Qarabağdakı özünü ləğv etmiş keçmiş separatçı rejimin rəsmi Bakı ilə danışmaq imkanı olsa da dialoqdan imtina edib.
Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu barədə Ermənistan Baş naziri Nikol Paşinyan parlamentdə çıxışında deyib.
“Qarabağ ermənilərinin Avropa platformalarında Azərbaycanla dialoq başlamaq imkanı var idi, ancaq onlara qadağa qoyulduğu üçün bunu etmədilər. Və bunu qadağan edən mən deyildim. Bunu mən edə bilməzdim və etməzdim də”.
Nikol Paşinyan Xankəndinə Bakı ilə dialoq aparmağı konkret kimin qadağan etdiyini deməyib. Paşinyan həmçinin qeyd edib ki, Qarabağdakı separatçılar mövcud vəziyyətə adekvat reaksiya verə bilməyiblər.
“Qarabağda erməni qalmayıb, çünki hamımız sadə bir reallığı, yəni Qarabağdakı erməni əhalinin Azərbaycanın tərkibində öz müqəddəratını təyin etmək hüququna malik olduğunu qəbul etmədik”, – Ermənistan Baş naziri Nikol Paşinyan əlavə edib.
Baş nazir müxalifətin qınaqlarına cavab olaraq bildirib ki, buna görə də iki il əvvəl Qarabağın statusu məsələsində “yüksək tələb”lərin qoyulmamasının vacibliyindən danışırdı.