Rusiya ilə Gürcüstan arasında Cenevrə Beynəlxalq Müzakirələrinin (CBM) 60-cı raundu baş tutub.
-nın Tbilisi müxbiri xəbər verir ki, bu barədə ATƏT-in rəsmi internet saytında məlumat yerləşdirilib.
Bildirilib ki, müzakirələr 12 avqust 2008-ci ildə əldə edilmiş 6 bəndlik razılaşma və 8 sentyabr 2008-ci il tədbirlərinə uyğun olaraq 4-5 aprel tarixlərində baş tutub.
Qeyd olunub ki, son dərəcə mürəkkəb regional və geosiyasi mühitə baxmayaraq, iştirakçılar CBM prosesinə sadiqliklərini bir daha təsdiq ediblər.
Tərəflər sonuncu görüşün keçirildiyi 2023-cü ilin dekabrından sonra təhlükəsizlik vəziyyətini nəzərdən keçiriblər və vəziyyəti nisbi-stabil qiymətləndiriblər.
Həmsədrlər iştirakçıları bu və digər məsələlərlə bağlı konkret nəticə əldə edilməsi üçün innovativ yanaşmalar barədə düşünməyə və konstruktiv iştiraka çağırıblar.
Məlumata görə, CBM-in növbəti raundu 25-26 iyun tarixlərində keçiriləcək. Gürcüstan xarici işlər nazirinin birinci müavini Laşa Darsalia görüşdən sonra yerli KİV-ə açıqlamasında bildirib ki, tərəflər hətta fundamental məsələlərdə belə razılığa gələ bilməyiblər.
O, qaçqınların öz evlərinə qaytarılması məsələsi müzakirəyə çıxarılan kimi Rusiya nümayəndə heyətinin danışıqlar masasını tərk etdiyini deyib.