“Görkəmli oftalmoloq alim Zərifə Əliyevann hayatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir”

“Görkəmli oftalmoloq alim Zərifə Əliyevann hayatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir”

15 aprel- Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın anım günüdür. Qədirbilən Azərbaycan xalqının əziz övladı, yüksək mənəviyyata, güclü genetik istedada, mərhəmətli, kövrək qəlbə, ən saf mənəvi dəyərlərə və milli ruha sahib olması ilə fərqlənmiş görkəmli alim və təbib, əməkdar elm xadimi, AMEA-nın həqiqi üzvü, tibb elmləri doktoru, professor Zərifə xanım Əliyeva məhz xalqımızın yaddaşında heç zaman silinməyəcək şərəfli bir yer tutmuş bu cür şəxsiyyətlərdəndir.

Bu fikirləri saytımıza açıqlamasında Milli Məclisin üzvü Tamam Cəfərova deyib.

Deputat bildirib ki, Azərbaycanda olduğu kimi, onun hüdudlarından kənarda da tanınmış ziyalı nəslin layiqli davamçısı, sədaqətli ömür-gün yoldaşı, qayğıkeş ana, dünya tibb elminə əvəzolunmaz töhfələr vermiş görkəmli oftalmoloq alim və xeyirxah insan kimi şərəfli bir ömür yaşamış Zərifə xanımın hayatının hər bir anı mənəvi kamillik və müdriklik məktəbidir. Geniş dünyagörüşü, fitri istedadı və intellekti ilə seçilmiş bu böyük insan ömrünü zərrə-zərrə ailəsinin, övladlarının və xalqının gələcəyi üçün şam kimi aritmiş, insanlara sevgisi, geniş dünyagörüşü və dərin bilikləri sayəsində böyük uğurlara imza atmışdır. Oftalmologiya elminin korifeyinin zəngin elmi irsi, oftalmologiyanın müxtəlif sahələri üzrə apardığı tədqiqatlar, əldə etdiyi mühüm nailiyyətlər, bunların əsasında yaratdığı fundamental əsərlər Azərbaycan tibb elminin parlaq səhifələridir. Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir. Akademik Z.Əliyeva ömrü boyu böyük ictimai iş aparmış, keçmiş SSRİ-nin Sülhü Müdafiə Komitəsinin üzvü, Azərbaycan Sülhü Müdafiə Komitəsi sədrinin müavini, “Bilik” Cəmiyyəti İdarə Heyətinin üzvü və keçmiş İttifaqın Oftalmoloqları Elmi Cəmiyyəti İdarə Heyətinin üzvü olmuşdur. O, həm də “Oftalmologiya xəbərləri” jurnalının redaksiya heyətinin üzvü idi. Z.Əliyeva bir sıra orden və medallara layiq görülmüş, Azərbaycanın Əməkdar elm xadimi fəxri adını almışdır.

Milli mədəniyyətə sadiq Azərbaycan ziyalısı kimi həyatını Azərbaycan mədəniyyətinin, musiqisinin, elminin inkişafına həsr edən böyük söz və sənət adamları – Üzeyir Hacıbəyov, Müslim Maqomayev, Mirəsədulla Mirqasımov, Bülbül, Səməd Vurğun və başqa görkəmli şəxsiyyətlərlə ailəvi və mənəvi yaxınlıq telləri ilə sıx bağlı olan bir mühitdə boya-başa çatan Zərifə xanım zaman keçdikcə özündə Azərbaycan ziyalısının ən gözəl nümunəsini təcəssüm etdirmişdir. Ulu öndər Heydər Əliyev Zərifə xanım haqqında danışarkən deyib: “Deyirlər, xoşbəxtlik nisbi anlayışdır və dünyada tam xoşbəxt olan insan yoxdur. Amma Tanrı tərəfindən seçilmiş elə şəxslər də var ki, sağlığında insanların rəğbətini, sevgisini  qazanan, bu dünyayla vidalaşandan sonra isə tarixdə özünə əbədi şərəfli ad qoyan xoşbəxt insanlardan olur. Elə o da öz adını tarixin səhifələrində əbədiləşdirən, xatirələrdə hər zaman hörmətlə  anılan, sayğı ilə yada salınan unudulmaz şəxsiyyətlərdən oldu. Çünki böyük Yaradan ona elə böyük ürək bəxş edib, qəlbinə elə parlaq bir nur çiləmişdi ki, onunla rastlaşan, ünsiyyətdə olan hər bir kəs ilk növbədə özündə ümid, təsəlli, inam, sakitlik tapar, könülləri xeyirxahlıq şəfəqinin şölələri ilə işıqlanardı. O, insanları sevərdi, heç vaxt heç kimi incitməz, heç kimi naümid qoymaz, heç kimə kömək etməkdən imtina etməzdi.”

Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. Azərbaycan adlı bir məmləkəti hər cür təqiblərdən qoruyan, bu torpağa qol-qanad verən, onu bütün dünyaya tanıdan bir insanı tək qoyub getdi. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur.

Elmi fəaliyyəti ilə yanaşı, Zərifə xanım eyni zamanda qayğıkeş ana, gözəl, vəfalı ömür-gün yoldaşı olmuşdur. Bu ocaqda iki övlad böyüyüb. Onlar ata- anasına layiq, qəlblərində daim Azərbaycan sevgisi yaşadan, vətənimizin qüruru sayılan övladlardır. Zərifə xanım Əliyevanın adı Azərbaycanda fəxrlə, sonsuz qürur hissi ilə çəkilir. Ölkəmizdə ana adının ucalığı, ömür-gün yoldaşının sədaqəti, həkimliyin müqəddəsliyi onun adı ilə əbədiləşir. Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm ramzi kimi həmişə bizimlə qalacaq, onun parlaq xatirəsi daim anılacaq və qəlblərdə yaşayacaqdır. Cənab Prezident İlham Əliyev Zərifə xanım Əliyeva haqqında xatirələrini bölüşərkən deyib: “Mənim anam əsl alim idi.  O, tibbin bütün incəliklərini öyrənməyə səy göstərirdi. Bununla bərabər mənimlə, Sevillə məşğul olmağa, bizi Azərbaycanın layiqli vətəndaşları kimi tərbiyə etməyə, böyütməyə vaxt tapırdı. O, həmişə mənim qəlbimdədir.” Zərifə xanım Əliyevanın Azərbaycan elminin, təbabətinin inkişafı üçün göstərdiyi misilsiz xidmətlər, ömür-gün yoldaşı Ulu Öndər Heydər Əliyevə sədaqəti, ana adının ucalığının müqəddəsliyi onu Azərbaycan xalqının qəlbində və yaddaşında əbədiləşdirmişdir. Millət vəkili Tamam Cəfərova belə deyib.

Share: