Şərti sərhəddə baş verə biləcək xoşagəlməz olayın məsuliyyətini İrəvan daşıyacaq.
Bunu -ya açıqlamasında politoloq Ramiz Alıyev bildirib.
Ramiz Alıyev deyib ki, Ermənistanın Azərbaycanla şərti sərhədə canlı qüvvə və zirehli texnika cəmləşdirilməsi gözlənilən təxribatın işartılarıdır: “Aprelin 5-də ABŞ, Avropa İttifaqı və Ermənistan arasında təhlükəsizliklə bağlı sazişin imzalanması öncəsi İrəvanın bölgədə gərginlik görüntüsü yaratması təsadüfi deyil. Məqsəd Qərbin hərbi qüvvələrini Cənubi Qafqazda yerləşdirmək və bununla da bölgədə siyasi, hərbi gərginlik yaratmaqdır. 5 aprel görüşündən cəsarətlənən Ermənistanda revanşizm hislərinin baş qaldırması açıq müşahidə olunur. Dəfələrlə şərti sərhəddə güzgü prinsipi üzrə qoşunların geri çəkilməsi və sərhəd xəttinin delimitasiyası məsələsini qaldıran Paşinyanın indi də sərhədə qoşun toplaması məntiqdən uzaqdır. Onlar guya Ermənistanın təhlükəsizliyinin təhdid olunması görüntüsünü yaratmağa çalışırlar. Maraqlıdır ki, ABŞ və Aİ də bu məsələdə Ermənistana tam dəstək verirlər və İrəvan üçün təhlükəsizlik konfransı keçirirlər. Təəssüf ki, 30 illik işğal dövründə ABŞ və Aİ Azərbaycan üçün belə konfrans keçirməyib. Hətta müharibədən sonra dağıdılmış Azərbaycan ərazilərində mina probleminin həllinə hər hansı dəstək verilmədi. Qərb dövlətləri bir kəndin bərpasına belə yardım göstərmədi. Ermənistanı Azərbaycana qarşı silahlandıran Qərbi İrəvanın təhlükəsizliyi deyil, öz mənafeyi maraqlandırır. Onlar hərbi güclərini Cənubi Qafqaza yerləşdirməklə Rusiya və İranı yeni münaqişəyə cəlb etmək istəyirlər. Görünən odur ki, Qərb Cənubi Qafqazda sülh və sabitliyin bərqərar olmasında maraqlı deyillər. Onlar sülh prosesinə dəstək vermək əvəzinə tərəflərdən birini silahlandırır və sülh müqaviləsini imzalamaqdan uzaqlaşdırır”.
Politoloq qeyd edib ki, 44 günlük Vətən Müharibəsi və ötən ilin sentyabrında 24 saatlıq hərbi əməliyyat nəticəsində Ermənistan üzərində tam qələbə qazanaraq öz ərazi bütövlüyünü təmin edən Azərbaycanın uğuru Qərbi qıcıqlandırır: “Onlar bölgədə Türkiyə-Azərbaycan tandeminin güclənməsini qəbul etmək istəmirlər. Eyni zamanda burada sabitliyin olması regiondakı qonşu dövlətlər – Rusiya, Azərbaycan, İran, Türkiyə arasında münasibətlərin yaxşılaşması, əlaqələrin güclənməsi deməkdir. Qərb bizim olduğumuz regionun dövlətləri arasında əməkdaşlığın güclənməsinin qarşısını almaq üçün Ermənistandan siyasi alət kimi istifadə edir. Cənab Prezident İlham Əliyev bir müddət öncə Qərbə xəbərdarlıq etmişdi ki, ABŞ və Fransa Cənubi Qafqazdakı reallığı qəbul etməlidirlər. Bu ölkələr Qafqazın aparıcı ölkəsi Azərbaycanla işləməlidirlər. Təəssüf ki, bi bunun əksini görürük. Hesab edirəm ki, Ermənistanın istənilən hərbi təxribatına Azərbaycanın cavabı çox sərt olacaq. Artıq Azərbaycanın Müdafiə Nazirliyi baş verənlərlə bağlı açıqlama yayıb, Ermənistanı və onun arxasındakı gücləri xəbərdar edib. Onu da vurğulamaq lazımdır ki, Qərbin Ermənistanın əli ilə Cənubi Qafqazda törədəcəyi təxribata nə Azərbaycan, nə Türkiyə, nə Rusiya və nə də İran səssiz qalmayacaqlar. Qardaş Türkiyə ilə Azərbaycan arasındakı Şuşa Bəyannaməsi Ankaranın dərhal hərəkətə keçməsini zəruri edir”.
Ramiz Alıyev vurğulayıb ki, sərhəddə baş verəcək hər hansı xoşagəlməz insidentə görə məsuliyyət Ermənistan və onun havadarlarının üzərinə düşür: “Yaxşı olardı ki, Ermənistan diqqəti əsas məsələdən – işğal altındakı Azərbaycan kəndlərini qaytarmaqdan, delimitasiya və demarkasiya prosesindən və sülh müqaviləsimi imzalamaqdan yayındırmasın. İrəvanın özünə zaman qazandırmaq siyasəti onlara baha başa gələcək. Görünür, Azərbaycan yenə də hərbi güc yolu ilə işğal altındakı kəndləri geri almaq məcburiyyəti qarşısında qalacaq”.