Qəzza zolağında İsrailin hücumu nəticəsində World Central Kitchen-in (WCK) yeddi əməkdaşının öldürülməsi faktı ilə bağlı İsrail ordusu iki yüksək rütbəli zabiti işdən çıxarıb, üç zabitə töhmət verilib.
xəbər verir ki, bu barədə insidentlə bağlı araşdırmanın yekununda İsrail Müdafiə Qüvvələrinin (IDF) yaydığı bəyanatda qeyd olunub.
“Briqada atəş komandiri, mayor rütbəsi olan zabit tutduğu vəzifədən azad edilir. Briqada rəisi, ehtiyatda olan polkovnik rütbəli zabit tutduğu vəzifədən azad edilir. Bundan əlavə, briqada komandirinə və 162-ci diviziya komandirinə rəsmi töhmət verilir. İsrail Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Cənub Komandanlığının komandirinə insidentlə bağlı ümumi məsuliyyətinə görə rəsmi şəkildə töhmət verəcək”.
Aparılan araşdırmalar göstərib ki, aviareyd zamanı ciddi səhvlərə yol verilib və ümumi əməliyyat qaydalarının pozulması halları olub. İsrail əsgərləri Qəzzada PUA-lardan istifadə edərkən HAMAS döyüşçülərini daşıyan maşınları hədəfə aldıqlarını güman ediblər, ancaq bunun əvəzində World Central Kitchen yardım təşkilatının konvoyu vurulub: “İstintaq müəyyən edib ki, qüvvələr yardım maşınlarından birində silahlı şəxs müəyyən edib, bunun ardınca əlavə silahlı şəxs də müəyyən edilib. Maşınlar yardımın boşaldıldığı anbarı tərk etdikdən sonra komandirlərdən biri səhvən silahlı şəxslərin onları müşayiət edən maşınların içərisində olduğunu və bunların HAMAS terrorçuları olduğunu güman edib. Qüvvələr sözügedən avtomobillərin WCK ilə əlaqəli olduğunu müəyyən etməyib. Qüvvələr tərəfindən səhv identifikasiya edildikdən sonra, hərbçilər hadisənin səhv təsnifatına əsaslanaraq, üç WCK avtomobilini hədəfə alıb və nəticədə yeddi günahsız humanitar yardım işçisinin ölümünə səbəb olub. Bu zərbələri IDF Standart Əməliyyat Prosedurlarını ciddi şəkildə pozaraq həyata keçirilib”, IDF bildirib.