BİR MİSRANIN QÜDRƏTİ
Bu yaxınlarda Günay Ümidin bir şeiri qarşıma çıxdı. Şeirin adı ” Bəxtəvərin ölümü ” idi. Şeirin elə bir misrası bütöv bir şeir idi. “Kəhrəba gözlərimin mirvari gözyaşları” bu fikir mənə çox təsir etdi və bu fikrin əhatəsində uzun təhlil aparmaq olar…Məsələn, gözümün kökü sarıdır. Kəhrəbanın rəngi də ya narıncı olur ya da sarı. Narıncı rəngin saralmağı ümumiyyətlə əzab, əziyyəti simvolizə edən bir rəngdir. Şair burda demək istəyir ki, çəkdiyim dərddən, qəmdən, həyatın sıxıntılarından gözümün kökü saraldı. Hər bir insanın pis günündə yaxşı günlər üçün ümid etdiyi bir gözləntisi olur, həmin o gözləntilər zaman-zaman gözlərimizin saralmasına səbəb olur. Burda şairin ifadə etdiyi “Kəhrəba” ifadəsi, kəhrəbanın hansı əziyyətlərnən hazır olması, hansı prosseslərdən keçməsini bilən bir adam üçün şeirdəki əlaqələndirmə dəhşətlidir. Buna belə bir izah gətirək, kəhrəba şam ağaclarında yaranır. Ətraf mühitdən zərbə, zədə alanda şam ağacı özünü qorumaq üçün şirə ifraz edir. O şirələr zaman-zaman ağacın üzərində qurumağa başlayır və ağacın başından süzülərək torpağa qatılır. Torpaqdan müəyyən süxurlar vasitəsi ilə hansısa çayın içərisindən özünü biruzə verib üzə çıxır. Ona görə kəhrəba daşı qiymətlidir. Şair isə burda təpədən dırnağa çəkdiyi əziyyəti “kəhrəba gözlərim” ifadəsində əks etdirib.
“Mirvari gözyaşlarım” ifadəsi isə bu fikri həm estetik, həm də poetik tərəfdən tamamlamaqla yanaşı həm də maddi varlıqla insan kədərini ifadə edir. Məsələyə daha real da yanaşmaq olar. Məsələn, insanın gözündə katarakt deyilən bir xəstəlik var, el içində ona “mirvari suyu”, “qara su” da deyirlər. Şairin dediyi fikirlə kəhrəbanın hansı əziyyətlərdən keçib göz yaşında mirvariyə dönməsi arasında çox incə və ehtiyyatlı yaradıcı yanaşma var. Həm də mirvari çox dərinlərdə oldugu üçün ona hər adamın əli çatmır. Beləliklə şair öz hislərini mirvarının poetikasında daşlaşmış göz yaşı kimi ifadə edir. Digər tərəfdən və daha səthi yanaşsaq bir insanın gözlərinin rəngi, bədii təsvir kimi də, bu misrada öz möhtəşəmliyini qoruyub saxlayır. Təkcə bu misra barəsində daha çox və daha geniş danışmaq olar. Əminliklə deyirəm ki təkcə bu misra özü özlüyündə bütöv bir şeirdir. Mən, bizim dəyərli şairimiz, Yazıçılar Birliyinin fəxri üzvlərindən olan Günay Ümidə xüsusi təşəkkür edirəm ki, bizim poeziyamıza belə bir fikir, misra hədiyyə edib. Ümumiyyətlə şeir sənəti insanlığ sənətidir. İnsanlığı tərənnüm edən sənətdir. İnsanların hislərini, duyğularını, problemlərini müəyyən poetik çalarlarla cümlə halına gətirib ortalığa çıxarmaqdır. Və sözü gedən misranın arxasında yatan acını, ağrını, insanlara poetikayla çatdırmaq ustalıq tələb edir. Belə şairləri ayaq üstə alqışlamaq lazımdır. Şairin missiyası cəmiyyətdə yalnış alqılanmış , kobud səslənmiş ifadələri düşüncələri insanlara daha səlist və gözəl şəkildə çatdırmaqdır. Bunu da hər şair bacarmır. Odur ki Günay Ümid kimi şairlərin qədrini bilmək lazımdır.
Sözümün sonunda sözü gedən şeri bütövlükdə sizlərə təqdim edirəm və inanıram ki sizlər də o şerdə hələ neçə-neçə təhlilini, yozumunu gözləyən fikirlərdən zövq alacaqsınız:
BƏXTƏVƏRİN ÖLÜMÜ
Soruşsalar deyərsən…
Deyərsən ki yaxşıydı…
Yatdı səhər durmadı
Elə rahat öldü ki,
Heç kimi də yormadı…
Amma deyim biləsən
Kəhraba gözlərimin
Mirvari göz yaşları
Muncuq kimi düzüldü
Taleyin boğazına…
Soruşsalar deməzsən
Ömrü qış bağışladı
Baharına, yazına…
Soruşsalar deyərsən
Dərdi tək adamlıqdı
Deməsinlər nəbadə
Bəxt üzünə gülmədi
Dünya boyda ürəyin
Dünya çəkə bilmədi.
Sən ki bunu bilirdin
Mən ki yaxşı adamdım
Gecədən keçib bəlkə
O dünyada oyandım.
Yüküm ağır olacaq
Çəkməliyəm bu ahı
Günahın əl izləri
Qəlbdə görünür axı…
Ölüm də səndən İraq
Gözümdə çənə gələr.
Başımdakı quşlar da
Saçımda dənə gələr…
Bəlkə məndən danışdı
Onda bütün xəbərlər
Ən gözəl şəkilimdən
Asılsın boş nəzərlər.
Bəxtəvərdi desinlər
Şıltaq gülüşlərimə
Hamı həsəd aparsın
Səssiz gedişlərimə
Bircə anam qəzəblə
Dünya mənə dar desin
Sənin torpaq altında
Nə ölümün var desin…
Soruşsalar deyərsən….
Deyərsən ki yaxşıydı…8
Yatdı səhər durmadı
Elə rahat öldü ki,
Heç kimi də yormadı…
14.04.2024