Ukrayna enerji obyektlərinin mühafizəsini gücləndirib, lakin bu, Rusiyanın bütün hücumlarını dəf etmək üçün həmişə kifayət etmir.
xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski ölkə telemarafonuna müsahibəsində deyib.
“Onlar bizim enerji sistemimizi sona qədər məhv etmək istəyəcəklər. Bu onların arzusudur. İnanıram ki, biz bunun öhdəsindən gələ biləcəyik. Biz bir çox enerji obyektlərini qoruya bilmişik. Həm hava hücumundan müdafiə sistemləri, həm də 1-ci, 2-ci və 3-cü səviyyəli digər müdafiə vasitələri ilə. Amma elə raketlər var ki, onlara qarşı bu müdafiə sistemi işləmir”, – Zelenski vurğulayıb.
O, həmçinin əlavə edib ki, bəzi hədəflərə qarşı yalnız “Patriot” hava hücumundan müdafiə sistemləri və ya onların alternativləri işləyir. Lakin Ukraynada bütün potensial obyektləri qorumaq üçün sözügedən sistemlərin sayı kifayət qədər deyil.
“Hava hücumundan müdafiə sistemlərinin çatışmazlığı səbəbindən burada hansı obyekti, hansı şəhəri qoruyacağımızı seçmək məcburiyyətindəyik. Bu gün Rusiya atəşinin intensivliyi kifayət qədər yüksəkdir. Hazırda bizim hava hücumundan müdafiə raketlərimiz var. Amma sabah nə olacağını da düşünməliyik. Sabah da intensivlik eyni şəkildə davam edə bilər və biz artıq raket çatışmazlığı yaşaya bilərik”, – dövlət başçısı əlavə edib.
Prezidentin sözlərinə görə, Ukrayna hava hücumundan müdafiə sistemləri üçün öz hesabına mərmi almağa başlayıb, çünki atəşin intensivliyini nəzərə alaraq beynəlxalq yardım kifayət etmir.