Əslində, Rüstəm İbrahimbəyovun bütün yaradıcılığında azərbaycanlılara “yuxarıdan aşağı baxmaq” düşüncəsini müşahidə etmək mümkündür. Ancaq bu adına “nifrət” deyə biləcəyimiz münasibət heç vaxt bu qədər açıqlığı ilə üzə çıxmamışdı.
Təhtəlşüuri olaraq daim Rüstəm İbrahimbəyovda yaşayan bu fikirlərin birdən-birə “Qafqaz triosu”nda fontan vurması onun təkcə yaradıcılığının deyil, həm də həyatının, mahiyyətinin, dünyagörüşünün çılpaqlığı ilə ifadə olunmasına yönələn son akkordlardır.
İbrahimbəyov bütün həyatı boyu kim olmaq istədiyini anlamağa çalışan bir şəxsdir və dəhşət də burdan başlayır: Dünya şöhrətli, tanınan, hətta “Oskar” mükafatını rus həmkarı ilə şərikinə almağı bacaran Rüstəm İbrahimbəyov kim olduğunu bütün həyatı boyu özünə aydınlaşdıra bilməyib…
O zaman uydurulmuş “Bakı aristokratiyası” deyilən bir təbəqə vardı. Bu “mədəniyyət təbəqəsini” erməni və ruslar niyə yaratdıqlarını çox yaxşı bilirdilər. Bu “qoruyucu qalxan” idi – Azərbaycan varlığının oyanış və dirənişinə qarşı imperiya tərəfindən himayə edilən, rus mədəniyyətinin davamçılarının həm də milli düşüncəyə qarşı formalaşdırdığı bu “psixoloji-mədəni zireh”ə azərbaycanlılar da düşməyi arzulayırdılar. Çünki burda ucalmaq, dəstəklənmək, ad-san almaq, “böyük mədəniyyət daşıyıcısı” psixoloji-siyasi statusunu qazanmaq imkanı vardı.
Azərbaycanın istedadlı şəxslərindən bir çoxu bu təbəqənin nümayəndəsi olmağa can atır və bu canatımlarda bir çox hallarda (təəssüf ki!) natamamlıq kompleksi yaranırdı. O təbəqənin “çuşka” istehzasının ağır mənəvi zərbələrinə milli varlığı ayaqda olmayan ziyalılar dözə bilmirdilər, müqavimət aparmaq gücləri olmurdu və ağır psixoloji xəsarət alır, sarsılır, çarəni isə “mən onlardan deyiləm” təsəvvürünü yaratmaqda görürdülər.
Dərhal əlavə edim ki, bu, bütün sahələrdə vardı və ən pisi də o idi ki, belə şəxslər millətinə qarşı daha amansız olurdular. İmperiya qarşısında qul xidməti göstərmək istəyən bu şəxslər hansı sahədə olurlarsa-olsunlar, yarımçıqlıq kompleksi-xəstəliyindən əziyyət çəkdikləri üçün daim imperiya mənsubundan daha şiddətlə, daha amansız dərəcədə öz millətinə qarşı mübarizə aparırdılar.
Rüstəm İbrahimbəyov da məhz bu xəstəliyin daxilində kök saldığı ziyalılardandır. Xaraktersizliyi səbəbindən “Bakı aristokratiyası” bürüncəyində daldalanan İbrahimbəyov bütün həyatı boyu “aşağılıq kompleksindən” əziyyət çəkib, bu xəstəliklə yaşayıb və indi, ömrünün qürub çağında bu psixoloji sarsıntıların sızmaları bəzən katastrofik fontanlarla müşahidə edilir.
Filmdəki “İbrahimbəyov azərbaycanlıdır, amma əlasından, özününkülərə bənzəmir” jestinin bütün mahiyyəti bunda gizlənib. İbrahimbəyov azərbaycanlı olmağın əzabında qovrulur; uşaqlığında və yaxud gəncliyində hansısa xəta nəticəsində kişilikdən məhrum edilən bir varlıq ömrü uzunu o travmanın psixoloji şoklarını necə daşıyıb ifadə edərsə, İbrahimbəyov da “azərbaycanlılıqdan məhrumedilmə” sarsıntısını o cür yaşayır.
Onun milli varlığı, kimliyi, soykökü necə və kim tərəfindən “axtalanıb” deyə bir müzakirə açmaq niyyətində deyilik. Hər halda, görünən odur ki, İbrahimbəyov “Bakı aristokratiyası”nın təsiri ilə aşınıb; o qədər ki, adam özünə nifrət edir, özünə nifrətini yumşaltmaq üçün “mən o deyiləm” dəhşətini hər yerdə qışqırmağa, hətta filmlərinə pərçim edib, bağırmağa çalışır.
Xatırlayanlar yaxşı bilirlər: 70-ci illərdə yaranan münbit şərait səbəbindən milli varlığın yetişdirdiyi böyük simaların (hər sahədə – həm ədəbiyyat-mədəniyyətdə, musiqidə, həm siyasətdə…) ardıcıl milli-mədəni zərbələri nəticəsində 80-ci illərin əvvəllərində artıq “Bakı aristokratiyası” dağılırdı. Düzdür, 88-ci il dalğası bu prosesi təbii axardan çıxartdı və radikal dəyişiklik yaratdı. İddia etmirik ki, bu radikal dəyişiklik nizamlı oldu. İqtisadi-siyasi kataklizmlər burada da özünü göstərdi. Ancaq 20-ci ildə bünövrəsi qoyulan və yalnız 40 ildən sonra – 60-cı illərdə özünə gəlib, süni olaraq, kölgədəki texnoloq-ideoloqlar və siyasi elitanın dəstəyi ilə yaradılıb-formalaşdırılan və assimilyasiya alətinə çevrilən “Bakı aristokratiyası”ndan fərqli olaraq, milli aristokratiya daha sürətlə ictimai nüfuz qazandı.
Ən maraqlı məqam da odur ki, bu milli aristokratiyanın önündə heç də 80-cilər nəsli – milli eyforiyanın yetişdirdiyi “təpədən dırnağa millilər” gəlmir. Onlar kifayət qədər tolerant, geniş erudisiyalı, bu və ya digər formada vaxtilə “Bakı aristokratiyası”na bağlı olan şəxslərdir. Yəni ictimai-siyasi varlıqları ilə milli kimliyini vaxtilə “Bakı aristokratiyası”na daşıyıb, kənardan bu “mədəniyyətə” endirilən milli zərbələrin hədəfə dəyməsini nizamlayan ziyalılar hazırkı milli aristokratiyanın simvollarıdır.
Başqa sözlə: “Bakı aristokratiyası”nı parlaq milli istedadların kənardan endirilən mədəni intibah zərbələri ilə daxildəki milli aristokratların varlıqları birgə dağıtdı. Nə təəssüf ki, “o daxildə” milli kimliyi məhv olan, özünə, varlığına nifrət etdirilənə qədər axtalanmışlar da vardı ki, onları müalicə edən olmadı.
Müalicə edən olmadı, ya müalicə edilə bilmədilər?
Yaxud, sualı belə qoyaq: Rüstəm İbrahimbəyov kimi istedadlar sağala bilməzdilərmi?
Əlbəttə yox! Çünki mənəvi-mədəni və psixoloji varlıq erroziyaya uğrayırsa, çürüyürsə, insanın milli kimliyi fiziki olaraq axtalanırsa, onu necə sağaltmaq mümkündür ki!
Əgər mümkündürsə, xahiş edirəm, Rüstəm İbrahimbəyovu müalicə edin.
İnsan özünə nifrət edə-edə o yaşa gəlib çıxıb. Bəlkə, kimsə ona kömək edə ki, heç olmasa, özünə nifrət edə-edə ölməsin.
Yazıqdır…
Müstəqil.Az