BMT Təhlükəsizlik Şurası Qəzzada “dərhal” atəşkəs haqqında yeni qətnamə layihəsini səsə qoymağa hazırlaşır.
AFP-yə istinadən xəbər verir ki, yeni qətnamənin mətnində müsəlmanların davam edən müqəddəs Ramazan ayı üçün “dərhal atəşkəs tələb edilir” və bunun “daimi davamlı atəşkəsə gətirib çıxaracağı” qeyd olunur.
Qətnamə layihəsi, həmçinin “bütün girovların dərhal və qeyd-şərtsiz azad edilməsini, habelə miqyaslı humanitar yardımın göstərilməsi qarşısındakı bütün maneələrin aradan qaldırılmasını” tələb edir.
Anonimlik şərti ilə AFP-yə danışan diplomatların sözlərinə görə, mətn vetodan yayınmaq üçün ABŞ ilə birlikdə işləyən Təhlükəsizlik Şurasının qeyri-daimi üzvləri tərəfindən irəli sürülür.
“Son dəqiqədə qətnamənin qəbul ediləcəyini və Birləşmiş Ştatların onun əleyhinə səs verməyəcəyini gözləyirik”, – diplomatlardan biri AFP-yə deyib.
Xatırladaq ki, ötən cümə günü Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının daimi üzv olan Rusiya və Çinin ABŞ-ın təklif etdiyi qətnamə layihəsinə veto qoyub.
Qətnamədə mülki əhalini qoruyacaq və Qəzzaya humanitar yardımın çatdırılmasına imkan verəcək təxminən altı həftə davam edəcək “dərhal və davamlı atəşkəs” tələb olunurdu və HAMAS-ın oktyabrın 7-də dağıdıcı hücumu pislənirdi.