Ədəbiyyatşünaslıqda Avşar Şah

Güntay GƏNCALP BAYANDIRLI

Tarixin etkisindən çıxmaq asan deyil, hətta qeyri-mümkündür. Hələ din və gələnək veriləri ilə hörülərək toplumun bütün həyat qatmanlarını ehtiva edən tarixin basqısını toplumsal, bireysəl və düşünsəl həyatda görmüş olarıq. Modernitə, gələnəkləri tənqid zəminində ortaya çıxdı.

Gələnəklərin sosial həyata müdaxiləsini əngəlləməyə çalışdı. Bu, bəşər tarixində gerçəkləşən ən böyük inqilab idi. Bu inqilabı ilk olaraq Avşar Şah Doğuda gerçəkləşdirmişdi. Müsəlmanların düşüncə düşməni gələnəklərini qılınclayaraq insan ağlını önə çıxarmağa çalışdı. Müsəlman ölkələrində ağılçılıq hərəkətlərinə tanıq olmaq mümkün deyildi. Bu, ancaq Avşar Şah dönəmində ortaya çıxıb və sonra söndürülmüşdür. Yalnız Avşar Şah siyasi iqtidarın legitimliyini göylərdən yerə endirmişdir.

İstilaya uğrayan müsəlman xalqların bu qaranlıq tarixləri ilə bəlli ölçülərdə üz-üzə gəlmə, tarixi və gələnəyi soruqlama imkanları olmuşdur. Çünkü legitimliyi ilahi göy iradəsinə bağlayan Şərq despotizmi ağlın aydınlanması yolunda dəmirdən qara divar hörmüşdü. Bizim tarixi yazqımızda millət olaraq olqunlaşmanın və onurlaşmanın önündə ən böyük əngəl səfəviyyət olmuşdur. Avşar Şah sonrası yenidən dirildilən səfəviyyət təkrar olqunlaşma yolunda əngəl olmağa davam etmişdir, etməkdədir. Çünkü qısa sürən Avşar Şahın səltənətindən sonra mal-mülklərini buraxaraq fərar edən molla-deodal kəsim geri dönüb yenidən iqtidarı paylaşdılar. İki tür sömürgəçilik var: 1- İç sömürgəçilik. Bu, gələnəklərin və batil inancların toplumun ruhunu əsir edərək qaranlığa gömməsidir. Səfəviyyət iç sömürgəçilik olaraq səfəvizədə toplumun ruhunu sömürərək heçliyə və qaranlığa gömmüşdü. İç sömürgəçilik gözlə görünməz, bir yaşantı biçimi olaraq ortada olar və xalq buna alışar. 2- Dış sömürgəçilik. Bir xalqın digər xalqı sömürməsi deməkdir. Dış sömürgəçilik gözlə asanca görünər. Çünkü dış sömürgəçilik toplumun içində və ruhunda yerləşmiş olan sömürücü güc deyil, dışarıda, orada var olan və çılpaq gözlə görünən gücdür. Dış sömürgəçilik iç sömürgəçilikdən qurtulmaq üçün bəzi imkanlar sağlar. Çünkü iç sömürgəçiliyə məhkum edilmiş toplumun oyanan fərdlərini məhv edəcək olan güc dış sömürgəçilikdə hüquqi keçərliliyini itirər. Nitəkim XIX əsrin sonlarına doğru M. F. Axundov sekularizm haqqında yazılar yazarkən, güvənliyini rus hüquq sistemi sağlardı. Eyni dönəmdə Qacar ölkəsində Axundov kimi düşünənləri edam etdilər. Siyasi iqtidar sömürücü və ruhları söndürücü iç gücün əlində olmaz. Bu üzdən də dış sömürgəçilik iç sömürgəçilikdən qurtulmaq üçün böyük fürsətlər sağlar. Bunun ən açıq örnəyini Atatürkün uyqulamasında görmək mümkündür. Osmanlı tərəfindən iç sömürgəçiliyə və ruhsal sönmüşlüyə məhkum edilən türk millətini Atatürk iç sömürgəçiliyin əsarətindən qurtarmışdır. Lakin Atatürkün, tarixi, qaranlıqdan qurtarma zehniyyətinin aydınlığı dış etkənlər, yəni Batı aydınlanması tərəfindən gəlmişdir. Atatürk uyqulaması özümsənmiş olan Avropa intelektual denəyimindən başqa bir şey deyildir.

Qafqaz türklərinin rus istilasına uğraması yeni aydınların və fərqli düşünən şəxsiyyətlərin meydana çıxmasına imkan yaratmışdı. Qafqaz türkləri milli aydınlarının bir təki də Qumda, Nəcəfdə, ya da səfəvizədə mühitdə yetişmədi. İstisnasız olaraq aydınların hamısı Rusiyanın təhsil mərkəzlərində yetişdilər. Nitəkim Osmanlıda da milli aydınlar ya Avropada, ya da Avropadan gələn modernitə dalqalarının təsiri ilə ölkə içində yetişirdi. Çünkü səfəvizədə və osmanlızədə sosial ortam milli və aydın şəxsiyyət yetişdirə bilmə yetənəyindən yoxsundu. Türk millətinin yazqısı açısından Osmanlı-Səfəvi bir maqnitin sağ və sol tərəfləri nitəliyində olmuşlar. Bir-birini yaşadan və var edən zidd qütblər. Bu üzdən nə osmanlızədə, nə də səfəvizdə xəstə və qaranlıq sosial mühitdə milli şəxsiyyət və aydın zəka yetişə bilərdi. Türk kimliyi mehvərli düşünən aydınların Rusiyada yetişmələrinin də səbəbi bu idi.

XIX yüzilin sonlarına doğru dış sömürgəçiliyə uğrayan Qafqaz türklərində aydınlanma və milli kimlik arama zərurəti ortaya çıxar. İlk kəz olaraq türk dilində qəzet və dərgilər çıxmağa başlar. Qafqaz türkləri aydınlarının milli kimlik içərikli bütün əsərləri Səfəvi kültür mirasının sərt və acımasız tənqidinə yönələr. Hətta Səfəvi kültür mirasını məsxərə edərlər. Lakin türk tarixində də arxalanacaq bir dövlət adamı, bir şəxsiyyət aramağa davam edərkən Avşar Şahla qarşılaşarlar. Avşar Şahın sekular uyqulamaları onların diqqətini çəkər. Səfəvi törələrinin çirkinliyi ifşa edilirkən Avşar Şahın uyqulamaları təqdir edilər.

Mirzə Ələkbər Sabir kimi milli şəxsiyyət Avşar Şahı türk dünyasının tarixi xəstəliyini müalicə etməyə çalışan bir həkim kimi təsvir edər. Türk-islam tarixində böyük qanlar axıdan və fəlakətlərə, qardaş qırğınlarına yol açan şiə-sünni sorununu çözməyə çalışdığı üçün Avşar Şahı öyər:

“Nadir bu iki xəstəliyi tutdu nəzərdə,

Dərman eləmək istədi bu qorxulu dərdə...”[1]

Avropada eyitim alan Qafqaz türklərinin milli aydınları Avşar Şah kimi milli bir şəxsiyyətin XVIII yüzildə yetişməsini heyrətlə qarşılarlar. Avşar Şahı qaranlığa gömülmüş olan türk-islam tarixini aydınladan və türk millətini birləşdirməyə açlışan tək şəxsiyət olaraq görərlər. “Fəqət Nadir istisna edilməklə, kimsənin ağlına türk məmləkətlərini birləşdirmək, türk ellərini yoğurub, xəmirləyib bir tək varlıq halına gətirmək fikri gəlməmişdi”[2] Ağaoğlu burada Yavuz Səlimin də adını çəkər. Ancaq Yavuz Səlimin türk-islam dünyasını birləşdirmə kimi bir niyyəti olmamışdır. Ölkələri fəth və ya işğal etmək başqa şeydir, niyyət və ülkü təsis etmə başqa şey. Tam tərsinə Yavuz Səlim ərəb xilafət sistemini uyqulamaqla öncəki dədələrinin də siyasi mirasına qarşı çıxaraq türk milllətinin ağlını sərt qaranlığa gömmüşdür.

Nəriman Nərimanov solçu görüşə sahib bir aydın olmuşdur. O da tarixin böyük şəxsiyyəti olaraq nitələdiyi Avşar Şahın ülküsünü incələyərək onun sekular uyqulamalarını təqdir etmişdir. Avşar Şahın din və siyasət qurumlarını bir-birindən ayırmasını “Nadir Şah” adlı əsərində öymüşdür. Avşar Şahın niyyət və ülküsünü modern yaradıcılıq yöntəmlərindən yararlanaraq bəyan etməyə çalışmışdır. Əsərdə Avşar Şahın görüşləri bu şəkildə bəyan edilməkdədir: “Әsil mәtlәb budur ki, mollanı öz ixtiyarına qoymamaq. Bir dövlәt ki, mollalar ixtiyarında yaşadı, ol dövlәtdә tәrәqqi olmaz…. Çünkü bir neçә sәbәblәrә görә molla qismi hәmişә çalışar ki, xalq qaranlıqda yaşasın. Daha doğrusu, dövlәtә dair qanunları ruhanilәrin əllərindən almaq gәrәkdir.”[3] Nadirin şiə-sünni ziddiyətini ortadan qaldırma əzmi türklüyün və islamiyətin yüksəlişi kimi alqılanar: “Şiә, sünni adı eşidә bilmirәm. Gәrәk bu iki mәzhәb birlәşә.”[4] Bunun üçün səfəviyətin icadı olaraq xalqı din adına sömürən mollalıq qurumunun Avşar Şaha görə, tarixdən silinməsi gərəkirdi: “fikrim mollaların ixtiyarlarını azaltmaqdır…. Hesab etmişәm, bir ildә mәscidlәrdәn yeddi milyon manat mәnfәәt alınır. Heç bilirsәn kimlәr mәsrәf edirlәr?… Mollalar vә axundlar! Bu pul gәrәkdir dövlәtin xәzinәsinә yığılsın, zira ki, xәzinәdә pul olmasa qoşun saxlamaq olmaz, qoşun olmazsa vәtәn saxlamaq olmaz. Vәtәn gedәrsә mәscid dә olmaz vә bәlkә din dә әldәn gedәr.”[5]

Çox ilginc olan İran siyasi mühitində Avşar Şaha olan mənəvi ehtiyacdır. Avşar türk idi. Türklüyü ilə də öyünərdi. İranda məşrutə hərəkəti türk düşmənliyi zəminində ortaya çıxmışdı. Ancaq din-siyasət ilişkilərinin iç-içə olması bir çox aydını bezdirmişdi. Siyasəti öz kontrolunda saxlayaraq dinci despotizm oluşduran molla-feodal sinfinə qarşı bir baş qaldırı vardı. Bu aydınların çoxu türk qarşıtı olsalar da, ancaq dini despotizmdən qurtulmaq və Səfəvi kültür mirasının çirkinliklərindən azad olmaq üçün Nadir Şah Avşar kimi bir qəhərman arzu edirdilər. Bu bağlamda Arif Qəzvini  (1880-1934) yazırdı:

“Bitmiş Səfəvi sultanı ilə qərârımız,

Könlüm bir igid, Nadiri-Avşar dilər ancaq.”[6]

Avşar Şah kişiliyinin öyküsü ilə ilk qarşılaşdığım bir xatirəmi burada anlatmaq istərdim: 1987-ci ildə əsgərliyimi yenicə bitirib dönmüşdüm. Türkcə şeir yazan ayaqqabı ürətim fabrikası olan bir dostum vardı. Xorasana topdan ayaqqabı satmışdılar. Ticarət işi üçün Xorasan şəhərlərinə səfər edəcəkdi. “Gəl bərabər gedəlim, sən də Xorasanı gəzib dolaşmış olarsan” dedi. Xorasan sözü bizim şeirlərdə, kültürdə və tarixdə çox önəmli bir yerə sahib olmuşdur. Kültürümüzdə bu qədər önəmi olan İranın ən böyük bölgəsini hər zaman gedib gəzəsim kimi bir duyqum olmuşdu. Ancaq hər kərə yalnız getmək canımı sıxar deyə, bu gəzintini ertələmişdim. Dostumun təklifi üzərinə Xorasana getməyi qəbul etdim. Başkənd Tehrandan yola çıxdıq. 12 saat boyunca otobüs 100-120 arası sürətlə yolçuluq etdi. Ucsuz-bucaqsız Xorasan çöllərinə baxdığımda dəhşətə gəlirdim. İnsan bu tozlu, susuz və quraq çöllərdə necə yaşaya bilər? Bu qədər qorxunc və həyata uyqun olmayan iqlim qoşulları ilə nədən Xorasan bizim dilimizdə və kültürümüzdə qutsanmış bir məkan kimi yerləşmiş deyə düşünürdüm. Bunun bir səbəbi toplumun şiə olmasından qaynaqlanmış olabilərdi. Xorasanda Əbutalib oğlu Əlinin Rza adlı bir torunu gömülmüşdür. Bu üzdən Xorasan kütlə gözündə qutsal məkan olaraq görünmüşdür.

Yay fəsli idi. Yayda Xorasanın havaları çox qovurucu isti olur. 12 saat yolçuluqdan sonra gecə saat 01-də Məşhədə ulaşdıq. Şəhərin mərkəzi meydanını dostum yaxşı tanıyırdı. “İndi hotellər qapalı, ən yaxşısı gedib orada sabaha qədər yaşıl çimən üzərində uyuyalım, zatən havalar da çox istidir” dedi və öylə də etdik, çünkü ən doğrusu da bu idi. Sabah erkən oyanıb öncə naştalıq yemək üçün bir yeməkxanaya girdik. Sabah yeməyi üçün bal-qaymaq sifariş etdik. 25-30 yaşlarında olan bir gənc farsca bizə “nə yemək istərsiniz?” deyə sordu. Bizdə yeyəcəyimizi söylədik. Sonra işçilərin kəndi aralarında türkcə danışdıqlarını gördük. Yeməyi gətirdiyində biz də türkcə danışdıq. Gənc adam çox şad oldu. Xorasanda türk olduğunu bilmirdim. Yəqin bunlar ölkənin quzeyindən köçüb getmişlər deyə ağlıma gəldi. Nə zaman Xorasana köçdüklərini sorduğum da gənc adam “biz köçməmişik, burada yerli türklərik” söylədi. Az sonra bizim türkcə söhbət etdiyimizi görən yaşlı atası da gəlib yanımızda oturaraq söhbətə qatıldı. O zamanlar mənim milli duyqu və düşüncələrim hələ bir sistem üzərində oturmamışdı. Sadəcə türkcə danışmaqdan zövq alır, özəlliklə türkcə şeir yazan harada varsa, arayıb taparaq tanış, şeirlərini alıb Təbrizdə çıxan türkcə qəzetdə yayımlanmasına yardımçı olardım.

Söhbətimizin davamında yaşlı kişi bizi sənət adamı olaraq görüb sevinmişdi. Sinə dəftər idi. Bolca bayatı və türkcə şeir oxudu. Arxadaşıma “sən get haqq-hesab işlərini gör, mən dədə ilə söhbət edəcəyəm” dedim. Arxadaşım getdi və mən türk dədəni dinləmək üçün qaldım. Gənc adam yeni gələn müştərilərə xidmət edir, dədə isə mənimlə söhbətləşirdi. Onu dinləyərək bəzi söylədiklərini dəftərimə yazdığım üçün daha da şirin-şirin danışırdı. Dədə Xorasan Avşarlarından olduğunu anlatdı. Mənim Avşarların kimliyi haqqında bilgim yox idi. Mən sadəcə türkcə sevdalısı və bir də Batı romanlarının oxuyucusuydum. Lakin dədənin söylədikləri ilgimi çəkirdi. Söylədiyi türkcə bayatılar və şeirlər məni çox etkiləyirdi. Söylədiklərindən bir neçəsini yanımda daşıdığım dəftərimə yazdım. Yaza bilməm üçün də yavaş -yvaş təkrar söyləməsini rica edirdim. Bir neçə şeir yazmışdım. Özəlliklə dədənin Nadir Şah Avşar haqqında böyük həvəslə danışması məni şaşırtmışdı. Xorasan türklərində Nadir Şah Avşar sevgisinin bu qədər dərin olmasına heyrət edirdim. Dədənin bir neçə şeirini xatirat dəftərimə yazdım. Yeməkxananı tərk edərkən dədə bizdən yediklərimizin parasını almadı. “Uzaq diyardan gələn türklərsiniz, məni dinləməniz mənim üçün çox böyük dəyərdi. Sizdən para almam, alamam. Halalınız olsun!” dedi. Ayrıldığımızda da bir-birimizə sarılıb ayrıldıq.

Sonra mənim ölkədən ölkəyə çətin mühacirət həyatım başladı. Doğruları bulmaq səfəvizədə bir ölkədə mümkün deyildi. Doğruları bulmaq bir yana, insanın həyat güvəncəsi də təhlükə altında. Sürəkli təhdidlər.

Xatirat dəftərələrimi evimizdə buraxıb yolçuluqlara başladım. Avropaya yerləşdikdən sonra anama telefon edib dəftərlərimi mənə yollamasını rica etdim. Hər biri 200 yarpaq olan iki dəfətərimə onillər sonra yenidən qovuşdum. Xorasandakı dədənin söylədiyi şeirlər də dəftərimdə idi. İndi xatirat dəftərimdə olan o şeirlərdən birini burada yazıram:

Bir ölkə qurmuşdur Avşar elləri,

Türkmənlər, tatarlar, özbəklər azad,

Kəndi ölkəsinin olmuşdur əri,

Bütün türk boyları öbəklər azad.

*

Fərman duyurmuşdur Nadir Şah Avşar,

Ölkələr almışdır Nadir Şah Avşar,

Böylə buyurmuşdur Nadir Şah Avşar:

Avşar ölkəsində ürəklər azad.

*

Qəbul eyləmədi Avşarlar nəngi,*

Yağı düşmənlərlə etdilər cəngi,

Bahadurluq etdi Avşar sərhəngi,**

Avşar ölkəsində diləklər azad.

[1] M. Ə. Sabir, Hophopnamə.

[2] Əhməd Ağaoğlu, İran və İnqilabı, Bakı-2009, s. 14.

[3] N. Nərimanov, Nadir Şah.

[4] N. Nərimanov, Nadir Şah.

[5] N. Nərimanov, Nadir Şah.

[6] Willem Floor, Nadir Şah höküməti, farscaya şevirən: Əbulqasim Serri, Tus nəşriyyatı, I nəşr, 1368 (h.ş)-Tehran, s. 7, ətək yazı:

Təcdide əhde doreye sultan Hüseyn qozəşt,

Yek mərde no ço Nadere Avşarəm arezust.

* Nəng- ayıb.

** Sərhəng- albay.

Share: