Dünyanın aparıcı ali təhsil ocaqlarından olan Kembric Universitetinin Müqəddəs İsa Kolecinin nəzdində fəaliyyət göstərən Mərkəzi Asiya Forumu tərəfindən Azərbaycan və Mərkəzi Asiya ölkələrinin diplomatları, universitetin professor-müəllim heyəti, region üzrə ixtisaslaşan tələbələr və KİV nümayəndələrinin iştirakı ilə Novruz bayramına həsr edilmiş geniş tədbir keçirilib.
Azərbaycanın Britaniyadakı Səfirliyindən -ya verilən məlumata görə, tədbirdə Özbəkistan və Qırğızıstanın Birləşmiş Krallıqdakı səfirləri, eləcə də Qazaxıstan səfirliyinin müşaviri iştirak etdi. Azərbaycan səfirliyini müşavir Rəşad Vahabzadə təmsil edib.
İlk öncə diplomatların və alimlərin iştirakı ilə regionda baş verən müsbət dəyişikliklər haqda dəyirmi masa keçirilib. Müvafiq ölkələrin nümayəndələri çıxış edərək ölkələri haqda ətraflı məlumatlar təqdim edib. R.Vahabzadə Prezident İlham Əliyevin regionda formalaşdırdığı sülh gündəmi və türkdilli dövlətlərlə əməkdaşlığa xüsusi diqqət göstərməsi, bu əməkdaşlığın prioritet daşıması haqda söz açdı, COP-29-un Azərbaycanda keçirilməsi, ölkəmizin Avropanın enerji təhlükəsizliyində oynadığı rol, Azərbaycan ilə Birləşmiş Krallıq arasındakı münasibətlər, ölkəmizin regionda bağlantılığın inkişafına töhfəsi, yaşıl enerjiyə keçid və s. barədə məlumat verib.
Çıxış və təqdimatlardan sonra Kembric Universitetinin professor-müəllim heyətinin və tələbələrin iştirakı ilə geniş fikir mübadiləsi keçirilib, auditoriyanın çoxsaylı suallarına cavablar verilib.
Bundan sonra region ölkələrinin sənət ustalarının iştirakı ilə geniş konsert keçirilib. Konsertdə istedadlı rəqqasə Səkinə Muxtarlının ifasında Azərbaycan milli rəqsləri təqdim edilib.
Tanınmış tarzən Babək Atəş “Qarabağ şikəstəsini” və daha sonra ona qoşulmuş qardaş Özbəkistanı təmsil edən musiqiçilər Xurşidbek və Dostonjon ilə məşhur “Sarı gəlin”i birgə ifa ediblər. Tədbir konsert proqramı ilə sona çatıb.