Valideyn himayəsindən məhrum olmuş uşaqlar üçün müavinət ödənir. Bu zaman həmin uşağın valideyni deyə bilər ki, olmazmı həmin müavinət onların özünə ödənsin?
xəbər verir ki, bunu “Himayədar ailə” qayğı modeli barədə məlumatlandırma mövzusuna həsr olunan ictimai dinləmədə Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev deyib.
“Bu haqlı sualdır. Lakin bir valideyn övladına baxa bilmədiyini deyirsə, əməkdaşlarımız həmin ailə ilə maraqlanır. Biz bu məsəyə həssas yanaşırıq. Ailənin ehtiyaclarını, onların hansı formada təmin edilə bilməsi yollarını müzakirə edirik. Lakin bir valideyn öz övladının himayəsindən imtina edirsə, bu zaman həmin uşaqların ailə qayğısında böyümə haqqı var. “Himayədar ailə” modeli də buna hesablanıb”.
Bakı şəhər Baş Polis İdarəsinin polkovniki Kəmalə Əkbərova deyib ki, hələ də uşağına baxmaq, qayğısına qalmaq istəməyən valideynlər var.
O deyib ki, gecə saat ikidə övladını bölmənin qarşısına qoyan, baxa biımədiyini deyib imtina edən valideynlər var.
“Biz həm fərdi, həm də ümumi qaydada tədbirlər həyata keçiririk ki, uşaqların hüquqları müdafiə olunsun”, – deyə o əlavə edib.
Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən ictimai dinləmə keçirilib.
Görüşdə Agentliyin, eləcə də dövlət və bələdiyyə orqanlarının nümayəndələri qeyri-hökumət təşkilatlarının təmsilçiləri, təhsil işçiləri, tələbələr, mövzu ilə bağlı müraciət edən vətəndaşlar iştirak ediblər.
Əvvəlcə Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri, həssas əhali qruplarından olan şəxslərə göstərilən sosial xidmətlər, bu sahədə operativliyin, əlçatanlığın və şəffaflığın təmin olunması istiqamətində görülən işlər barədə məlumat verilib.
Sosial Xidmətlər Agentliyinin Valideyn himayəsindən məhrum olmuş uşaqlarla iş departamentinin müdiri Cavid Şahmalıyev “Himayədar ailə” qayğı modeli, bu modelin üstünlükləri, müraciət formaları və digər vacib məqamlar barədə iştirakçıları məlumatlandırıb.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında İctimai Şuranın üzvü İradə Rzazadə, Bakı şəhər Baş Polis İdarəsinin polkovniki Kəmalə Əkbərova və digər çıxışçılar mövzu ilə bağlı fikirlərini bildiriblər.
Agentliyin nümayəndələri “Himayədar ailə” institutunun hüquqi əsasları, himayədar valideyn olmaq istəyən şəxslərin qiymətləndirmə prosesi barədə təqdimatlarla çıxış ediblər.
Sonra mövzu ətrafında müzakirələr aparılıb, görüş iştirakçılarını maraqlandıran suallar cavablandırılıb.