Bu ilin ilk yanvar-fevral aylarında Avropa İttifaqı boru kəmərləri ilə 25,7 mlrd. kubmetr qaz idxal edib ki, bu da illik müqayisədə 6% çoxdur.
Bu barədə “-Economics” Qaz İxrac Edən Ölkələr Forumunun (GECF) hesabatına istinadən xəbər verir.
Artım, qeyd edildiyi kimi, Rusiyadan tədarükün 25% artması, həmçinin Norveç və Azərbaycandan idxalın artması ilə bağlıdır.
Hesabata əsasən, Aİ ölkələri fevralda boru kəməri ilə 12,4 mlrd. kubmetr qaz idxal edib, bu da yanvar ayı ilə müqayisədə 7% az, illik müqayisədə isə 5% çoxdur.
Xatırladaq ki, Azərbaycan qazı TAP kəməri (Trans-Adriatik Boru Kəməri) vasitəsilə nəql edilir. Cənub Qaz Dəhlizinin 878 kilometrlik hissəsində qaz xətti ilə “mavi yanacağ”ın kommersiya məqsədli nəqlinə 2020-ci il dekabrın 31-də başlanılıb.
Cənub Qaz Dəhlizi layihəsinin bir hissəsi olan TAP kəməri ilə “Şahdəniz-2” layihəsi çərçivəsində hasil olunan qazın ilkin olaraq ildə 10 mlrd. kubmetrinin Avropaya nəqli nəzərdə tutulur. Bu boru kəməri Yunanıstan, Albaniya və Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna qədər uzanır. Kəmərin potensialı onun ötürücülük gücünü iki dəfə artıraraq, ildə 20 mlrd. kubmetrə çatdırmağa imkan verir.