44-dən 444-ə doğru AMEA Mərkəzi Elmi Kitabxanasında (MEK) Azərbaycanın ilk qadın hərbi müxbiri, Əməkdar jurnalist, müharibə veteranı Əntiqə Qonağın xaçmazlı döyüşçülərə həsr olunmuş “44 günlük savaşın 444 cəngavəri” adlı 3 cildliyinin təqdimatı keçirilib.
Təqdimata BAYRAQDAR MEDİA-nın baş redaktoru, siyasi şərhçi, əməkdar jurnalist Azər Həsrət moderatorluq edib. O, giriş nitqində kitab haqqında danışıb, bildirib ki, bu möhtəşəm 3 cildliyin 2 cildi ötən ilin sentyabrinda, 3-sü cildi isə bu ilin fevralında dərc edilib.
Daha sonra ev sahibi qismində MEK-in direktor müavini, filologiya üzrə fəlsəfə doktoru, dosent Şəhla Tahirqızı qonaqları Kitabxananın direktoru, texnika üzrə fəlsəfə doktoru, dosent Hüseyn Hüseynovun adından salamlayaraq Xaçmaz döyüşçülərinə həsr olunmuş kitabların təqdimatının məhz burada keçirilməsini əhəmiyyətli hadisə kimi qeyd edib.
Şəhidlərin xatirəsinə sayğı duruşunun ardından söz iştirakçılara verilib. İlk sözü Milli Məclisin deputatı Vahid Əhmədov söyləyib. O, kitab və onun müəllifi ilə bağlı fikirlərini səsləndirərək Əntiqə Qonağın imzasını çoxdan tanıdığını və yaradıcılığını izlədiyini, müharibə və hərb tariximizlə bağlı qələmə aldığı silsilə məqalələrinin, kitablarının ən yeni tariximizi öyrənmək baxımından gənclərə, yeni nəslə bir örnək və mükəmməl mənbə olduğunu vurgulayib. Sonra millət vəkili özünün də iştirak etdiyi bir sıra proseslər haqqında maraqlı məlumatlar verib.
Vahid Əhmədov hələ 1990-cı illərin əvvəlində bəzi şəxslərin orduda da hərc-mərclik yaratmasına toxunaraq vurğulayıb ki, belə bir durumda da Azərbaycan oğulları mərdliklə vuruşub.
Deputat Ulu Öndər Heydər Əliyevin torpaqların işğaldan azad edilməsi üçün atdığı addımlar, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, birinci vitse-prezident Mehriban Əliyevanın qayğısı sayəsində əldə edilmiş Zəfər və onun qazanılmasında rolu olanlara göstərilən qayğıdan danışıb.
Digər bir deputat Vüqar İskəndərov da çıxışında son illər vətənpərvərlik ruhunu ehtiva edən kitabların nəşr olunmasının sevindirici hal olduğunu qeyd edib. O, bildirib ki, nəsillər dəyişsə də insanlardakı milli ruh eynidir. Millət vəkili bu tip kitabların yazılmasına böyük ehtiyac olduğunu deyib, eyni zamanda bu kitabların xarici dillərə də çevrilməsinin vacibliyini vurğulayıb. O həmçinin Əntiqə Qonaq imzasının yetərincə tanındığını vətənpərvərlik mövzusunda yazdığı əsərlərinin maraqla qarşılandığını söyləyərək müəllifə çətin, məsuliyyətli, şərəfli və qürurverici fəaliyyətində uğurlar arzulayıb.
Tədbirdə Bakı Dövlət Universitetinin baş müəllimi, yazıçı-publisist Sona Çərkəz, 44 günlük savaşın qazisi, Xaçmaz rayon icra hakimiyyətinin baş məsləhətcisi, mayor Tariyel Didarov, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, polkovnik-leytenant Firad Əliyev, Baş Prokurorluğun Mətbuat Xidmətinin əməkdaşı Aynurə Əliyeva, 1-ci Qarabağ savaşının qazisi, Biselle şirkətinin rəhbəri Babək Qoca, ehtiyatda olan polkovnik Şair Ramaldanov, Milli Qəhrəman Elman Hüseynovun oğlu Emin Hüseynli, prokurorluğun veteranlarından polkovniklər Fərman Rzayev, Zahid Vəliyev, Firdovsi Nemətli, Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin direktoru Pakizə Mehdiyeva, uzun illər Tərtər xəstəxanasının baş həkimi işləyən şəhid bacısı Məhəbbət Paşayeva, həkim-ginekoloq Jalə Cavadova, yazıçı-publisist Jalə Cəfərova, hüquqşünas Əzizə Bayramova, şairə Adilə Nəzər, Yeni Təfəkkür qəzetinin baş redaktoru, əməkdar jurnalist Şəmsiyyə Kərimova, jurnalist-ekspert Zülfiyyə Qurbanova, pedaqoq-psixoloq Lalə Məmmədkərimova, QHT rəhbəri Mehriban Abdullayeva, Vətən Müharibəsi Veteranları, Qaziləri və şəhid ailələri birliyinin sədr müavini Bəhrəm Şeydayev, Müharibə Veteranı Qadınlarına Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbas, 170 saylı tam orta məktəbin ibtidai sinif müəllimi Vüsalə Qasımova, Xətai rayon Mərkəzləşdirilmiş kitabxanasının işçisi Ağgül Mərdanova və digərləri çıxış edərək təqdimatı keçirilən kitabların əhəmiyyətindən danışıblar, Əntiqə xanıma belə bir kitablari ərsəyə gətirdiyi üçün təşəkkür ediblər.
Sonda üçcildliyin müəllifi Əntiqə Qonaq kitabın necə ərsəyə gəlməsi, hansı çətinliklərlə qarşılaşması ilə bağlı məlumat verib. O, kitabda haqqında yazdığı generalından tutmuş əsgərinədək Vətən müharibəsi iştirakçılarından ətraflı bəhs edib. Bildirib ki, o qanlı-qadalı döyüşlərdən keçərək Böyük Zəfərə imza atan qəhrəmanlarla görüşüb onlardan məlumat almaq asan başa gəlməyib. Həm də onların döyüş yollarını öyrəndikcə, necə böyük qəhrəmanlıqlar göstərdikləri gördükcə fəxr, qürur hissi kecirib. Bununla bərabər o döyüşçülərlə birgə sanki səngərlərdə olub, yağışın, sazağın altında üşüyüb, onlarla bərabər yaralanıb, acı çəkib, şəhid olmuş silahdaşına ağlayıb, qalibiyyətə sevinib. Onların yaşadıqlarını yaşamadan, hiss etdiklərini duymadan bu cür əsərlər yazmaq mümkün deyil. Müəllif şəxsi vəsaiti hesabına çap etdirdiyi kitabların Xaçmaz rayon Heydər Əliyev Mərkəzindəki təqdimatı zamanı döyüşçülərə hədiyyə edildiyini bildirib.Çıxışının sonunda müəllif 7 kitab dərc etdirsə də, Bakıda ilk dəfə kitab təqdimatının və imza gunünun keçirildiyini deyərək iştirak edən, eləcə də çıxış edən hər kəsə dərin minnətdarlığını bildirib.