“Ərənlərin nəğməsi. Çeçen şeirindən seçmələr” toplusu “Mücrü” nəşriyyatında çapdan çıxıb. Topluya XX-XXI əsr çeçen şeirinin bütün ədəbi nəsillərini təmsil edən, hər bir müəllifdən bir şeir olmaqla 41 şairin əsəri daxil edilib.
Şeirləri dilimizə tərcüməçisi,eyni zamanda antologiyanın tərcüməçisi və son sözün müəllifi, Azərbaycan Yazıçılar Birliyinin katibi, şair Səlim Babullaoğludur. O bildirib ki, toplu Azərbaycan Yazıçılar Birliyinin nəşridir, Birliyin Çeçenistan Dövlət Pedaqoji Universiteti ilə əməkdaşlığı çərçivəsində hazırlanıb: “Məryəm İsayeva, Məhəmməd-Salah Qadayev, Məhəmməd Mamakayev, Nurdin Muzayev, Bilal Səidov, Arbi Mamakayev, Məhəmməd Sulayev, Əhməd Süleymanov, Zayndi Mütəllibov, Xasməhəmməd Ədilov, Raisa Əhmədova, Şayxi Arsanukayev, Yamlixan Xaspoladov, Musbəy Kibiyev, Səid Qatsayev, Adiz Kusayev, Eduard Mamakayev, Vahid İtayev, Şahid Rəşidov, Məhəmməd Dikayev, Ömər Yariçev, Əlvədi Şeyxiyev, Qafur Əliyev, Elman Yusifov, Tovuz İss, Albert Məhəmmədov, Əbdülhəmid Xatuyev, Leça Abdullayev, Yusif Yarəliyev, Ruslan Yusifov, Xocbaudi Borhacıyev, Süleyman Hacı-Autayev, Bana Qaytukayeva, Ömər Saiyev, Adəm Əhmətukayev, Şərif Suruyev, Sulim Mahəmmədov, Aslambek Tuquzov, Lyuba Arsaliyeva , İnqa Hayauri və Əsəd Xaliqova kimi tanınmış çeçen şairlərinin müxtəlif mövzulu şeirləri topluya daxil edilib. Kitabın redaktoru “Dünya ədəbiyyatı” dərgisinin baş redaktoru, ədəbiyyatşünas və tərcüməçi Seyfəddin Hüseynli, naşiri Müşfiq Xan, dizayneri Cavid Kişiyev, məsləhətçilər tanınmış çeçen alimləri Tamara Avtayeva və Raisa Buralova, korrektoru Gülzar Vaqifqızıdır. Mətnlərin nəşrinə icazə və müəlliflik hüququ ilə bağlı məsələlər Çeçenistan Yazıçılar İttifaqı tərəfindən həll edilib. Biz kitabın hazırlanmasında istedadlı çeçen rəssamları Ruslan Yakixanovun, Məhəmməd Zakriyevin işlərindən istifadə etmişik. Mən bu əməkdaşlığa görə, universitetin rektoru cənab İsmayıl Bayxanova və İttifaqın sədri cənab Aləməhəd Yelsayevə, rəssamlara, bütün yaradıcı heyətə, eləcə də kitabın redaktoruna, məsləhətçilərə, naşirə, zəhməti keçən hər bir şəxsə təşəkkür edirəm. Və əlbəttə ki, kitabın nəşrindəki dəstəyinə görə iş adamı Süleyman Muradlıya xüsusi minnətdarlığımı çatdırıram, çox sağ olsun.
Poeziyadan danışarkən şeirin xalqın mənəvi tarixi olduğunu deyirlər. Onda bu toplu Azərbaycan oxucusuna çeçen poeziyası və çeçen xalqının mənəvi tarixi ilə tanış olmaq üçün bu həcmdə ilk fürsət olacaq…”
Müstəqil.az