“Facebook”un təsisçisi Mark Zukerberq Avropa Parlamentində etdiyi çıxışda bir daha “Cambridge Analytica” qalmaqalı fonunda sosial şəbəkədən şəxsi məlumatların kütləvi sızmasına görə üzrxahlıq edib.
Zukerberq əmin edib ki, bundan sonra proqramçılar xüsusi tətbiqlərin köməkliyi ilə “Facebook”dan məlumatları hasil edə bilməyəcək.
“İndiyə kimi biz minlərlə tətbiqi yoxlamışıq, onlardan 200-dən çoxunu dayandırmışıq”, – deyə Zukerberq bildirib.
Zukerberq son iki il ərzində şirkətin sosial şəbəkənin müxtəlif alətlərindən sui-istifadə hallarının qarşısını almaq üçün lazımı tədbirlər görmədiyini etiraf edib.
“Bu eyni zamanda saxta xəbərlərə, seçkilərə beynəlxalq müdaxiləyə və informasiyadan sui-istifadə hallarına aiddir”, -deyə Zukerberq üzrxahlıq edib.
Zukerberq eyni zamanda “Facebook”da yaradılan saxta hesabları və bu hesablardan siyasi alət kimi istifadə olunmasını pisləyib.(Oxu.Az )