5 aprel 2023-cü il tarixində Binəqədi rayonu 276 nömrəli tam orta məktəbdə Bakı Şəhər İcra Hakimiyyətinin təşəbbüsü, Binəqədi Rayon İcra Hakimiyyəti və Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının birgə təşkilatçılığı ilə ənənəvi olaraq hər il keçirilən Ulu Öndər, xalqımızın Ümumilli lideri Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuş “Heydər Əliyev və Azərbaycan tarixi” mövzusunda elmi-praktik konfransın rayon mərhələsi keçirildi.
Konfransda Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova, Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov, Binəqədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdiri Nicat Allahverdiyev, Bakı Şəhər İcra Hakimiyyəti başçısı Aparatının İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin əməkdaşı Mirtural Mirsultanov, rayon orta ümumtəhsil müəssisələrinin rəhbərləri və məktəblilər iştirak edirdilər.
Tədbirdən öncə qonaqlar 6 № li Uşaq-Gənclər İnkişaf Mərkəzinin məktəblilərinin əl işlərindən ibarət rəsm sərgisi ilə tanış oldular.
Konfrans Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin və dövlət müstəqilliyimiz, torpaqlarımızın azadlığı uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsindən və Azərbaycan Respublikasının Dövlət Himninin səslənməsindən sonra açıq elan olundu.
Tədbirdə 3 nömrəli tam orta məktəbin şagirdlərindən ibarət xorun ifasında ümummilli lider Heydər Əliyevə həsr olunmuş mahnı səsləndi.
276 nömrəli tam orta məktəbin direktoru Bəhram Şiriyev qonaqları salamlayaraq məktəblilərə uğurlar arzu etdi.
Tədbirdə çıxış edən Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Sevinc Süleymanova bildirdi ki, müsabiqənin keçirilməsində əsas məqsəd böyüməkdə olan gənc nəslin nümayəndələrinə doğma vətənə sevgi, milli həmrəylik və qəhrəmanlıq hisslərin aşılanması, onlarda vətənpərvərlik ruhunun yüksəlməsi, Azərbaycanın tarixi qələbəsinin təbliğ edilməsi, istedadlı şagirdlərin inşa yazı sahəsində öz yaradıcılıqlarını nümayiş etdirmələri üçün şəraitin yaradılmasıdır. Bu günümüzə nəzər saldıqda bir daha əminliklə söyləyə bilirik ki, Heydər Əliyev dühasının xalqımız qarşısındakı xidmətləri, vətənimiz yolunda etdiyi fədakarlıqlar, atdığı addımlar hər bir vətəndaşımızın qəlbində daim yaşayacaqdır. Görkəmli dövlət xadimi Heydər Əliyevin Azərbaycana rəhbərliyi dövründə xalqın min illərlə arzusunda olduğu niyyətlər gerçəyə çevrilib, Azərbaycan əbədi müstəqilliyinə qovuşmuşdur. Bu gün də bu siyasət Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Çıxışının sonunda Sevinc Süleymanova məktəblilər arasında Ulu Öndər irsinin və Azərbaycan tarixinin təbliği və istedadlı gənclərin öz yaradıcılıq qabiliyyətlərini nümayiş etdirmələri üçün edilən təşəbbüsə görə Bakı Şəhər İcra Hakimiyyətinə təşəkkürünü bildirdi və növbəti mərhələdə şagirdlərə müvəffəqiyyətlər arzu etdi
Tədbirdə çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin İctimai-siyasi, humanitar məsələlər və dini qurumlarla iş şöbəsinin müdiri Elmin İmanov tədbir iştirakşılarına ümummilli lider Heydər Əliyevin dövlət quruculuğu və siyasi fəaliyyəti barədə ətraflı məlumat verərək, Dahi Liderin keçdiyi şərəfli və mənalı həyat yolundan, dövlətimizin, xalğımızın bu günü üçün etdiyi fədakarlıqlardan söhbət açdı. Azərbaycan xalqı müdrik dövlət xadimi Heydər Əliyevin əziz xatirəsini hər zaman böyük ehtiramla yad edir, onun əziz xatirəsini daim uca tutur. Elmin İmanov müsabiqənin bundan sonrakı mərhələləri, qiymətləndirmə meyarları və layihə haqqında ətraflı məlumat verdi. Müsabiqənin gənc nəslin vətənpərvər ruhda böyüməsində böyük rolu olmasını vurğulayaraq, məktəblilərə uğurlar arzu etdi və bundan sonra da şagirdlər və gənclər arasında humanitar biliklərin artırılması sahəsində, vətənpərvərlik, doğma yurda sevgi mövzusunda layihələrin keçirilməsinin davamlı olacağını söylədi.
Daha sonra çıxış edən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müdir müavini Hüseyn Əsgərov vurğuladı ki, ulu öndər Heydər Əliyevin adı və şərəfli həyatı öz Vətəninə, xalqına məhəbbətin təkrarsız təcəssümü, millətə və dövlətə xidmətin misilsiz nümunəsi kimi əsrlər boyu yaşayacaq, Azərbaycanın indiki və gələcək nəsilləri üçün əbədi örnək olacaqdır. Dahi şəxsiyyət canından çox sevdiyi xalqına möhkəm dövlətçilik təsisatlarına malik, demokratik və bəşəri dəyərlərə sadiq, dünya birliyində layiqli yer tutan müasir müstəqil Azərbaycan bəxş etdi. XX-XXI əsrlərin qovuşuğunda Azərbaycanın demokratik və bəşəri dəyərlərə sadiq, müstəqil bir dövlət kimi formalaşması Ulu Öndərimizin böyük siyasi fəaliyyətinin nəticəsidir.
Sonda çıxış edən Yeni Azərbaycan Partiyası Binəqədi rayon təşkilatının sədri Vüsar İsmayılov tədbirin gedişatına və şagirdlərə uğurlar arzu edərək bildirdi ki, belə müsabiqələrin keçirilməsi Azərbaycan xalqının Ümummilli Liderinin həyat və fəaliyyətinin öyrənilməsi, Ulu Öndərin irsinin yaşadılması və yeni nəsil arasında təbliği, eyni zamanda, gənclərin elmə, maarifləndirici yarışlara marağının artırılması məqsədi daşıyır. Müstəqil Azərbaycan dövləti hazırkı inkişaf mərhələsinə asan yolla çatmayıb. Ümumiyyətlə, bu, bir həqiqətdir ki, Azərbaycan xalqı və dövlətinin tarixin səhnəsində özünəməxsus yer tutmasını, gerçək müstəqilliyini əldə edərək qoruyub saxlamasını təmin edən dahi şəxsiyyət, əbədiyaşar lider, ulu öndər Heydər Əliyev olmuşdur.
Aparıcı 276 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdi Leyli Allahverdiyeva müsabiqənin şərtləri və iştirakçıları haqqında məlumat verərək bildirdi ki, müsabiqədə təqdim olunan 5 mövzu üzrə rayon ərazisində fəaliyyət göstərən 32 orta ümumtəhsil məktəbindən 182 nəfər şagirdin yazı işi daxil olmuş, birinci mərhələdə iştirakçılardan 20 nəfərin yazı işi qənaətbəxş qəbul edilmiş, 9 nəfər şagirdin yazı işi isə rayon mərhələsinə vəsiqə qazanmışdır .
Daha sonra rayon mərhələsinə vəsiqə qazanan şagirdlər təqdimatları ilə çıxış etdilər. Müsabiqədə fərqlənən iştirakçılar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən Fəxri fərman və hədiyyələrlə mükafatlandırıldılar.
Sonda xatirə fotosu çəkildi.