Rusiyaya da müəyyən güzəştlər və ikili əlaqələr barədə söz verib”.
Politoloq vurğulayıb ki, Mirziyayev türk ölkələri yönümlü siyasət yürüdür:
“Eləcə də daxildə Kərimovun qoyduğu anti-konstision qanunların aradan qaldırılmasında cəsarətli addımlar atır. Bu addımlara, eyni zamanda, ABŞ ilə ikitərəfli ticarət əlaqələrinin yaradılması və daha da genişləndirlməsi barədə razılığa gəlinməsi də aiddir.
Mirziyayevin Vaşinqtonda ikili münasibətlərdə, xüsusilə ticarət əlaqələrində daha böyük rəqəmlər arzusunu dilə gətirməsi ABŞ-da ruh yüksəkliyi ilə qarşılansa da, görünür, Rusiyada müəyyən qəzəb hissi ilə qarşılanıb. Ona görə də bu səfərdən sonra Rusiya Müdafiə naziri Sergey Şoyqu Özbəkistana göndərilib. Onun da bu istiqamətdə Özbəkistanla danışıqlar apardığını istisna etmirəm. Güman edirəm ki, Özbəkistan tərəfi Şoyquya lazımi cavab verib”.
Politoloq bildirib ki, əlbəttə, Rusiya türkdilli respublikaların ABŞ-la yaxınlaşmasını istəməzdi:
“Amma artıq bu münasibətlərin inkişaf etdirilməsi ilə bağlı müqavilələr imzalanıb və imzalanmış müqavilələr hüquqi qüvvəyə malikdir”.
Qeyd edək ki, Rusiya Müdafiə naziri Sergey Şoyqu ötən gün Özbəkistanda bəzi görüşlər keçirib.
Müstəqil.Az