ADO-nun aktrisası: Mentalitet yaradıcılıq üçün böyük maneədir – VİDEO

Son zamanlar Azərbaycan Dağınıq Oda Teatrında nümayiş etdirilən “MimODA 18+” adlı tamaşa sosial şəbəkələrdə geniş müzakirə olunub.

18 yaşdan yuxarı olanlar üçün nəzərdə tutulan tamaşada rol alan fransız aktrisa Elsa Furtado Oxu.Az-a müsahibə verib:

– Azərbaycana nə vaxt gəlmisiniz və necə oldu ki, burada aktrisalıq edib, yaşamağa qərar verdiniz?

– Azərbaycana dörd ildən çoxdur gəlmişəm. Fransa səfirliyində və Fransa Universitetində işləyirdim, daha sonra Elminlə və ADO ilə tanış oldum. 2015-ci ildən onlarla işləməyə başladım. Bu teatra və kollektivə vuruldum. Buna görə işimi davam etdirdim.

Aktrisalıq təhsilim var. Fransa və Rusiyada aktrisa kimi çıxış etmişəm. Azərbaycanda aktrisa olmaq istəmirəm, sadəcə, burada işləyirəm. Məni cəlb edən ancaq maraqlı layihələrdir. Ona görə də mənim üçün burada aktrisa işləmək çətin deyil. Layihələr təqdim edirlər. Əgər maraqlıdırsa, ona “hə” deyirəm.

– Milli mənəvi dəyərlərimiz və mentalitet məsələsi sizə mane olmur?

– Çox azad insanam, bilirəm ki, nəyi və niyə edirəm. Bu kollektivlə çalışıram. Biz təxribat törətmirik, yaradıcılıqla məşğuluq. Tarix boyu bütün dünyada belə olub və belədir ki, yaradıcılıq, tamaşa kiminsə xoşuna gələ, kiminsə isə xoşuna gəlməyə bilər. Ona görə də etdiklərimi kimlərsə yaxşı qəbul edir. Kim ki, qəbul etmir, qoy etməsin.

– Azərbaycanda bəyəndiyiniz və bəyənmədiyiniz nüanslar hansılardır?

– Bu, çətin sualdır. Çünki fərqli şeylər, mənfi və müsbət nüanslar var. Mentalitet yaradıcılıq üçün çox böyük maneədir. İnsanlar buna görə nəyisə yaratmaqdan və nə isə etməkdən, ətrafdakıların baxışlarından qorxur.

Onlar fikirləşirlər ki, bunu etsəm, haqqımda başqa cür düşünəcəklər. Deyirlər ki, həyatımda standartdan kənara çıxsam, düşünərlər ki, mən pis insanam. Mənim bu insanlara yazığım gəlir.

Buna görə insanlar necə inkişaf edəcəklərini bilmirlər. İnsanlar bunu düşünməməlidir və istədiyini etməlidir. Nə fərqi var? Et də!

ADO-nu çox sevirəm. Çünki biz necə istəyiriksə, elə də edirik. Elmin ayrı insandır. Çox spesifik adamdır. O, öz yolunu tapıb və insanlara deyib ki, bu mənim yolumdur və belə edəcəm. Bu, təxribat deyil – sadə azadlıqdır.

Bunun təxribat olduğunu düşünən insanlar çoxdur. Ancaq bu təxribat deyil, mən istədiyimi edirəm, bu qədər.

Share: